Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1842/2023 02.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X4 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Qum Adası qəsəbəsi ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, 23 fevral 2023-cü il tarixdə XKEMİ-nin mütəxəssisi tərəfindən “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ərazisində aparılmış monitorinqlərin nəticəsində ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olduğu, su obyektlərinin çirklənməsinin qarşısını alan qurğuları olmayan müəssisənin istismar edilməsi aşkar edilmişdir. Buna görə 20 aprel 2023-cü il tarixdə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçisi-müfəttişi X10 tərəfindən “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X7 yazılı etiraz ərizəsi verərək, həmçinin, izahatında göstərdi ki, 2009-cu ilin 22 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Bahar Energy Limited şirkəti (BEL) və SOCAR-ın Ortaq Neft şirkəti (ONŞ) arasında Xəzər Dənizinin Azərbaycan X8 və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş (Saziş) imzalanmışdır. Məlum olduğu kimi, Sazişin icrasını təmin etmək məqsədi ilə əməliyyat şirkəti olan “X17 Company Limited” (“Bahar Energy”) şirkəti agent qismində təsis edilmiş və 01 oktyabr 2010-cu il tarixindən etibarən Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş Nümayəndəliyi (“Nümayəndəlik”) vasitəsilə Qum Dəniz və Bahar yatağları üzrə neft-qaz əməliyyatlarının həyata keçirilməsinə bu kontrakt sahəsində başlamışdır. Həmin Saziş ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı verilmiş, Nazirlər Kabinetinin Qərarı ilə Azərbaycan Respublikası Hökümətinin Təminatı və Öhdəlikdləri təsdiq edilmiş, Saziş Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya edilmişdir. Yuxarıda qeyd edilən Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının 27 Aprel 2010-cu il tarixli, №997-İİİQ saylı Qanununa əsasən Saziş, habelə Hökümət Təminatı və Əlavələr Qanun statusuna malikdir (maddə 4). Əlavə olaraq Saziş, Hökümət Təminatı və Əlavələr onlara uyğun gəlməyən və zidd olan Azərbaycan Respublikasının qanunvericiliyinin müddəalarından üstün tutulur (maddə 4). Sazişin Əlavə 10, İİ-ci hissəsinin B bəndinin 1-ci yarımbəndində qeyd olunur ki, “podratçı lay suyunu yeraltı karbonatlı qatlara (uducu zonalara) vura və ya beynəlxalq Neft-qaz sənayesində ümumilikdə qəbul edilmiş standart və praktikaya uyğun təmizləndikdən sonra lay suyunu Xəzər dənizinə ata bilər.)” 23 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (“11 saylı İdarə”) nümayəndələri (məsləhətçi müfəttişi X10 və X11, və X18 Monitorinq İdarəsinin (“Xəzər Monitorinq”) nümayəndəsi X1 ərazisinə gəlmiş və bu gəlişin Nümayəndəliyə şifahi olaraq bəyan edilən məqsədi 2023-cü ilin fevral ay üzrə ətraf mühitə axıdılan və yerləşdirilən tullantılara görə Nümayəndəlik tərəfindən edilməli olan rəsmi ödənişin hesablanması və istehsalat sahələri lə tanışlıq olmuşdur. Nümayəndəlik hər ay belə ödənişləri rəsmi qaydada həyata keçirir. 03 aprel 2023-cü il tarixində mailto:mehriban.eco@gmail.comElektron ünvan elektron poçt ünvanından Nümayəndəliyin SƏTƏM X12 elektron poçt ünvanına 2 fayl göndərilmişdir: 1) “Suraxanı rayonu, Qum adası, X19 Şirkətindən (ƏŞ) götürülmüş lay suyu nümunəsi üzərində aparılmış təhlillərin nəticələrinə dair ARAYİŞ” Lakin, həmin arayış rəsmi sənəd olaraq deyil sadə elektron faylı kimi göndərilmiş, beləliklə üzərində qeydiyyat nömrəsi, tarix, imza və möhür olmamışdır. Əlavə olaraq, bu “sənəd”lə “monitorinqin keçirilməsi” göstərilsə də hər hansı Monitorinq Aktına istinad edilməmişdir. Xüsusi ilə orada “lay sularının dənizə töküldüyü yerdən su nümunələri götürülmüşdür” yazılsa da halbuki reallıqda lay suyu nümunəsi dənizdən deyil, lay suyunun özündən götürülmüşdür. 2) “23 fevral 2023-cü il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Qum Adası, “X19” Şirkətindən "xxxx" MMC-yə gətirilmiş su nümunəsi üzərində aparılan analizlərin nəticələri” adlı sənədin skan surəti daxil olmuşdur. Lakin, yenə də, tarixi və digər rekvizitləri olmayan bu sənəddə Sifarişçi olaraq Xəzər Monitorinq göstərilsə də bu sifarişin hansı sənədin əsasında verildiyi məlum deyil, habelə bu nəticələrin sifarişçiyə nə vaxt və hansı qaydada da göndərildiyi məlum deyil. 18 aprel 2023-cü il tarixli G-İBM/263-278 saylı məktubla 11 saylı İdarə Nümayəndəliyə müraciət etmiş və 23 fevral 2023-cü il tarixdə Xəzər Monitorinq tərəfindən aparılmış monitorinqin nəticəsi ilə bağlı aparılan inzibati araşdırma ilə bağlı nümayəndənin göndərilməsini xahiş etmişdir. 25 aprel 2023-cü il tarixli G-İBM/2623-320 saylı məktubla 11 saylı İdarə ******* saylı Protokolun və digər sənədləri qərar qəbul edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərildiyini qeyd etmişdir. 04 may 2023-cü il tarixində Akt və ******* saylı Protokol Nümayəndəliyə göndərilmiş və 15 may 2023-cü il tarixində Nümayəndəliyə çatmışdır. Nümayəndəlik ******* saylı Protokolu əsassız və qanunsuz hesab edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən (Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması), Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2015-ci il tarixli, 660 nömrəli fərmanına əsasən həmin fərmanın qoşmasında qeyd edilən Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı ilə anarılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 2.1-ci maddəsinə əsasən “Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinq lər. müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir”. Həmin qanununun 3.2.-ci maddəsinin tələblərinə əsasən “yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olumnuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz”. Əvvəl qeyd edilmiş tələblərə riayət olunması şərti ilə, həmin qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı müəyyən tələblərə riayət etməli o cümlədən yoxlamanın aparılması haqqında qərarın surətini (bu günədək təqdim edilməyib) təqdim etməli, habelə yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verməlidir. Həmin qanunun 31-ci maddəsinə əsasən yoxlama aktında digər məlumatlarla yanaşı yoxlama suallarının siyahısının konkret suallarının nömrələri göstərilməklə aşkar olunmuş qanun pozuntularının məzmunu, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri, əgər varsa, sahibkarın izahatı, iradı və ya etirazı, yoxlama aktına əlavə edilən sənədlərin siyahısı və sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin imzaları göstərilməlidir. Yoxlama aktına yoxlama suallarının siyahısı, habelə yoxlama aktında göstərilən məlumatları təsdiqləyən və yoxlamanın nəticələri üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyət kəsb edən digər sənədlər əlavə edilir. Həmin qanunun 31.5-ci maddəsinə əsasən yoxlama aktı yoxlamanın basa çatdığı gündən gec olmayaraq yoxlamada iştirak edən bütün yoxlayıcılar tərəfindən imzalanır. Yoxlama aktını imzalamış yoxlayıcılar yoxlama aktına və yoxlama suallarının siyahısına daxil edilmiş qeyd və məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Həmin qanunun 31.8-ci maddəsinə əsasən Sahibkar yoxlama aktının məzmunu və (və ya) ona əlavə edilmiş sənədlərlə (yoxlama suallarının siyahısı da daxil olmaqla) və ya yoxlayıcının hərəkəti (hərəkətsizliyi) ilə razılaşmadığı halda, yoxlama aktında yoxlama aktını imzalamadan əvvəl müvafiq qeyd aparmaqla öz izah, irad və etirazını bildirə bilər. Həmin qanunun 31.9cu maddəsinə əsasən Yoxlama aktı iki nüsxədə tərtib edilir. Yoxlama aktının və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir, digər nüsxəsi isə yoxlayıcı orqanda qalır. Həmin qanunun 31.10-cu maddəsinə əsasən “Sahibkar yoxlama aktını almaqdan və (və ya) onu imzalamaqdan imtina etdikdə, bu barədə yoxlayıcılar tərəfindən yoxlama aktında müvafiq qeydlər aparılır. Bundan sonra yoxlama aktının müvafiq surəti alınmasını təsdiq edən istənilən vasitə ilə yoxlama basa çatdığı tarixdən növbəti tic is günü ərzində sahibkara göndərilir. Həmin qanunun 31.6-cı maddəsinə əsasən Yoxlama aktı yoxlamada iştirak etmiş yoxlayıcılar tərəfindən imzalandıqdan sonra sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə imzalanmaq üçün təqdim edilir. Həmin qanunun 33.3-cü maddəsinə yoxlamanın nəticələri üzrə qərar yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanır. Yoxlamanın nəticələri üzrə qərarın surəti çıxarıldığı vaxtdan üç iş günündən gec olmayaraq_sahibkara təqdim edilir və ya alınmasını təsdiq edən poçt vasitəsi ilə göndərilir, qərarın əsli isə yoxlayıcı orqanda saxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 101-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda isə, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikasının qanunvericiliyin tələblərinə yuxarıda təsvir edildiyi kimi riayət edilməməklə aparılmış “yoxlama” və tərtib edilmiş Protokola və Akta əlavə olaraq aşağıda qeyd edilən digər iş üçün əhəmiyyət kəsb edən halları da məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edir. Fəaliyyətə başladığı 01 oktyabr 2010-cu il tarixindən Nümayəndəlikdə ekoloji orqanlar tərəfindən qanuni şəkildə aparılmış heç bir yoxlama çərçivəsində su obyektlərinin çirklənməsini, zibillənməsini və suların zərərli təsirinin qarşısını alan qurğular və avadanlıqlara dair tələblə bağlı hər hansı bir tövsiyə və ya göstəriş verilməmişdir. ETSN-nin X9 Agentliyi tərəfindən 23 sentyabr 2021-ci il tarixində təsdiq edilmiş Ekoloji Passport vasitəsilə buraxıla bilən lay suyunun həcmi razılaşdırılmışdır (1,065 000 kub) və Nümayəndəlik heç vaxt bu həddi aşmamışdır. Əlavə olaraq həmin həddlər çərçivəsində buraxılmış lay süyuna görə Nümayəndəlik tərəfindən rəsmi ödənişlər edilmiş və bu həcmlər 2TG Stastik hesabatlarında əks etdirilərək qanunla tələb olunan müddətlərdə ETSN-lə razılaşdırılmışdır. 11 saylı İdarənin Aktı üçün əsas olmalı olan Monitorinqin Aktı yoxdur, çünki reallıqda Xəzər Monitorinq tərəfindən 23 fevral 2023-cü il tarixində Nümayəndəliyin kontrakt sahəsində heç bir monitorinq keçirilməmişdir. Belə ki, 2023-cü il üçün razılaşdırılmış ekoloji monitorinq, ETSN-nin № 3-15/2-099-D-xx-xx/2023 nömrəli 17 yanvar 2023-cü il tarixli məktubu və SOCAR-ın № 14-2/2-527/2023 nömrəli 15 fevral 2023-cü il tarixli cavab məktubu əsasında hazırlanmış və ETSN-nin təsdiq etdiyi ekoloji montorinq cədvəlinə əsasən Nümayəndəliyin kontrakt sahəsində 20-xx.xx.2023-cü ildə keçiriləcəkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 iyul 2004-cü il tarixli 90 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyyatlarm dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnaməsi”nin 6.2.1.4-cü bəndinin tələbləri də pozulmuşdur. Belə ki, Əsasnamənin 6.2.4.1-ci bəndində göstərildiyi kimi Xəzər dənizinin (gölünün) çirklənməsinin monitorinqinə daxildir: açıq dənizdə, sahil zonalarında və dəniz sərhədi boyunca suyun və dib çöküntülərinin çirklənmə səviyyəsinin qiymətləndirilməsi məqsədilə müntəzəm və mütəmadi müşahidələrin aparılması; dəniz suyunun və dib çöküntülərinin fon tərkibi üzrə müşahidələr açıq dənizdə və az çirklənməyə məruz qalmış ayrı-ayrı sahil rayonlarındakı uzun müddətli okeanoloji (dəniz hidrometeoroloji) stansiyalarda aparılır. Suyun çirklənməsi üzrə müşahidələr dənizin okeanoloji standart dərinliklərində (0,5, 10, 20, 50, 100, 500, 1000 m) və dib qatında aparılır. Beləliklə aydın olur ki, Xəzər Dənizinin çirklənməsin müəyyən etmək üçün yalnız ətraf mühitə axıdılan zərərli maddələrin tərkibi deyil, dəniz suyundan və dib çönüntülərinin fon tərkibi üzrə müşahidələr aparılmalı, nümunələr götürülməli, təhlillər aparılmalı və qiymətləndirilməlidir. Beləliklə aydın olur ki, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasını müəyyən etmək üçün sınaq nümumələrinin götürülməsi prosesi qanuni tələblərə müvafiq qaydada aparılmamışdır. Belə ki, eyni zamanda, “Tullantı suları ilə su obyektlərinə axıdılan zərərli maddələrin buraxıla bilən axıntı həddinin (BBAH) tərtib olunmasına dair Metodika”sının 5.3.-cü bəndində də qeyd edilir ki, “Dənizlərin sahilyanı zonaları üçün BBAH-ın hesablanması zamanı sudan istifadənin limitləşdirici növündən asılı olaraq dəniz suyunda zərərli maddələrin volverilən qatdığı q/m3 müəyyən olunmalıdır”. Bizim halda isə, yuxarıda qeyd edildiyi kimi, nümumə dəniz suyundan deyil lay suyunun özündən (axıdılan maddədən) götürülmüşdür. Təkcə lay suyundan nümunə götürməklə isə, ətraf mühitə axıdılan zərərli maddələrin yol verilən normativlərdən artıq olmasını müəyyən etmək mümkün deyil. 20 aprel 2023-cü il tarixli Aktda da etiraf olunur ki nümunə lay suyundan götürülüb. Artıq qeyd edildiyi kimi, həmin tarixdə lay suyundan nümunə götürülməsində məqsəd 2023-cü ilin fevral ayı üçün rəsmi ödənişin hesablanması olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 avqust 2022-ci il tarixli 308 nömrəli Qərarına əsasən bu növ ödənişlər aylıq olaraq ödənilir və həqiqətən nəticədə 30 mart 2023-cü il tarixli məktubla 11 saylı İdarə Nümayəndəliyə məktub ünvanlamış və 2023-cü ilin fevral ayı üzrə ətraf mühitə atılan, axıdılan və yerləşdirilən tullantılara görə ödənişin məbləği və sair təfərrüatları barədə bildirmişdir (yəni, əsl niyyət bu olmuş və buna uyğun da proses icra edilmişdir - rəsmi ödəniş hesablanmış və icra edilmişdir). Aktda istinad edilən Xəzər Monitorinqin 13 aprel 2023-cü il tarixli 861/XKMEİ-25 saylı məktubunun məzmunun nədən ibarət olduğu məlum olmadağından və iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq onun acıqlanmasını zərərui hesab edir. Əlavə olaraq Aktın 20 aprel 2023-cü il tarixində Nümayəndəlikdə tərtib olunması barədə həmin Aktda olan qeyd açıq aşkar həqiqətə uyğun deyil. İstər tərtib edilən aktda, istərsə də protokolda istinad edilən pozuntuların Nümayəndəlik tərəfindən törədilməsini sübut edən materiallar inzibati xəta haqqında işə əlavə edilməmişdir və istinad edilən bu pozuntuların Nümayəndəlik tərəfindən törədilməsi qanuni şəkildə sübut edilməmişdir. Belə ki, qarşı tərəfin iddia etdiyi Aktda qeyd olunan X13 haqqında Azərbaycan Respublikasının Qanunun 13, 32 və 47-ci maddələrinin pozuntusu iddiası tam əsasızdır və Azərbaycan Respublikasının Su Məcəlləsinin 84-cü məcəlləsinin sonuncu bəndində qeyd olunur ki, “Su obyektlərinə tullantı suların axıdılmasına bu Məcəllənin 77-79-cu maddələrində nəzərdə tutulan tələblərə riayət edilməklə yol verilə bilər”. Məcəllənin 77-ci maddəsində isə “Sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər”. X7 əlavə olaraq bildirmişdir ki, hasilatın pay bölgüsü sazişinə əsasən lay suyunun dənizə axıdılmasına şirkətə icazə verilib. Xəzər monitorinq xidmətinin nümayəndəsinin gəlmə məqsədi lay suyundan nümunə götürmək olmayıb. Şirkətə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən elektron poçt ünvanına arayış daxil oldu. Həmin arayışda nə imza nə də möhür var idi. Daha sonra bizi protokolun müzakirəsi üçün dəvət etdilər lakin qeyd etdiyim pozuntulara görə getməkdən imtina etdik. Yoxlama qanuni olaraq aparılmayıb. Həmçinin ölkə üzrə yoxlamalar 2024-cü ilə qədər müstəsna hallar istisna olmaqla dayandırılıb. Aktın özündə də nöqsanlar var. Belə ki, akta yoxlayıcıların hər biri imza atmalı idi. Lay suyunun axıdılması ilə bağlı şirkətə limit təyin edilib və həmin limit aşılmamışdır. Lay suyundan nümunə götürülməsi ilə bağlı sənəd təqdim edilməyib. Həmçinin məhlul da tələb olunan yerdən götürülməyib. X2 “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, şirkətin ərazisində monitorinq keçirilmişdir və bu barədə əvvəlcədən məlumat verilmişdir. Protokolun tərtib olunması analiz nəticələrinə görə 2 ay uzanmışdır. “X17 Company Limited” şirkəti tərəfindən istehsal zamanı formalaşan lay suları birbaşa dənizə axıdılmışdır və bu aşkar edildiyi üçün “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində inzibati protokol tərtib olunmuşdur. Şirkətin təmizləmə qurğuları olmalı idi. Buna görə də “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilmişdir. Protokol əsaslıdır. X5 “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikasının İXM-nin 233.1 və 264.0.1-ci maddələrinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən monitorinqdə iştirak edən X18 Monitorinq İdarəsinin əməkdaşlarının məhkəmə iclaslarında iştirakının təmin edilməsi məqsədilə dəfələrlə məhkəmə iclaslarının təxirə salınmasına baxmayaraq X18 Monitorinq İdarəsinin əməkdaşlarının məhkəmə iclaslarında iştirakı təmin edilməmiş, əməkdaşların məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsini və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsini dinləyərək məhkəmə hesab edir ki, “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin əməlində inzibati xəta tərkibi olmadığına görə “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 aprel 2023cü il tarixli, 79120 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin kontrakt ərazisində monitorinq aparılmışdır. “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin kontrakt sahəsindən götürülmüş lay suyu nümunəsi üzərində aparılmış təhlillərin nəticələrinə dair X18 Monitorinq İdarəsindən daxil olmuş 13 aprel 2023-cü il tarixli 861/XKEMİ-25 nömrəli məktubda 23 fevral 2023-cü il tarixində İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş monitorinqlər zamanı lay suyu nümunələri götürüldüyü və onların üzərində kimyəvi və mikroloji təhlillər aparıldığı və nəticələrə görə Xəzər dənizində təmizlənmədən və zərərsizləşdirilmədən bir başa axıdılan lay suyunun tərkibində neft karbohidrogenləri 21.0 dəfə normadan artıq, mikrobioloji təhlillərin nəticəsinə görə nümunə çirkli müəyyən edildiyi, bununla da “X17 Company Limited” şirkəti tərəfindən X13 haqqında qanunun 13, 32, 47-ci maddələrinin tələbləri, Su Məcəlləsinin 84-cü maddələrinin tələblərinin pozulduğu müəyyən edildi qeyd olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Suraxanı rayonu, Qum adası, X19 Şirkətindən (ƏŞ) götürülmüş lay suyu nümunəsi üzərində aparılmış təhlillərin nəticələrinə dair arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində X18 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən Suraxanı rayonu, Qum adası, Bahar Enerji ƏŞ ərazisində monitorinq keçirilmiş və lay sularının dənizə töküldüyü yerdən su nümunələri götürülmüşdür. Nümunələr üzərində kimyəvi və mikrobioloji təhlillər aparılmışdır. Bahar Enerji ƏŞ-nin lay sularının dənizə töküldüyü yerdən götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə neft karbohidrogenləri 21,0 dəfə normadän artıq, mikrobioloji təhlillərin nəticəsinə görə nümunə çirkli müəyyən edilmişdir. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı-3 150 000 ədəd/litr, enterokokların miqdarı-600 000 ədəd/litr və şərti xəstəliktörədən bakteriyaların miqdarı-2 700 000 ədəd/litr təyin edilmişdir. Lakin, həmin arayış imzalanmamış və arayışda tarix qeyd edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Xəzər dənizinin Azərbaycan X8 və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bahar Enerci Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə 27 aprel 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanunundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin Azərbaycan X8 və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay böigüsü haqqında” 2009-eu il 25 noyabr tarixli 607 nömrəli Sərəncamına uyğun oiaraq, 2009-cu il dekabrın 22-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("xxxx") ilə Bahar Enerci Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti (“ONŞ”) arasında Saziş bağlanmışdır. Azərbaycan Respublikasının Milli Məclisi: Azərbaycan Respublikasının qanunvericiliyində Sazişin əhatə etdiyi məsələlərin tam və müasir tələblərə uyğun olaraq nizamlanmadığını; Azərbaycan Respublikasının karbohidrogen ehtiyatları haqqında Azərbaycan Respublikasının Qanununun olmamasını; Sazişin şərtlərinə görə onun qanunverici orqan tərəfindən təstiqindən sonra Qanun olmasını; bu Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qərara alır: “Xəzər dənizinin Azərbaycan X8 və Qum- Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Bahar Enerci Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra “Saziş” adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 11 fevral tarixli 34 nömrəli qərarı ilə Sazişdə iştirak edən Podratçılara verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra “Hökumət təminatı” adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.Sazişin əsas mətninə edilmiş on (10) Əlavə və bir (1) Qoşma (bundan sonra “Əlavələr” adlanacaq) qəbul edilsin və onlann həyata keçirilməsinə icazə verilsin. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ödəniş tapşırıqlarından müəyyən olunur ki, “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 2018, 2019, 2020, 2021, 2022-ci illər və 2023-cü ilin fevral-mart ayları üzrə ətraf mühitə atılan, axıdılan və yerləşdirilən tullantılara görə qanunvericiliklə müəyyən edilmiş qaydada “X13 üzrə Dövlət Fondu”na ödənişlər etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus Ekoloji Pasportdan və ona əlavə edilmiş cədvəldən görünür ki, təmizləyici qurğuların xarakteristikası barədə cədvəldə göstərilmişdir ki, hər NQÇS üzrə çökdürücü və neft tutuculardan sonra neftdən ayrılan lay suyu mədəndaxili kanallar vasitəsilə LTS və STS-ə axıdılır və oarada mexaniki təmizləmə prosesindən keçdikdən sonra nasoslarla dənizə vurulur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 03 mart 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Ekoloji monitorinq cədvəli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) №3-15/2-099-D-xx-xx/2023 nömrəli 17 yanvar 2023-cü il tarixli məktubu və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) №14-2/2-527/2023 nömrəli 15 fevral 2023-cü il tarixli cavab məktubu əsasında hazırlanmışdır. Azərbaycan Respublikası Dövlət Neft şirkəti (SOCAR) X13 sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq özünün korporativ Ekoloji Monitorinq proqramını hazırlamış və icra edlməkdədir. ETSN X18 Monitorinq İdarəsi (XKEMİ) öz Əsasnaməsinə və qanunvericiliyin tələblərinə əsasən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitə antropogen təsirin kəmiyyət və keyfiyyət göstəricilərinin, ekoloji kriteriyaların elmi əsaslarla müəyyən edilməsi, proqnozlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi üçün ekoloji monitorinqlər keçirir. Bu monitorinq qrafiki SOCAR-ın dənizdə və quruda fəaliyyət göstərən qurumlarında, əməliyyat şirkətlərində ETSN XKEMİ ilə birlikdə ekoloji monitorinqin keçirilməsi üçün hazırlanmışdır. Qrafikdə monitorinq keçirilməsi nəzərdə tutulan qurum, monitorinqin tarixi və iştirakçılar haqqında ilkin məlumat verilmişdir. Monitorinq qrafikində istehsalat məsələləri, iş rejimi, hava şəraiti və digər səbəblərə görə zərurət yarandıqda tarixin, həmçinin monitorinqdə iştirak edən əməkdaşların siyahısında müvafiq qaydada rəsmiləşdirilməklə dəqiqləşmə və dəyişiklik edilə bilər. Monitorinqdə iştirak edən nümayəndələr SOCAR daxili buraxılış, mühafizə və təhlükəsizlik qaydalarına riayət edəcəklər. Məktuba əlavə edilmiş monitorinq cədvəlində monitorinqin “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində 20-22 iyun 2023-cü il tarixlərdə keçirilməsi qeyd olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçisi-müfəttişi X10 tərəfindən “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 20 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, 23 fevral 2023-cü il tarixdə XKEMİ-nin mütəxəssisi tərəfindən “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ərazisində aparılmış monitorinqlərin nəticəsində ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olduğu, su obyektlərinin çirklənməsinin qarşısını alan qurğuları olmayan müəssisənin istismar edilməsi aşkar edilmişdir. Lakin, həmin monitorinqlərin aparılması barədə “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə əvvəlcədən rəsmi məlumat verilməmiş, monitorinq zamanı şirkətin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Belə ki, “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin SƏTƏM üzrə menecerinin ünvanına imzasız və tarixsiz, yəni heç bir hüquqi qüvvəsi olmayan arayış göndərilərək, arayışda xx.xx.2023-cü il tarixində X18 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qum adası, Bahar Enerji ƏŞ ərazisində monitorinq keçirilmiş və lay sularının dənizə töküldüyü yerdən su nümunələri götürüldüyü qeyd edilmiş, lakin həmin nümunələrin “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin kontrakt ərazisindən götürülməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, inzibati xəta hadisəsi ilə bağlı faktın 20 aprel 2023-cü il tarixli 79120 nömrəli monitorinq aktı və ərazidə çəkilmiş fotoşəkillər ilə təsdiq edildiyi qeyd edilmişdir. Lakin məhkəməyə təqdim edilmiş akta və fotoşəkillərə əsasən dənizə axıdıldığı qeyd olunan suyun çirkab suları olmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, fotoşəkillərdə vizual şəkildə su borusundan gələn suyun dənizə axması müşahidə edilsə də, lakin fotoşəkillərdən həmin su borusunun “X17 Company Limited” şirkətinə məxsus olub-olmamasını, həmin ərazinin konkret olaraq hansı ərazi olmasını müəyyən etmək mümkün olmamış, həmçinin, su nümunələrinin fotoşəkillərdə göstərilən borudan axan suyun töküldüyü yerdən, dənizdən və ya həmin borunun içərisindəki sudan götürülməsini müəyyən etmək mümkün olmamış, su nümunələrinin konkret olaraq haradan götürülməsinə dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, aktdan və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi çirkab su nümunəsinin hansı mənbədən götürüldüyü, borunun hansı şirkətə məxsus olması, “X17 Company Limited” şirkəti tərəfindən dənizə hər hansı formada çirkab su axıntısının həyata keçirilib-keçirilmədiyini müəyyən etmək mümkün deyildir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclaslarının monitorinqdə iştirak edən X18 Monitorinq İdarəsinin əməkdaşlarının iştirakının təmin edilməsi məqsədilə dəfələrlə təxirə salınmasına baxmayaraq, həmin əməkdaşların iştirakı təmin olunmamışdır. Bundan başqa, iş materiallarının tədqiqi zamanı müəyyən olunmuşdur ki, “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində 20-22 iyun 2023-cü il tarixlərdə ekoloji monitorinq keçirilməsi planlaşdırılsa da, lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və X18 Monitorinq İdarəsinin əməkdaşları heç bir dövlət qurumundan rəsmi icazə almadan, “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə rəsmi məlumat vermədən 23 fevral 2023-cü il tarixdə “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin kontrakt ərazisində monitorinq keçirmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, hüquqi şəxs “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində inzibati xata haqqında iş üzrə icraat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla aparılmışdır. Belə ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2015-ci il tarixli, 660 nömrəli fərmanına əsasən həmin fərmanın qoşmasında qeyd edilən Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı ilə anarılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 2.1-ci maddəsinə əsasən “Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir”. Həmin qanununun 3.2.-ci maddəsinin tələblərinə əsasən “yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olumnuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz”. Həmin Qanunun 16.11-ci maddəsinə əsasən, plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Həmin qanunun 31-ci maddəsinə əsasən yoxlama aktında digər məlumatlarla yanaşı yoxlama suallarının siyahısının konkret suallarının nömrələri göstərilməklə aşkar olunmuş qanun pozuntularının məzmunu, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri, əgər varsa, sahibkarın izahatı, iradı və ya etirazı, yoxlama aktına əlavə edilən sənədlərin siyahısı və sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin imzaları göstərilməlidir. Yoxlama aktına yoxlama suallarının siyahısı, habelə yoxlama aktında göstərilən məlumatları təsdiqləyən və yoxlamanın nəticələri üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyət kəsb edən digər sənədlər əlavə edilir. Həmin qanunun 31.5-ci maddəsinə əsasən yoxlama aktı yoxlamanın basa çatdığı gündən gec olmayaraq yoxlamada iştirak edən bütün yoxlayıcılar tərəfindən imzalanır. Yoxlama aktını imzalamış yoxlayıcılar yoxlama aktına və yoxlama suallarının siyahısına daxil edilmiş qeyd və məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Həmin qanunun 31.8-ci maddəsinə əsasən Sahibkar yoxlama aktının məzmunu və (və ya) ona əlavə edilmiş sənədlərlə (yoxlama suallarının siyahısı da daxil olmaqla) və ya yoxlayıcının hərəkəti (hərəkətsizliyi) ilə razılaşmadığı halda, yoxlama aktında yoxlama aktını imzalamadan əvvəl müvafiq qeyd aparmaqla öz izah, irad və etirazını bildirə bilər. Həmin qanunun 31.9-cu maddəsinə əsasən Yoxlama aktı iki nüsxədə tərtib edilir. Yoxlama aktının və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir, digər nüsxəsi isə yoxlayıcı orqanda qalır. Həmin qanunun 31.10-cu maddəsinə əsasən “Sahibkar yoxlama aktını almaqdan və (və ya) onu imzalamaqdan imtina etdikdə, bu barədə yoxlayıcılar tərəfindən yoxlama aktında müvafiq qeydlər aparılır. Bundan sonra yoxlama aktının müvafiq surəti alınmasını təsdiq edən istənilən vasitə ilə yoxlama basa çatdığı tarixdən növbəti tic is günü ərzində sahibkara göndərilir. Həmin qanunun 31.6-cı maddəsinə əsasən Yoxlama aktı yoxlamada iştirak etmiş yoxlayıcılar tərəfindən imzalandıqdan sonra sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə imzalanmaq üçün təqdim edilir. Həmin qanunun 33.3-cü maddəsinə yoxlamanın nəticələri üzrə qərar yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanır. Yoxlamanın nəticələri üzrə qərarın surəti çıxarıldığı vaxtdan üç iş günündən gec olmayaraq_sahibkara təqdim edilir və ya alınmasını təsdiq edən poçt vasitəsi ilə göndərilir, qərarın əsli isə yoxlayıcı orqanda saxlanılır. Beləliklə məhkəmə iclasında isə müəyyən olunmuşdur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1dək dayandırıldığı halda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı alınmadan, həmin Nazirliyin əməkdaşının iştirakı təmin edilmədən, həmçinin, “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsinin iştirakı təmin edilmədən “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində qanunsuz olaraq plandandankənar yoxlama keçirilmişdir. Bu səbəbdən də qanunvericiliklə imperativ qaydada sahibkara və ya onun nümayəndəsinə təqdim edilməsi nəzərdə tutulan üç zəruri sənəddən biri, yəni yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış sonuncuya təqdim edilməmiş və nəticədə, yoxlamanın aparılmasının qanunvericilikdə nəzərdə tutulmuş prosessual qaydası pozulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində plandandankənar yoxlamanın keçirilməsi qeyriqanuni hesab edilməli və həmin yoxlama zamanı toplanmış matreriallar “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 4-cü bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və toplanmış digər materiallar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinəəsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1842/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1842/2023
02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver