Məhkəmə qərarları › İş №3(010)-1762/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1762/2021

24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1762/2021 24.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X3 iştirakı ilə, Şəxs, xx xxxx 1965-ci il tarixdə Ermənistan Respublikasının Razdan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, natamam orta təhsilli, Azərbaycan Tibb Universitetində aşpaz köməkçisi işləyən, evli, himayəsində bir azyaşlı uşağı olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, 7 nömrəli evdə qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Hacınski küçəsi, 100 nömrəli evin 1 nömrəli mənzilində yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 21 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Hacınski küçəsi, 100 nömrəli evin ümumi dəhlizində aralarında yaranmış mübahisə zamanı qonşusu X4 döyərək, qəsdən ona sol bazunun, sol budun və sol baldırın qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, o, yaşadığı binada qonşularla yaxşı münasibəti olmuşdur. Lakin, həmin binanın 4-cü mərtəbəsində yaşayan Sevinc Aslanova mütəmadi olaraq onunla münaqişə yaratmış və mənzilinə su axıtmışdır. Belə ki, o, 21 noyabr 2021-ci il tarixdə Sevinc Aslanovanın mənzilinin qapısını döyrək, sonuncuya bildirmişdir ki, mənzildən onun yaşadığı mənzilə su axır. Həmin vaxt Sevinc onunla kobud formada rəftar edib, yaxasından tutmuş və onun övladının ünvanına nalayiq ifadələr işlətmişdir. Mübahisə zamanı Sevinc onu vuraraq xəsarət yetirmiş və qarşılığı olaraq, o da özünü müdafiə etmə məqsədilə Sevinc Aslanovanı itələmişdir. Həmin vaxt Sevinc Aslanova yerə yıxılmış, o, isə divara dəymişdir. Lakin o, 21 noyabr 2021-ci il tarixdə X4 döyməmiş, ona hər hansı bir xəsarət yetirməmişdir. Sonda Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X5 bildirdi ki, onun yaşadığı binanın 1-ci mərtəbəsində yaşayan qonşusu Nəzifə mütəmadi olaraq onunla münaqişə yaradır. Belə ki, 21 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində yaşadığı mənzildə olan zaman, qonşusu Nəzifə qapını döyüb, mənzilinə su axıtdığını deyərək, yaxasından tutmuşdur. O, Nəzifəyə suyun hansı formada zərərvurmasını göstərməsini dedikdə, Nəzifə etiraz etmişdir. Bu zaman aralarında sözlə mübahisə yaranmış və Nəzifə onun saçından tutaraq vurmuşdur. Onların səsinə Nəzifənin övladı Mələk gəlmişdir. Nəzifənin hərəkətlərinin davamı olaraq Mələk təpiklə sol bud nahiyəsindən vuraraq xəsarət yetirmiş və həmin vaxt Nəzifə əli ilə onun saçından tutub, başını dəhlizdə olan boruya vurmuşdur. Özünü pis hiss etdiyi üçün Nazifəyə onu buraxmasını demişdir. Nəzifə onu buraxdıqdan sonra hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Sonda S.S.Aslanova, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən sonuncunun barəsində qanunla müəyyən edilmiş hədd daxilində sərt inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X6 bildirdi ki, X5 əvvəlcə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə, sonradan isə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək 21 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində yaşadığı evin ümumi dəhlizində qonşusu Şəxs tərəfindən döyüldüyü və sonuncunun ona xəsarət yetirdiyi barədə məlumat vermişdir. X2 izahatı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması ona həvalə edilmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 dekabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, X1 Nazirliyi “Məhkəmətibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” X9 Suraxanı rayon şöbəsinin eyni tarixli, 1258 saylı ekspert rəyinə əsasən X2 bədən səthində sol bazunun, sol budun və sol baldırın qançırları kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişlər, 21 noyabr 2021-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 dekabr 2021-ci il tarixli qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti icra olunması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə həvalə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar