Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1798/2023 17.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 və icra sənədi üzrə tələbkar X2 nümayəndəsi X3 iştirakı ilə, Şəxs, xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ali təhsilli, heç yerdə işləməyən, evli, himayəsində iki azyaşlı uşağı olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)- 2634/2020 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs cəmi 7686.53 manat məbləğində pul X2 xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Hal-hazırda işləmir. Tələbkara ay ərzində 100-150 manat ödəməyi təklif etsə də, lakin tələbkar onun bu təklifini qəbul etməmişdir. O, qeyd edilən məkanı icarəyə götürəndə oranı İlahə adlı xanım gözəllik salonu olaraq işlədirdi. İlahə ona bildirmişdir ki, salonda olan işçilər hamısı qalacaq. O, bu səbəbdən də, hazır biznes olduğu üçün həmin gözəllik salonun icarəyə götürmüşdür. Daha sonra İlahə oradakı işçiləri digər salonlara aparmışdır. O, mübahisəli məkana 20.000 manatdan çox pul xərcləmişdir. Himayəsində iki az yaşlı uşağ var, Oğlu autizm xəstəsidir, qızının isə baxıma ehtiyacı var. Özü isə hal-hazırda hamilədir. Buna görə də xərcləri çox olduğundan borcunu ödəyə bilmir. Hal-hazırda da mövcud borcundan ayda 100 manat ödəməyi qəbul edir. Sonda Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X4 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını təmin etməmişdir. Buna görə də məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Hal-hazırda borclunun tələbkara ödənilməmiş 7266.53 manat borcu var. Tələbkar borcun tam ödənilməsini istəyir. Beləliklə borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməməklə bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs onun qanuni tələblərini yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X2 nümayəndəsi X5 məhkəmədə bildirdi ki, borclu müxtəlif bəhanələr gətirərək, icra sənədini tam icra etməkdən boyun qaçırır. Tələbkarın gəlir yeri icarəyə verdiyi həmin gözəllik salonundandır. Borclu həmin obyekti icarəyə götürsə də, lakin sonradan icarə pulunu ödəməmişdir. Obyektdə olan tələbkara məxsus müəyyən avadanlıqlar da borclu tərəfindən icazəsiz aparılmışdır. Sonda icra sənədi üzrə tələbkar X2 nümayəndəsi X5 borc məbləğinin birdəfəlik ödənilməyəcəyi təqdirdə borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarın nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)-2634/2020 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən borclu Şəxs cəmi 7686.53 manat məbləğində pul tələbkar X2 xeyrinə tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 07 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)-2634/2020 nömrəli icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 07 yanvar 2021-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)-2634/2020 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. 17 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)-2634/2020 nömrəli icra sənədi üzrə heç bir ödəniş etməmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs himayəsində 19 iyul 2010-cu il təvəllüdlü Diana adlı və 21 iyul 2012-ci il təvəllüdlü Ənvər adlı uşaqları var. Buna görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1798/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1798/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver