Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1808/2022 07.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 10 may 2022ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs MMC 19946,10 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 19946,10 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir». “X3MMC-nin nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 10 may 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, Şəxs MMC ilə Gedik Kaynak Sanayi və Ticarət A.Ş. arasında 05 yanvar 2018-ci ildə 11-2018GA nömrəli müqavilə bağlanmışdır. Müqavilə əsasında Şəxs MMC tərəfindən həmin şirkətin hesabına 19946,10 ABŞ dolları məbləğində pul köçürülüb. Gedik Kaynak Sanayi və Ticarət A.Ş. müqavilədən irəli gələn öhdəliklərini tam icra etmiş və 19946,10 ABŞ dolları müqabilində malları Azərbaycana göndərmişdir. Həmin mallar ölkəyə 13 aprel 2020-ci ildə idxal olunmuş, lakin 61 kodu ilə (müvəqqəti saxlanc) qeydə alınmışdır. Sonradan həmin mallar öləkə ərazisinə sərbəst dövriyyəyə buraxılaraq 40 kodu ilə qeydə alınıb. Bu hal 28 aprel 2022-ci il tarixli gömrük bəyannaməsi ilə təsdiqlənir. Nümayəndə göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi «Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə» məsuliyyət müəyyən edir. İXM-nin yuxarıda göstərilən maddəsində nəzərdə tutulan müddətlər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə təsdiqlənib. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 fevral 2020-ci il tarixli qərarı ilə yuxarıda göstərilən Qaydalara dəyişiklik edilərək 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: «qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir». İş materiallarına əlavə edilmiş 29 mart 2020-ci il tarixli ödəniş tapşırığından və digər sənədlərdən görünür ki, Şəxs MMC 19946.10 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanan 31 mart 2022-ci il tarixli məktubda göstərilir ki, Şəxs MMC 19946,10 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi 720 gündən artıq müddət keçdiyinə baxmayaraq, banka təqdim etməmişdir. İş materiallarına 13 aprel 2020-ci il tarixli gömrük bəyannaməsi əlaavə olunub. Həmin bəyannamədən görünür ki, yuxarıda qeyd olunan ödənişə əsasən alınmış mallar 13 aprel 2020-ci ildə ölkəyə idxal olunmuş və 61 kodu ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 31 oktyabr 2014-cü il tarixli 100/143 nömrəli sərəncamı ilə təsdiq edilmiş «Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası»na «Gömrük sərhədindən malların keçirilmə üsullarının təsnifatı» başlıqlı 2 saylı Əlavəsinin «Gömrük prosedurları» başlıqlı 1-ci bəndindən görünür ki, gömrük bəyannamələrində «1.Bəyannamənin tipi» qrafasında göstərilən «61» kodu malların «müvəqqəti saxlanca» verildiyini göstərir. Şəxs MMC-nin təqdim etdiyi digər gömrük bəyannaməsindən görünür ki, həmin mallar sonradan ölkədə sərbəst dövriyyəyə buraxılaraq 40 kodu ilə qeydiyyata alınıb. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, edilmiş ödəniş hesabına alınmış mallar 61 kodu (müvvəqqəti saxlanc) ilə qeydiyyata alındığına baxmayaraq vaxtlı-vaxtında ölkəyə gəlmişdir. Bu hal sonradan həmin malların ölkədə sərbəst dövriyyəyə buraxılmaqla 40 kodu ilə qeydiyyata alınması ilə təsdiqlənir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən «Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur». Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən «Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur». Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMCnin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkibi mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: 10 may 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1808/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1808/2022
07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver