Məhkəmə qərarları › İş №3(010)-1840/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1840/2020

29.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1840/2020 29.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Dövlətov Rəşad Əlizaman oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1, tələbkar X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Dövlətov Rəşad Əlizaman oğlu xx xxxxxx 2020-ci ildə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Məhkəmə həmin məsələlərə baxaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda «inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti» göstərilməlidir. İnzibati xəta haqqında protokolda törədilmiş inzibati xətanın mahiyyəti kimi aşağıdakılar qeyd olunur: «Məhkəmə qərarına əsasən X3 övladı ilə bazar günləri ünsiyyətdə olmalıdır. Borclu Şəxs qərəzli şəkildə qərarı icra etmir». Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsində və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsində ifadə olunur. Beləliklə, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti təsvir olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı hansı konkret əməllə törətdiyi (həmin inzibati xətanın tərkibinin obyektiv cəhətdən mövcud olduğu) qısa və konkret formada açıqlanmalı, bu açıqlama əməlin İXM-nin 528.1-ci maddəsi ilə tövsifini əsaslandırmalıdır. Həmçinin göstərilən əsaslandırma Azərbaycan Respublikası İXM-nin yuxarıda istinad olunan 106.0.5-ci maddəsinin mənasına görə material üzrə toplanmış mötəbər sübutlarla təsdiqlənməlidir. xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti kimi göstərilənlər və materiala əlavə edilmiş sübutlar isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyini, müvafiq hərəkətin (hərəkətsizliyin) üzrsüz olduğunu açıqlamır, əməlin İXM-nin konkret maddəsi ilə tövsifini əsaslandırmır. Məsələ ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş aktlardan görünür ki, X2 uşağı – xx xxxxxxxx 2015-ci il təvəllüdlü X4 ilə 17 və xx xxxxxx 2020-ci il tarixlərində Suraxanı rayon İcra və probasiya şöbəsində ünsiyyətdə olması təmin edilmişdir. Aktların məzmunundan görünür ki, ünsiyyət zamanı «heç bir qanun pozuntusuna yol verilməmişdir». Hər iki akt iki nəfər icra məmuru ilə yanaşı borclu və tələbkar tərəfindən imzalanmış, bu zaman heç bir iştirakçı, o cümlədən tələbkar görüşün keçirilməsi ilə bağlı heç bir irad və ya etiraz bildirməmişdir. Göründüyü kimi X2 X4 ilə axırıncı ünsiyyəti inzibati xəta haqqında protokol tərtib edilməzdən üç gün əvvəl baş tutub. Aktlardan isə görünür ki, bu zaman borclu müvafiq ünsiyyətə heç bir maneə törətməmişdir. Hazırkı inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən tələbkar bildirmişdir ki, onun yuxarıda qeyd olunan tarixlərdə uşağı ilə ünsiyyəti təmin olunduğuna baxmayaraq, borclu uşağını özü ilə aparması üçün ona verməkdən imtina edir. Borclu Şəxs tələbkarın bu dəlilinə cavab olaraq bildirmişdir ki, xx xxxxxxxx 2015-ci il təvəllüdlü X4 «Residivləşən allergik bronxit, astmatik komponentlə» xəstəliyindən əziyyət çəkir (borclu məhkəməyə bununla bağlı tibbi sənəd təqdim edib). Bununla bağlı uşaqda vaxtaşırı nəfəs daralması baş verir ki, həmin anda o, dərhal inqalyasiya aparatına qoşulmalıdır. Əks təqdirdə uşaq boğula bilər. Bunun nə vaxt və harada baş verəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Bu səbəbdən də uşağın uzun müddətə aparılması onu səhhətində ciddi problemlərlə nəticələnə bilər. Bu səbəbdən də icra məmuruna və tələbkara təklif etmişdir ki, sonuncu məhkəmənin müəyyən etdiyi vaxtda gəlib uşaqla evdə görüşsün. Beləliklə, məhkəmə qərarını icra etməkdən yayınmır. Həmçinin icra məmurunun təklifi ilə uşağın Suraxanı rayon İcra və probasiya şöbəsinə gətirilməsini və onun tələbkarla sərbəst ünsiyyətdə olmasını təşkil etmişdir. Qeyd olunur ki, icra məmuru borclunun göstərilən dəlillərini tam və hərtərəfli araşdırmamış, uşağın səhhətinin vəziyyəti nəzərə alınmaqla onun uzun müddətə tələbkara verilməsinin təhlükəli olub-olmadığını müəyyən etməmişdir. Bununla yanaşı, işin faktik hallarından görünür ki, inzibati xəta haqqında protokol tərtib edilməzdən üç gün əvvəl tələbkar heç bir etiraz və ya irad bildirmədən uşağı ilə Suraxanı rayon İcra və probasiya şöbəsində ünsiyyətdə olmuş, borclu isə buna heç bir maneə törətməmişdir. Belə olan halda borclunun əməlində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin tərkibinin olması halı suallar doğurur ki, bu suallar da icra məmurunun təqdim etdiyi sübutlarla aradan qaldırılmayıb. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar