Məhkəmə qərarları › İş №3(010)-187/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-187/2022

15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-187/2022 15.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X7, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin nümayəndəsi X3 iştirakı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X7 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin 28 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə bağlı şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin 28 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X14 Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunundan görünür ki, X14 1 nömrəli Hövsan Zeytunçuluq sovxozunda yerləşən və icarəsində olan 0,0125 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan məqsədlər üçün istifadə etmişdir. X14 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, yuxarıda qeyd olunan torpaq sahəsini üzərindəki ev tikilisi ilə birlikdə 2017-ci ildə «makler» kimi tanıdığı X15 vasitəsilə alıb. Alğı-satqı vaxtı X12 ümumilikdə 51.750 manat məbləğində pul vermişdir. Bu məbləğin 50.000 manatı satıcıya verilib. 1.000 manatı X15 göstərdiyi vasitəçilik xidmətinin haqqı kimi özünə götürmüş, qalan 750 manatı da götürərək bu məbləği notariat əməliyyatına və s. zəruri məsrəflərə xərcləyəcəyini bildirmişdir. Şikayətçi bildirir ki, alğı-satqı zamanı yuxarıda qeyd olunan 0,0125 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu bilməyib. «Makler» X15 da ona bu barədə heç nə deməmişdir. Beləliklə, ətrafda da ev tikililərinin olduğunu görüb arxayın alğı-satqı etmiş və sonradan torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənəd almışdır. Daha sonra ona məlum olub ki, aldığı evin altındakı torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Bununla bağlı X12 öz etirazını bildirmiş, sonuncu ona demişdir ki, 2.000 manat pul müqabilində torpağın təyinatının dəyişdirilməsi ilə bağlı bütün zəruri rəsmiləşdirmə işlərini təşkil edə bilər. X12 inanıb ona daha 2.000 manat miqdarında pul vermişdir. Lakin xeyli müddət keçdiyinə baxmayaraq, Alimin heç bir iş görməməsi səbəbindən ondan pulunu geri tələb etmiş, X4 ona cəmi 1.000 manat qaytarmışdır. Qalan 1.000 manatı X15 bu günədək qaytarmayıb. Şikayətçi bildirir ki, əgər ona torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu və üzərindəki ev tikilisinin rəsmiləşdirilməsində problemlər yarana biləcəyi vaxtlı-vaxtında bildirilsəydi, həmin evə xərclədiyi pulu verib özünə başqa ev alardı. Şikayətçi xüsusilə vurğulayır ki, alğı-satqı vaxtı ev tikilisi tam inşa edilmiş və təmirli vəziyyətdə olub. Yəni o, müvafiq əmlakı əldə etdikdən sonra torpaq sahəsinin üzərində heç bir yeni tikili inşa etməyib. Belə olan halda Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunması da qanunsuz sayılmalıdır. Göstərilənlərə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 28 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. Şikayətçinin vəsatəti ilə şahid qismində dindirilmiş X15 bildirmişdir ki, daşınmaz əmlakın alğı-satqısında vasitəçilik fəaliyyəti ilə məşğul olur. Fəaliyyət göstərdiyi «ofis» yuxarıda qeyd olunan torpaq sahəsi ilə üzbəüz yerləşir. Şahid həmçinin qeyd edir ki, yuxarıda göstərilən torpaq sahəsi üzərindəki tikili ilə birlikdə X8 onun vasitəçiliyi ilə satılıb. Həmin əmlaka görə Vahid Teymurov ümumilikdə 51.750 manat verib. Bu məbləğin 50.000 manatı əmlakın satıcısına təqdim olunmuş, 1.750 manatı isə o, özü götürmüşdür. Həmin 1.750 manatın 750 manatını notariat və s. rəsmiləşdirmə işlərinə xərcləmiş, qalan 1.000 manatını göstərdiyi vasitəçilik xidmətinin haqqı kimi özünə götürmüşdür. Şahid həmçinin qeyd edir ki, alğı-satqı vaxtı torpaq sahəsinin üzərində tam inşa edilmiş və təmirli vəziyyətdə ev tikilisi olub. Yəni şikayətçi hazır ev tikilisi almışdır. Həmin tikilinin altındakı torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu alğı-satqı zamanı X8 bildirməyib. Çünki ətrafdakı torpaqlarında hamısı kənd təsərrüfatı təyinatlıdır və buna baxmayaraq üzərlərində ev tikililəri var. Şikayətçinin vəsatəti ilə şahid qismində dindirilmiş X13 bildirmişdir ki, 318 nömrəli tam orta məktəbdə laborant vəzifəsində işləyir. Ailəsinin maddi vəziyyətində olan problemlərlə bağlı qərara gəlmişdir ki, günorta məktəbdən işdən çıxdıqdan sonra başqa yerdə işləsin. Bu məqsədlə X9 yanına işə düzəlmişdir. Aralarında əmək müqaviləsi bağlanmayıb. X4 ilə belə razılaşmışlar ki, sonuncu ona gördüyü işin müqabilində hər ay 400 manat miqdarında əməkhaqqı ödəyəcək. Beləliklə, 2019-cu ilin fevral ayından etibarən günorta məktəbdən işdən çıxdıqdan sonra X9 «ofisinə» gedir və orada saat 19.00-dək işləyirdi. Lakin Alim ona iki ayın əməkhaqqını, yəni ümumilikdə 800 manat verdikdən sonra pul olmadığını əsas gətirərək əməkhaqqı verməməyə başladı. Alimin gectez ona əməkhaqqısını vərəcəyinə ümid edərək 2019-cu ilin iyun ayınadək onun «ofisində» işləmiş, lakin sonuncunun pul vermədiyini görüb iyun ayında işdən çıxmışdır. Bundan sonrakı dövrdə X15 ona borcunun hesabına 100 manat vermiş, lakin borclu qaldığı 1.100 manatı bu günədək verməmişdir. Şahid həmçinin bildirir ki, X9 yanında işlədiyi vaxt 318 nömrəli tam orta məktəbin direktor müavini Rəsmiyyə xanım ona bildirmişdir ki, tanışları ev axtarırlar. Həmin adamlar X14 və sonuncunun həyat yoldaşı idi. Beləliklə, X10 və həyat yoldaşını aparıb X15 ilə tanış etmiş və sonuncu «ofislə» üzbəüz yerləşən torpaq sahəsinin üzərindəki ev tikilisi ilə birlikdə şikayətçiyə satılmasında vasitəçilik etmişdir. Şikayətçinin vəsatəti ilə şahid qismində dindirilmiş X2 bildirmişdir ki, X14 ilə qonşuluqda yaşayır. Yuxarıda göstərilən torpaq sahəsinin üzərindəki ev tikilisi Vahid Teymurovgil ora köçməzdən xeyli əvvəl, torpağın əvvəlki sahibi tərəfindən inşa olunub. X5 hazır vəziyyətdə olan ev tikilisi alıb, ora köçmüş, sonradan həmin yerdə heç bir yeni tikili inşa etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin nümayəndəsi X11 bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi kənd təsərrüfatı təyinatlı torpaqlardan məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Bu baxımdan torpaq sahəsinin üzərindəki tikilinin X14 tərəfindən deyil, başqa şəxs tərəfindən inşa olunması əhəmiyyətli deyil. Çünki barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan məqsəd üçün istifadə etməyə başlamış və hazırda da istifadə etməkdə davam edir. Nümayəndə göstərilənləri nəzərə alaraq şikayətin rədd olunmasını məhkəmədən xahiş edir. İzahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti ilə (həmin sənəd surətini məhkəməyə X14 təqdim edib) müəyyən olunur ki, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozunun ərazisində yerləşən 0,0125 hektarlıq kənd təsərrüfatı təyinatlı (məqsədli təyinatı – sahibkarlıq) torpaq sahəsi icarə hüququ əsasında X8 ayrılmış, bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində 1026 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində 07 iyun 2019-cu ildə ********** nömrəsi ilə qeydiyyat aparılmışdır. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən edilir ki, inzibati tənbeh vermə haqqında 28 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarda göstərilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla X7 icarəsinə sahibkarlıq fəaliyyəti göstərməsi məqsədilə ayrılıb. Eyni zamanda müəyyən olunur ki, həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa edilib. İstifadə dedikdə əşyadan onun faydalı təbii xassələrini hasil etmək, habelə ondan fayda götürmək imkanı nəzərdə tutulur. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. İşin faktik hallarından X1 torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi tikilisində yaşadığı, bununla da ondan istifadə etdiyi, yəni müvafiq mənada fayda götürdüyü görünür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır». Həmin Məcəllənin 13-cü maddəsinə əsasən «1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. 2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. 3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir». Eyni Məcəllənin 9-cu maddəsinin 3-cü bəndinə əsasən «Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir». Məsələyə hüquqi qiymət verərək məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutur. 28 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarda göstərilən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmaqla sahibkarlıq fəaliyyəti göstərməsi məqsədilə X7 icarəsinə ayrıldığını, sonuncunun isə həmin torpaq sahəsindən (eynilə üzərindəki fərdi yaşayış evindən) məqsədli təyinatına (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin yuxarıda istinad olunan müddəalarında göstərilənlərə) uyğun olmayan məqsədlə, yəni daimi yaşayış məqsədilə istifadə etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinin tərkibi mövcuddur. Bunları nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin nümayəndəsi X3 mövqeyi ilə razılaşır və hesab edir ki, müvafiq fərdi yaşayış evinin X14 tərəfindən və ya daha əvvəl başqa şəxs tərəfindən inşa edilməsi X7 əməlinin Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinə tövsif edilməsi nəzərindən əhəmiyyətli deyil. Belə ki, hətta fərdi yaşayış evi tikilisi əvvəlki istifadəçi tərəfindən inşa edilmişsə də belə, X14 hazırda həmin tikilidən istifadə edir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin mənasına görə hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxarkən mübahisələndirilən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X7 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin 28 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə bağlı şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar