Məhkəmə qərarları › İş №3(010)-1728/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1728/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1728/2021 17.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4, tələbkar Heydərli (Həşimova) Fəridə Elşad qızının iştirakı ilə xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4 tərtib etdiyi 17 dekabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən 28 iyul 2020-cı ildə verilmiş 22 iyul 2020-cı tarixli 2(010)-2022/2020 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 19 avqust 2016-cı il təvəllüdlü X1 və 06 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 05 mart 2020-ci il tarixdən hesablanaraq hər ay hər bir uşaq üçün 100 manat, ümumilikdə 200 manat məbləğində olmaqla aliment tutularaq tələbkar X3 ödənilməlidir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi 04 avqust 2020-cı ildə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanmışdır. 07.08.2020-cı il, 10.09.2021-ci il və 17.12.2021-ci il tarixlərdə borclu Şəxs icra şöbəsinə gəlmiş, icra şöbəsinə verdiyi izahatında alimenti ödəməməyinin səbəbinin işsizliyi ilə bağlı olduğunu qeyd etmişdir. Bu günə icra sənədi üzrə borclu Şəxs 4.200 manat ödənilməmiş aliment borcu yaranmışdır. Borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirin olub-olmamasını müəyyən etmək üçün “elektron icra sistemi” vasitəsi ilə sorğu edilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Bununla da, Şəxs alimenti ödəməməklə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. İcra məmuru məhkəmə iclasında bildirmişdir ki, məhkəmə iclasında fasilə zamanı borclu tələbkarın xeyrinə aliment borcundan 2.100 manat ödəniş etmiş, qalan borcunu 2022-ci ilin yanvar ayının sonuna qədər bağlayacağına dair tələbkarla razılıq əldə etmişdir. Tələbkar Heydərli (Həşimova) Fəridə Elşad qızı işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, borclu ilə razılığa gəlib. Belə ki, borclu hazırda borcundan 2.100 manat ödəyib qalan 2.100 manat məbləğində borcun isə 2022-ci ilin yanvar ayının sonunadək ödənilməsinə dair razılığa gəliblər. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı borcunu bir dəfəyə tam ödəyə bilməməsinin səbəbini maddi imkansızlığı ilə izah etmişdir. Maddi imkansızılığının səbəbi isə işsizliyi və düçar olduğu onkoloji xəstəliklə bağlı xeyli xərclərinin çıxması ilə bağlı olub. İcra sənədinin icrasından yayınmır. Tələbkara borcundan 2.100 manat ödəniş etmiş, qalan borcunu 2022-ci ilin yanvar ayının sonuna qədər ödəyəcəyinə dair tələbkarla razılıq əldə etmişdir. Qeyd edir ki, hazırda işə düzəlib və göstərilən borcu razılaşdıqları müddətdə ödəyə biləcəyinə ümid edir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə məhkəmədə baxılması zamanı tələbkarın xeyrinə 2.100 manat məbləğində ödəniş etmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi baş verməyib. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən «inzibati xəta hadisəsi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar