Məhkəmə qərarları › İş №3(010)-1773/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1773/2021

29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1773/2021 29.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 və icra sənədi üzrə tələbkar X2 iştirakları ilə, Şəxs, xx xxxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, boşanmış, üç yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, 5B nömrəli evin 59 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 29 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən Şəxs Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(103)- 8151/2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə yaranmış 2.740 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021ci il tarixli, 2(103)-8151/2021 nömrəli qətnaməsinə əsasən ondan 05 yanvar 2011-ci il təvəllüdlü X4, 22 yanvar 2014-cü il təvəllüdlü X5 və 26 dekabr 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. Uşaqları əvvəllər görürdü, lakin indi isə görmür. O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Sadəcə olaraq heç yerdə işləmir, fərdi əmək müqabilində alimenti ödəmək üçün müəyyən qədər gəliri olur ki, bu gəlirin 70 faizindən çoxunu alimenti ödəmək üçün xərcləyir. Boşanma qərarı çıxanadək ailəsinə baxmış, hər bir ehtiyaclarını qarşılamış, lakin çəkdiyi xərclərin hesabatını aparmamış, verilən pulları isə əl-bə-əl vermişdir deyə heç bir sübutu yoxdur. Habelə boşanmamışdan evini belə uşaqlarına verib çıxmışam, bu səbəbdən də qalmağa daimi yeri də yoxdur. Bununla belə o, aliment ödəməkdən boyun qaçırmamış, hər həftə ən azı 120 manat pul ödəyir ki, bu da ayda 480 manat, üç ayın pulunu da bu hesabla o, 02 ay ərzində ödəmişdir. Son iki ay üçün o, cəmi 850 manat pul ödəmişdir ki, bu da hər ay ödənilməli olan məbləğdən artıq məbləğ edir. Bundan sonra da mütəmadi olaraq ödənişlər edəcək və yaranmış aliment borcunu ödəyəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X9 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərarlar bildirişlərlə birlikdə borcluya göndərilmişdir. Eyni zamanda borclu icra sənədlərini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Tələbkar isə öz növbəsində müraciət edərək müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Borclu icra sənədi üzrə mütəmadi ödənişlər etsə də, bu icra sənədinin icrası üçün yetərli olmamış və nəticədə onun icra sənədi üzrə 2.740 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X8 göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(103)-8151/2021 nömrəli qətnaməsinə əsasən Şəxs 05 yanvar 2011-ci il təvəllüdlü X4, 22 yanvar 2014-cü il təvəllüdlü X5 və 26 dekabr 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə tutulmuşdur. Lakin borclu müxtəlif bəhanələr, o cümlədən maddi vəziyyətinin ağır olmasını əsas gətirərək icra sənədi üzrə öhdəliyini icra etmir. Halbuki, qanunvericiliyin tələbinə əsasən borclunun maddi vəziyyətinin ağır olması onu icra sənədini icra etməkdən azad etmir. Buna görə də tələbkar, ərizə ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə müraciət edərək, icra sənədinin icrasını həyata keçirən icra məmurundan müvafiq tədbirlər görməsini xahiş etmişdir. X1, borclu Şəxs şikayətçi olduğunu bildirdi və onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(103)-8151/2021 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 05 yanvar 2011-ci il təvəllüdlü X4, 22 yanvar 2014-cü il təvəllüdlü X5 və 26 dekabr 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 26 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(103)- 8151/2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış və borclu Şəxs icranı könüllü olaraq dərhal təmin etməsi təklif edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 26 oktyabr 2021-ci il tarixli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(103)-8151/2021 nömrəli icra sənədində göstərilən tələbin icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs 2021-ci ilin oktyabr-dekabr ayları üzrə Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(103)-8151/2021 nömrəli icra sənədinə əsasən X3 ümumilikdə 850 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(103)-8151/2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbkar X3 2021-ci ilin oktyabr-dekabr ayları üzrə ümumilikdə 850 manat ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(103)- 8151/2021 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar