Məhkəmə qərarları › İş №3(010)-1689/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1689/2020

23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1689/2020 23.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxx 2018-ci ildə verilmiş xx xxx 2018-ci il tarixli 2(010)-2761/2018 nömrəli icra sənədinə əsasən, borclu Şəxs tələbkar X1 xeyrinə 4.100 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq bu barədə tərəflərə məlumat verilmişdir. Borclu xx.xx.2018-ci il tarixdə şöbəyə dəvət olunmuş, izahatı alınaraq qərar və tələbin könüllü icrası haqqında bildirişin surətləri ona şəxsən təqdim edilmişdir. İcra sənədinin icrası borclu tərəfindən tam olaraq təmin edilmədiyindən borclunun əmlak vəziyyətinin yoxlanılmış, lakin borclu Şəxs adına tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu xx.xx.2018-ci il tarixdə yenidən şöbəyə dəvət olunmuş və izahatı alınmışdır. Borcluya izahatında tələbi təmin etməsi üçün qanuna müvafiq qaydada vaxt verilmiş və bundan sonra borclu tərəfindən xx.xx.2018-ci il tarixdə tələbkarın xeyrinə 700 manat ödəniş edilmişdir. İlkin ödənişdən sonra borclu Şəxs icra məmurunun qanuni tələblərini və icra sənədinin icrasından yayındığından onun qeydiyyatda olduğu ünvana tələbkarın iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı qonşuların və bir məhəllədə yaşayan qohumlarının borclunun uzun müddətdir ki, evə gəlmədiklərini ümumiyyətlə əlaqələrinin kəsildiklərini bildirdilər. Bununla əlaqədar müvafiq akt tərtib edilərək icra işi materiallarına əlavə edilmişdir. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından xx.xx.2018-ci il tarixdə onun axtarılması haqqında qərar qəbul edilərək, icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə göndərilmiş və idarə tərəfindən xx.xx.2018-ci il tarixdə borclu barəsində axtarış işi açılmışdır. Borclu icra sənədinin icrasını tam olaraq təmin etmədiyindən və icra sənədinin icrasından yayındığından onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair xx xxxxxx 2018-ci il tarixdə təqdimatla Suraxanı Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin xx.xx.2018-ci il tarixli 8(010)-1988/2018 nömrəli qərardadı ilə borclunun ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2018-ci il tarixdə borclunun şöbəyə gətirilməsi təmin edilmiş və növbəti izahatı alınmışdır. İzahatında borclu Şəxs heç bir yerdə işləmədiyini əsas gətirərək borcunu ödəyə bilmədiyini və hansı müddətə icra sənədinin icrasını təmin edəcəyini söz verə bilmədiyini bildirmişdir. İcra sənədi üzrə tələb borclu tərəfindən təmin edilmədiyindən onun barəsində xx.xx.2018-ci il tarixdə inzibati protokol tərtib edilərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə verilmişdir. İnzibati protokola məhkəmə baxış zamanı məhkəmə tərəfindən borcluya icra sənədinin icrasını tam olaraq təmin etməsi üçün xx.xx.2019-cu il tarixə qədər vaxt verilmiş, lakin borclu bu müddət ərzində cəmi 200 (iki yüz) manat ödəniş etdiyindən məhkəmənin 3(010)-42/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə borcluya 10 (on) gün müddətinə inzibati qaydada həbs tətbiq edilmişdir. İnzibati qaydada həbs olunduqdan sonra borclu tərəfindən tələbkarın xeyrinə xx.xx.2019-cu il tarixdən 23.11,2020-ci il tarixə qədər cəmi 1440 (min dörd yüz qırx) manat ödəniş edilmişdir. Borclu icra sənədinin icrasından və şöbəyə gəlməkdən yayındığından xx.xx.2020-ci il tarixdə onun barəsində təkrarən axtarış qərarı qəbul edilmiş və icra olunması üçün Suraxanı RPİ-nə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə borclunun şöbəyə gətirilməsi təmin edilmiş və izahatı alınmışdır. Borclu izahatında hər ay tələbkarın xeyrinə 100-150 manat ödəniş edəcəyini bildirsə də, o xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər sonuncusu oktyabr ayında 50 manat olmaqla ümumilikdə 200 manat ödəniş edilmişdir. Bu hal tələbkarın haqlı narazılığına səbəb olmuş və nəticədə tələbkar X2 bir neçə dəfə Ədliyyə Nazirliyinə şikayət ərizələri ilə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq 23.11,2020-ci il tarixdə borclunun şöbəyə gətirilməsi təmin edilmiş və izahatı alınmışdır. Borclu izahatında maddi imkanının pis olduğunu əsas gətirərək icra sənədinin icrasını tam olaraq təmin edə bilmədiyini bildirmişdir. İcraat dövründə borclu tərəfindən xx.xx.2019-cu il tarixdə inzibati qaydada həbs olunana qədər 900 (doqquz yüz) manat, inzibati qaydada həbs olunduqdan sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər sonuncusu oktyabr ayında 50 manat olmaqla 1.440 manat, ümumilikdə isə 2.340 manat pul vəsaitinin tələbkarın xeyrinə ödənilməsi təmin edilsə də, xx.xx.2020-ci il tarixə 1.790 manat borc qalmaqdadır. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq borc məbləğini tam ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul miqdarını üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasənŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixindən saat 16.30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar