Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-181/2022 24.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 və icra sənədi üzrə tələbkar Həsənova (Ağayeva) Vüsalə Arif qızının iştiraklarıı ilə, Şəxs, xx xxxx 1974-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, subay, taksi sürücüsü kimi fəaliyyət göstərən, Azərbaycan Respublikasının vətəndaşı, Fin xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 baxçasında yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 24 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli, 2(010)-10522/2017 nömrəli qətnaməsinə dair icra sənədi üzrə yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli, 2(010)-10522/2017 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən 17 aprel 2006-cı il təvəllüdlü X1 və 14 may 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu ondan hər ay bir uşağa görə 137 manat olmaqla sabit pul məbləğində aliment tutularaq tələbkar Həsənova (Ağayeva) Vüsalə Arif qızının xeyrinə ödənilməlidir. O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Bir müddət işsiz qalmışdır və 2021-ci ilin dekabr ayından sürücü kimi işləyir. 2022-ci ilin yanvar ayının 6-dan evdə yataq şəraitində müalicə almışdır. 2022-ci ilin yanvar ayının 20-dən yenidən işləməyə başlamışdır. O, tələbkar ilə razılığa gəlmişdir ki, 10 gündən bir 150 manat məbləğində ödəniş edəcək və bu vədinə əməl edir. Mütəmadi olaraq ödənişlər edir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli, 2(010)- 10522/2017 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən 17 aprel 2006-cı il təvəllüdlü X1 və 14 may 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Şəxs hər ay bir uşağa görə 137 manat olmaqla sabit pul məbləğində aliment tutularaq tələbkar Həsənova (Ağayeva) Vüsalə Arif qızının xeyrinə ödənilməlidir. İcra sənədi 13 dekabr 2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir.İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu şöbəyə dəvət edilərək qərar və tələbin könüllü icrası barədə bildirişin surətləri ona şəxsən təqdim edilmişdir. Məhkəmənin müvafiq qətnaməsi icraya yönəldikdən sonra borclu tələbkarla barışmış və keçən müddət ərzində borclu uşaqların qayğısına qalaraq onların öhdəliklərini icra etmişdir. Tələbkar 2021-ci il sentyabr ayında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə müraciət edərək borclunun aliment tələbinə dair məhkəmə qətnaməsinin icrasından yayındığını bildirmişdir. Tələbkar Həsənova (Ağayeva) Vüsalə Arif qızının müraciətini nəzərə alaraq sonuncu 30 sentyabr 2021-ci il tarixdə şöbəyə dəvət olunaraq müraciət etməsinin səbəbi araşdırılmışdır. Araşdırma zamanı borclu ilə tələbkarın yenidən ayrıldıqları müəyyən edilmiş, lakin keçən müddət ərzində tələbkarın xeyrinə ödənilməli olan 12878 (on ki min səkkiz yüz yetmiş səkkiz) manat aliment pulundan 12078 (on iki min yetmiş səkkiz) manatının tələbkarın xeyrinə ödənilməsinin təmin edildiyi, 30 sentyabr 2021-ci il tarixdə 800 (səkkiz yüz ) manat borcun yarandığı məlum olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu 30 sentyabr 2021-ci il tarixdə şöbəyə dəvət olunaraq izahatı alınmışdır. Borclu izahatında yaranmış 800 (səkkiz yüz) manat aliment borcunu 05 oktyabr 2021-ci il tarixə qədər tam olaraq ödəyəcəyini bildirmişdir. Lakin borclu bu müddət ərzində sonuncusu 05 yanvar 2022-ci il tarixdə 100 (bir yüz) manat olmaqla ümumilikdə 520 (beş yüz iyirmi) manat tələbkarın xeyrinə ödəniş etmiş və bu səbəbdən borc artaraq 1376 (bir min üç yüz yetmiş altı) manat olmuşdur. Aliment borcunun artması tələbkarın haqlı narazılığına səbəb olmuşdur.Borclu tərəfindən tələb tam olaraq təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. İcraat dövründə borclu tərəfindən tələbkarın xeyrinə ümumilikdə 12598 (on iki min beş yüz doxsan səkkiz) manat aliment pulunun ödənilməsi təmin edilsə də, 24 yanvar 2022-ci i tarixə 1376 (bir min üç yüz yetmiş altı) manat borc yaranmışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli, 2(010)- 10522/2017 saylı icra sənədi üzrə tələbkar Həsənova (Ağayeva) Vüsalə Arif qızı məhkəmədə bildirdi ki, borclu aliment borcundan mütəmadi ödənişlər edir, lakin o, borcun tam olaraq ödənilməsini istəyir. Onunla borclu arasında münasibətlər pozulub. Şəxs uşaqlar ilə görüşmür. Sonda Həsənova (Ağayeva) Vüsalə Arif qızı, borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli, 2(010)-10522/2017 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, 17 aprel 2006-cı il təvəllüdlü X1 və 14 may 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Şəxs hər ay bir uşağa görə 137 manat olmaqla sabit pul məbləğində aliment tutularaq tələbkar Həsənova (Ağayeva) Vüsalə Arif qızının xeyrinə ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 13 dekabr 2017-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli, 2(010)-10522/2017 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış və borclu Şəxs icranı könüllü olaraq 10 gün müddətinə təmin edilməsi təklif edilmişdir. İş materiallarına əlavə edilmiş X3 30 sentyabr 2021-ci il tarixli ərizəsinin məzmunundan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli, 2(010)-10522/2017 saylı icra sənədi üzrə yaranmış 12.878 (on iki min səkkiz yüz yetmiş səkkiz) manat aliment borcu Şəxs tərəfindən ödənilmişdir.Qalıq qalmış 800 manat borcla bağlı X3 heç bir şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs 2021-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə, həmçinin, 2022-ci ilin yanvar ayı üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli, 2(010)-10522/2017 nömrəli icra sənədinə əsasən Həsənova (Ağayeva) Vüsalə Arif qızına ümumilikdə 520 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli, 2(010)-10522/2017 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbkar Həsənova (Ağayeva) Vüsalə Arif qızına 2021-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə, həmçinin, 2022-ci ilin yanvar ayı üzrə ümumilikdə 520 manat ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli, 2(010)-10522/2017 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-181/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-181/2022
24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver