Məhkəmə qərarları › İş №3(010)-1726/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1726/2020

25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1726/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlunun, X1nın iştirakı ilə xx xxxx 1981-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlunun xx xxxxxx 2020-cu ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Səbail Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2019-cu ildə verilmiş 2(009)-1555/2019 nömrəli icra vərəqəsinə əsasən xx xxxx 2008-ci il təvəllüdlü X6 və xx xxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün borclu Şəxs xx xxxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər bir uşağa 160 manat, cəmi 320 manat olmaqla sabit pul məbləğində aliment tutularaq X1na verilməlidir. İnzibati xəta haqqında protokoldan və icra işindən görünür ki, icra sənədi xx xxxxxxxx 2019-cu ildə Suraxanı rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanılaraq borclu Şəxs qərar və bildiriş göndərilmişdir. Borclu Şəxs aliment borcu yarandığından onun əmlak vəziyyəti və gəlirinin yoxlanılması üçün aidiyyəti orqanlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönələ biləcəyi əmlakı və gəliri müəyyən etmək mümkün olmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, aliment borcunu tam ödəməmiş, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs barəsində xx xxxxxx 2019-cu ildə axtarış qərarı qəbul olunaraq icra olunması üçün polis orqanına göndərilmiş, xx xxxxxx 2020-ci ildə o, saxlanılmışdır. Borclu şöbədə verdiyi izahatında alimenti ödəmədiyini, 2.880 manat borcu yarandığını göstərmişdir. xx xxxxxx 2020-ci ildə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə verilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. Lakin o, yenə də alimenti ödəməmiş, yeri məlum olmadığına görə barəsində xx xxxxxx 2020-ci ildə axtarış qərarı qəbul olunaraq icra olunması üçün polis orqanına göndərilmiş, xx xxxxxx 2020-ci ildə o, polis əməkdaşları tərəfindən şöbəyə gəlmişdir. Hazırda borclunun aliment borcu 6.080 manat təşkil edir. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlu işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəməməsini maddi imkansızlığı ilə izah edir. X1 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, Şəxs taksi fəaliyyəti ilə məşğul olur və aliment borcunu ödəmək üçün kifayət qədər maddi imkana malikdir. Onun borcu ödəməməsi isə maddi imkansızlığı ilə deyil, ona qarşı qərəzli münasibəti ilə bağlıdır. Tələbkar həmçinin bildirir ki, Şəxs aliment ödəməməklə yanaşı onun «BirKart» bank kartını «oğurlamış» və oradakı pul məbləğini çıxarıb şəxsi ehtiyaclarına xərcləmişdir. Beləliklə, o (tələbkar), aliment almamaqla yanaşı, faktik olaraq borclu tərəfindən kartdan çıxarılaraq xərclənmiş pul məbləğini də banka ödəmək məcburiyyətində qalıb. Şəxs başqa bir bank borcu da var ki, o (tələbkar), həmin borcu da məcburiyyət qarşısında qalıb ödəyir. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, tələbkarı və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən onu da nəzərə alır ki, Şəxs cari ilin yanvar ayında təqsirli bilinib inzibati məsuliyyətə cəlb edildiyinə baxmayaraq, yenə də tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. Qeyd olunur ki, Muradov X7 Rayon Məhkəməsinin 3(010)-143/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən eyni icra işi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. Hesab edirəm ki, bu hal Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il saat 17.50-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar