Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1731/2020 26.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X1 katibliyiilə xx xxxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs «Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, xx.xx.2020-ci il tarix saat 09.00 r. polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən əl-qol ataraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır». İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş hərəkətlərlə Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək işin məhkəmə baxışı zamanı bildirmişdir ki, cari ilin oktyabr ayının axırlarında Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət olunmuşdur. Orada sorğusual edilmiş, o cümlədən ondan 2020-ci ilin oktyabr ayının 10-da yaşadığı evdən təxminən 1 – 2 km aralıda yerləşən ərazidə baş vermiş qətl hadisəsi barədə soruşmuşlar. Cavabında bildirmişdir ki, həmin hadisədən ümumiyyətlə xəbəri yoxdur, mərhumu isə heç vaxt tanımayıb. Beləliklə, xeyli sorğu-sualdan sonra evə buraxılmışdır. Bu gün – xx xxxxxx 2020-ci ildə yaşadığı evin qarşısında olduğu vaxt ona yenə də polis əməkdaşları yaxınlaşmış və 30-cu polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis əməkdaşlarına heç bir etiraz etmədən və müqavimət göstərmədən onlarla birlikdə polis şöbəsinə gedib. O, yenə də qətl hadisəsi ilə bağlı sorğu-sual edilmiş, sonra isə barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bildirir ki, müvafiq qətl hadisəsi ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Polis əməkdaşlarına da heç vaxt müqavimət göstərməyib. 2011 və 2012-ci illərdə məhkum olunduğuna baxmayaraq (7 – 8 ildir ki, cəzasını çəkib azadlığa buraxılıbdır), hazırda arvadı və iki nəfər azyaşlı uşağı ilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşayır, fəhləlik etməklə ailəsinin maddi tələbatını ödəyir. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmasın. İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə məhz ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutur. Yəni hər bir halda təqsirkarın qanunazidd hərəkətləri ictimai qaydanın pozulmasına, müvafiq vəzifəli şəxsin hərəkətləri isə bu pozuntunun qarşısının alınmasına yönəlməlidir. Əks təqdirdə İXM-nin 535.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud ola bilməz. İctimai qayda dedikdə isə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İş materiallarına əlavə olunmuş raportun məzmunundan görünür ki, həqiqətən də Şəxs polis şöbəsinə X2 adlı şəxsin qətlə yetirilməsi ilə əlaqədar cinayətin açılması məqsədilə dəvət olunub. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs konkret cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri çərçivəsində saxlanılmışdır. Başqa sözlə desək polis əməkdaşları Şəxs saxlayarkən ictimai qaydanı mühafizə etmək vəzifələrini icra etməmişlər. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: ŞəxsAzərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1731/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1731/2020
26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver