Məhkəmə qərarları › İş №3(010)-1793/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1793/2023

25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1793/2023 25.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxx 1984-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Broyler fabriki, A/Yataqxana ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 31 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Şəxs idarə etdiyi «Hyundai Sonata» markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobillə X5 idarə etdiyi «Kia Optima» markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşumuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində «Hyundai Sonata» markalı avtomobilin sərnişini X2 qaşüstü nahiyənin səthi əzilmiş yarası, bud əzələlərinin gərilməsi ilə müşayiət olunan hər iki budun şişkinlik halında əzilməsi kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs bildirdi ki, 31 yanvar 2023-cü il tarixdə saat 18 radələrində onun idarə etdiyi «Hyundai Sonata» markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobillə X5 idarə etdiyi «Kia Optima» markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşumuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində «Hyundai Sonata» markalı avtomobilin sərnişini X7 boyun və sağ çiyin nahiyyəsinin əzələ bağ aparatının gərilməsi kimi sağlamlığa zərər vurmayan xəsarətləri almışdır. Hadisə yerinə baxış keçirilmiş və sxem tərtib olunmuş, həmin sxemdə onun yerinə imza olunmuşdur, lakin çəkilmiş imza ona məxsus olmamışdır. O, əsas yola çıxan zaman “STOP” nişanın tələbinə riayət edərək hərəkətinə davam etmişdir. Digər maşın idarəetməni itirərək onun maşını ilə toqquşmuşdur. Belə ki, digər avtomobilin sürəti çox idi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 əməkdaşı hadisə yerinə gələrək sənədləri götürərək getmişdir. Daha sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X14 inspektor ona bildirmişdir ki, hadisə onun təqsirinə görə baş vermişdir. Onu da qeyd etmək istəyir ki, onun avtomobilini vuran şəxs günahkar olduğunu hadisə baş verən an özü də etiraf etmişdir. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 mart 2023-cü il tarixli qərarı ilə toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuş, X10 və X3 barələrində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 göndərilmişdir. Lakin, hazırda o, Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 mart 2023-cü il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermişdir və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 mart 2023-cü il tarixli qərarı ləğv edilmişdir. Buna görə də, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 mart 2023-cü il tarixli qərarından görünür ki, X6 idarə etdiyi «Hyundai Sonata» markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu Hövsan qəsəbəsindən Xəzər rayonu Şağan istiqamətində hərəkətdə olarkən yol kəsişməsində X5 idarə etdiyi «Kia Optima» markalı **- CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, «Hyundai Sonata» markalı avtomobilin sərnişini X7 xəsarət alaraq 3 saylı ŞKX-na müraciət etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı heç kimin sağlamlığına az ağır və ya ağır zərər dəymədiyindən sürücülərin əməllərində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkibi yoxdur. Buna görə də, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuş, X10 və X3 barələrində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Yalçın Yaqubovun “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 01 mart 2023-cü il tarixli qərarı qanunsuz hesab edilmiş və ləğv edilmiş, toplanmış material üzrə araşdırma davam etdirilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hazırda Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Yalçın Yaqubovun “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 01 mart 2023-cü il tarixli qərarı ləğv edildiyindən, həmin qərar əsasında Şəxs barəsində tərtib edilmiş 14 mart 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxıla bilməz. Bununla da, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 axtarış üzrə inspektoru X4 tərəfindən Şəxs barəsində tərtib edilmiş 14 mart 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol qüvvədən düşmüş hesab edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0, 75.0.1 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) və inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədilməsində təqsirini müəyyən etmək üçün əsaslana bilinəcək sübutlar arasında kifayət qədər əhəmiyyətli ziddiyətlərin olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlir və hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində 14 mart 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. AF seriyalı, 024540 saylı sürücülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar