Məhkəmə qərarları › İş №3(010)-1719/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1719/2021

27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1719/2021 27.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nin vəzifəli şəxsinin 13 dekabr 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nin vəzifəli şəxsi tərəfindən 13 dekabr 2021-ci ildə qəbul olunmuş EPQ seriyalı ******* nömrəli qərarla X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan şikayət verib. X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, o, 13 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. O, xəstədir, ayaqlarında problemlər olduğu üçün yeriyə bilmir. Bu səbəbdən də, 13 dekabr 2021-ci il tarixdə yaşadığı evdən çıxaraq aptekə getmək üçün avtobusa minmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq maska taxmadığı üçün onun barəsində protokol tərtib etdilər.Onun maddi vəziyəti çox aşağıdır. Özü heç yerdə işləmir və ağır xəstəlikdən əziyyət çəkir. Göstərilənlərə əsasən barəsində olan qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən X1 şikayət ərizəsinə baxılması 27.12.2021-ci il tarixə saat 45 10 -ə təyin edilməsi barədə Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nə rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iclasda iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş və iş üzrə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə şikayət ərizəsinə Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nin vəzifəli şəxsinin 13 dekabr 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, X2 13.12.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən də, onun barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X2 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilməsinə dair Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nin vəzifəli şəxsinin 13 dekabr 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayət verən şəxs X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nin vəzifəli şəxsinin 13 dekabr 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nin vəzifəli şəxsinin 13 dekabr 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar