Məhkəmə qərarları › İş №3(010)-1836/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1836/2020

25.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1836/2020 25.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi X1 və zərərçəkmiş şəxs X3 iştirakı ilə, Şəxs, xx xxxx 1971-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, 10 nömrəli evin 15 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən X3 icarəyə götürüb işlətdiyi ticarət köşkünün çöl tərəfindən 02 blok saqqızı gizli yolla talayaraq zərərçəkmiş şəxs X5 ümumilikdə 30 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı Şahin Mikayılovun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməldə xırda talama olduğuna görə qərarın surəti, inzibati tədbir görülməsi üçün müvafiq əməkdaşa həvalə edilmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etdiyini bildirdi. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi X2 məhkəmədə göstərdi ki, X6 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək, icarəyə götürüb işlətdiyi ticarət köşkünün çöl tərəfindən 30 manat dəyərində 02 blok saqqızı gizli yolla talamaq istəyən şəxsi saxlayaraq, bu barədə ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat verdiyini bildirmişdir. Ticarət köşkündən oğurluq etmiş şəxsin Şəxs olduğu müəyyən edilmiş, lakin sonuncunun əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tədbir görülməsi ona həvalə edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Zərərçəkmiş şəxs X6 bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində yerləşən icarəyə götürüb işlətdiyi ticarət köşkünün çöl tərəfindən 30 manat dəyərində 02 blok saqqızı gizli yolla talamaq istəyən şəxsi saxlamış və bu barədə ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat vermişdir. Aparılmış araşdırma zamanı oğurluq etmiş şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Hazırda vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və sonuncunu etdiyi əmələ görə bağışlayır. Sonda Ş.R.Əliyev qeyd etdiklərini nəzərə alınmasını Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0 və 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bundan başqa, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, AZ seriyalı, 016931 nömrəli inzibati qaydada tutuma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 21:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verildiyinə görə inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclası zalında dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xətanı törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclası zalında dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar