Məhkəmə qərarları › İş №3(010)-1802/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1802/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1802/2022 23.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 28 fevral 2022-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X2 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsi 09 fevral 2022-ci ildə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, 28 fevral 2022-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə onu Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsi ilə təqsirli bilərək 50 manat miqdarında cərimə etmişdir. X4 həmin qərardan şikayət verib. X4 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. O, cümlədən bildirir ki, 09 fevral 2022-ci il tarixində saat 19:40-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində “Toyota Land-Cruiser-Prado” minik markalı 99MR173 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Suraxanı rayon DYPŞ yol patrul xidməti inspektoru tərəfindən qanunsuz olaraq saxlanılaraq barəsində İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. 28 fevral 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərara əsasən 50 manat məbləğində cərimə edilmişdir. Yol patrul xidmətinin inspektoru ona qarşı qərəzli olaraq heç bir sübut və əsas olmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi (nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsi) ilə protokol tərtib etmişdir. Qeyd edir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi ilə hərəkət edib Yeni Günəşli qəsəbəsinə getmək istəyərkən arxasınca YPX-nin nəqliyyat vasitəsi gələrək hərəkəti dayandırmağı tələb etdi. YPX inspektorundan onu hansı səbəbdən saxladığını soruşduqda guya arxada piyada keçidi olduğunu və piyadaya yol vermədiyini bildirdi. YPX inspektorundan onun piyadaya yol vermədiyini necə müəyyən etdiyini soruşduqda ona YPX nəqliyyat vasitəsi üzərində quraşdırılmış uzaqdan müəyyən etmə texniki vasitəsilə götürülən görüntünü göstərdi. Görüntüdə qaranlıqda dövlət qeydiyyat nişanı görsənməyən ağ rəngli nəqliyyat vasitəsinin ona məxsus olduğunu təxmin edərək bir neçə yüz metr uzaqlıqda olan yerdən gələrək guya onun inzibati xəta törətdiyini göstərdilər və buna görə də protokol tərtib etməli olacaqlarını bildirdilər. O, da YPX-nin əməkdaşlarına bildirdi ki, hərəkət istiqamətində piyada keçidində piyada olmadığına əmin olduğuna görə o, hərəkəti davam etdirmiş və qayda pozmamışdır. Onlara iddia etdikləri qayda pozuntusunu, ağ rəngli nəqliyyat vasitəsinin həqiqətən də ona mənsub olduğunu sübut edən dövlət qeydiyyat nişanını ona göstərmələrini xahiş etdi. YPX-nin əməkdaşları isə ona sübut (nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını) təqdim edə bilmədikləri üçün tərtib etmək istədikləri protokolla da razılaşmadı. Ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsi Suraxanı RPİ DYPŞ-nin rəisi polis polkovnikleytenantı Mais Məmmədovun adından məktub göndərilmişdir. Məktub 25 fevral 2022-ci ildə yazılmışdır. Məktubda on beş gün müddətində Suraxanı RPİ DYPŞ-nə gəlməyi xahiş olunmuş, əks təqdirdə iştirakı olmadan qərarın çıxarılacağı göstərilmişdir. xx.xx.2022-ci il tarixində o, Suraxanı RPİ DYPŞ-də olduqda ona bildirdilər ki, artıq qərar çıxarılıb. Protokol mübahisəli olduğuna görə qərar qəbul edilərkən iştirakı təmin edilməmişdir. Qanunsuz və əsassız qərar Suraxanı RPİ DYPŞ-nin 07 mart 2022-ci il tarixli, 5649-1222 saylı məktubunda ona poçt vasitəsi ilə göndərilmişdir. Novruz bayramı ilə bağlı qeyri-iş günləri olduğuna görə məktubu 28 mart 2022-ci il tarixdə əldə etmişdir. Qanunsuz qərarı əldə etdikdən sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək qanunsuz protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-722/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərardadı ilə Suraxanı rayon DYŞP-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 28 fevral 2022-ci il tarixli TP seriyalı ******* nömrəli qərarın ləğvi ilə bağlı şikayəti geri qaytarılmışdır. Hesab edir ki, YPX inspektorunun protokolu guya törətdiyi inzibati xətanı sübut edə bilmədiyinə görə qanunsuz, qərar isə qərarın araşdırmasında iştirakı təmin olunmadığına görə əsassızdır. O, hər hansısa bir qayda pozuntusuna yol verməmişdir. Göstərilənlərə əsasən Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 28 fevral 2022-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğv olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Suraxanı Rayon DYPŞ nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə Suraxanı Rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. Suraxanı rayon DYPŞ-nin polis kapitanı X1 inzibati tənbeh vermə haqqında 28 fevral 2022-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 330.0.1-cü maddəsi ilə təqsirli bilərək 50 manat miqdarında cərimə edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, o, 09 fevral 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. Bir daha qeyd olunur ki, şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı rayon X7 Şöbəsi nümayəndəsini göndərməmişdir. Suraxanı Rayon Məhkəməsinin hadisənin görüntüsünü əks etdirən videoyazının məhkəməyə təqdim olunmasına dair sorğusu da nəticəsiz qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətanın mövcudluğu ilə razılaşmır. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Məhkəmə inzibati xətalar qanunvericiliyinin yuxarıda istinad olunan və s. aidiyyəti müddəalarına istinad edərək qeyd edir ki, inzibati xətanın baş verməsi halını sübut etmək vəzifəsi müvafiq vəzifəli şəxsin üzərinə düşür. İşin faktik hallarından isə görünür ki, Suraxanı rayon X7 Şöbəsi inzibati xətanın baş verməsi halını təsdiq edə biləcək heç bir sübut təqdim etməyib. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin təqsiri sübuta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən hakim «bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən «bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması» qərarın ləğv edilməsi üçün əsasdır. Eyni Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, X2 Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X2 Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar