Məhkəmə qərarları › İş №3(010)-1734/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1734/2020

11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1734/2020 11.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın nümayəndəsi X1 iştirakı ilə Şəxs MTK-nın Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, “Şəxs" MTK «Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli «D» yaşayış sahəsi, 13 saylı binanın qərb hissəsi ünvanında xx xxxxxxx 2020-ci il tarixdə saat 14:02-də X5 və digər bir nəfəri əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirməsinə cəlb edib”. İşə məhkəmə iclasında baxılması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MTK-nın nümayəndəsi X2 inzibati xəta haqqında protokolda göstərilənlərlə razı olmadığını bildirmişdir. Şəxs MTK ilə X5 arasında xx xxxxxxx 2020-ci ildə səhər saatlarında əmək müqaviləsi bağlanmış və sonuncu «tikinti fəhləsi» vəzifəsinə qəbul edildikdən sonra əmək funksiyalarının yerinə yetirilməsinə, yəni işə başlamışdır. Müqavilə məlumatları müqavilə bağlandıqdan dərhal sonra müvafiq elektron sistemə işlənmiş, lakin müharibə dövrü ilə əlaqədar olaraq internet bağlantısı zəif olduğuna görə müqavilənin sistemdə qeydə alınması ləngimişdir. İnzibati xəta haqqında protokolda göstərilən digər şəxs isə başqa bir şirkətin işçisidir və nahar fasiləsi zamanı yoldaşlarının yanına gəlmişdir. Nümayəndə göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Verilmiş suallara cavab olaraq nümayəndə həmçinin bildirmişdir ki, xx xxxxxxx 2020-ci il saat 14.02 üçün, yəni müvafiq monitorinq anında X3 aid əmək müqaviləsi bildirişinin qeydiyyata alındığına dair Şəxs MTK-ya elektron qaydada məlumat hələ daxil olmamışdır. Bu məlumat MTK-ya elektron qaydada sonradan daxil olub. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə MTK-nın nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi məsələlərini tənzimləyən 49-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə «Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir». Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəasından göründüyü kimi, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirilir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi isə «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə» məsuliyyət nəzərdə tutur. Beləliklə, əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işçinin (hətta əmək müqaviləsi kağız daşıyıcıda artıq bağlanıbsa da belə) işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. İşin faktik hallarından görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş səyyar monitorinq zamanı Şəxs MTK-nın xx xxxxxxx 2020-ci il saat 14.02 üçün əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş X4 işlərin yerinə yetirilməsinə cəlb etdiyi müəyyən olunmuşdur. X3 aid əmək müqaviləsi bildirişinin qeydiyyata alındığına dair elektron məlumatın Şəxs MTK-ya xx xxxxxxx 2020-ci il saat 14.02 üçün daxil olmadığını MTK-nın nümayəndəsi də işin məhkəmə baxışı zamanı etiraf etmişdir. Göstərilənlərə əsasən "Şəxs" MTK Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır”. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "Şəxs" MTK Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar