Məhkəmə qərarları › İş №3(010)-1876/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1876/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1876/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon X11 Şöbəsinin inspektoru, polis mayoru X1 iştirakları ilə, 01 avqust 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 6GC6YN0, Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Respublikasının Prezidenti yanında antiinhisar və istehlak bazarına nəzarət dövlət agentliyində məsləhətçi (dövlət qulluqçusu) işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, X3 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon X11 Şöbəsinin inspketoru, polis mayoru X4 tərəfindən qəbul edilmiş 16 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 31 mart 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon X11 Şöbəsinin inspektoru, polis mayoru X4 tərəfindən qəbul edilmiş 16 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə olunmuşdur. 21 aprel 2025-ci il tarixdə X3 Bakı şəhəri Suraxanı rayon Dövlət yol Polis Şöbəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş 16 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İş materiallarından göründüyü kimi X3 yaşayış yeri ünvan 1 ünvanıdır. Səid Novruzov tərəfindən şikayətinə yaşayış yeri üzrə məhkəmədə baxılması barədə vəsatət verilmişdir. Bununla da müəyyən olunur ki, Səid Novruzov tərəfindən şikayət aidiyyəti üzrə düzgün məhkəməyə və şikayət vermə müddəti ötürülmədən verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X7 izahatında göstərdi ki, 31 mart 2025-ci il tarixdə axşam saatlarında avtomobilinin xarici işıq cihazlarından biri sıradan çıxdığı üçün təhlükəsizliyi təmin etmək məqsədilə və qaranlıqda hərəkət etmək üçün həmin hissəyə onda olan digər əmtəə markalı ehtiyyat lampanı müvəqqəti olaraq yerləşdirmiş və sonradan hərəkətə başlamışdır. Nəticədə avtomobilinin sağ işıq cihazının rəngi sol tərəfdəkindən bir qədər fərqli görünsə də, bu hal hər hansı təhlükə yaratmamış və xarici işıq cihazlarının standartlara uyğun tənzimlənməsinə heç bir təsir göstərməmişdir. Həmin gün saat təxminən 22:30 radələrində **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili tərəfindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində saxlanılmış və YPX əməkdaşı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında TP ******* nömrəli qərarla tərtib olunmuşdur. Bildirmişdir ki, tətbiq olunmuş maddənin onun hərəkətinə heç bir hüquqi uyğunluğu yoxdur. Bu maddənin məzmununda həmin maddəni konkret olaraq “Xarici işıq cihazları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə” tətbiq edildiyi qeyd edilmişdir. Mövcud vəziyyətdə isə belə bir hal müşahidə olunmamış və xarici işıq cihazları tam saz vəziyyətdə olmuşdur. Bundan əlavə, qeyd etmişdir ki, “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının qanununda xarici yaxın işıq cihazlarının rəng tonunun fərqli olmasına dair hər hansı bir tələb və ya qadağa qeyd edilməyib. Təəssüf ki, yol patrul xidmətinin inspektoru X2 baş verənləri obyektiv araşdırmaq əvəzinə qərəzli olaraq avtomobilin xarici işıq cihazlarının rəng tonunun cüzi fərqlənməsini nasazlıq hesab olunduğunu bildirmiş və barəsində əsassız şəkildə protokol tərtib etmişdir. O, nasazlığı hər hansı xüsusi texniki vasitə və ya cihazla ölçməmiş bu qərara gəlmişdir. Barəsində tərtib olunmuş protokol ilə bağlı DİN-nə şikayət etmiş, onu Suraxanı rayon Polis İdarəsinə çağırılsalar da, onun idarəyə getməyə vaxtı olmamışdır. Qeyd etmişdir ki, o, Qarabağ müharibəsi iştirakçısıdır və döyüş zamanı kontuziya almışdır. Bu səbəbdən, polis əməkdaşının haqsız davranışı ona xüsusilə pis təsir etmiş, psixoloji gərginliyə və mənəvi sarsıntıya səbəb olmuşdur. Qeyd etdiklərinin nəzərə alınmasını, barəsində tərtib olunmuş inzibati protokolun və tətbiq olunmuş cərimənin ləğv edilməsini, polis əməkdaşı barəsində qanunamüvafiq tədbir görülməsini və ona dəymiş mənəvi ziyana görə kompensasiyanın cavabdehdən tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon X11 Şöbəsinin inspektoru, polis mayoru X2 izahatında göstərdi ki, 31 mart 2025-ci il tarixində saat təxminən 22:30 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində Mercedes Benz E200 minik markalı, 99GA093 dövlət qeydiyyat nişanlı avtomobili saxlamış və avtomobilin faralarının rənglərində fərqlilik olduğuna görə X3 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 31 mart 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında inspektor X4 tərəfindən 16 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə olunmuşdur. Bildirmişdir ki, faraların rənglərində fərqlilik ola bilməz. Faralarda fərqlilik olduqda qaranlıqda qarşıdan gələrkən moped-motosikl yoxsa avtomobil olduğunu müəyyən etmək mümkün olmur. Bu halda faraların fərqli rəngdə olan işıqları qarşıdan gələn avtomobillərə mane ola bilir. X3 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon X11 Şöbəsinin 16 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı rayon X11 Şöbəsinin inspektoru, polis mayoru X4 tərəfindən qəbul edilmiş 16 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXMnin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 31 mart 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Səid Novruzov həmin protokoldan narazı qalmış və protokolu imzalamamışdır. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon X11 Şöbəsinin inspektoru, polis mayoru X4 tərəfindən qəbul edilmiş 16 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, Bakı şəhəri Suraxanı rayon X11 Şöbəsinin polis mayoru X1 inzibati tənbeh tətbiq etmə haqqında 16 aprel 2025-ci il tarixli qərarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, X7 tərəfindən yol hərəkəti qaydalarının pozulması və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə kifayət qədər sübuta yetirilmir. Belə ki, Yol Hərəkəti haqqında Qanunun 1 saylı əlavəsində nəqliyyat vasitələrin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı göstərilmişdir. İ. Tormoz sistemləri İİ. Sükan idarə mexanizmi İİİ. Xarici işıq cihazları İV. Qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları V. Təkərlər və şinlər Vİ. Mühərrik Vİİ. Konstruksiyanın digər ünsürləri. Xarici işıq cihazları: 1)Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. 2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. 3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda. 4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə. 5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda. 6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İXM-nin 98-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi-tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. Məhkəmə iclasında iş materiallarının tədqiqi zamanı müəyyən olunmuşdur ki, Bakı şəhər Suraxanı rayon X11 Şöbəsinin əməkdaşı işıqların rənglərinin fərqliliyini hər hansı bir cihazla yoxlamamış və heç bir araşdırma aparmadan vizual baxışla pozuntu hesab etdiyi halı aşkarlamış və X3 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında X7 hər hansı qanun pozuntusuna yol vermədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla da həmin qərarda İXM-nin 76.1-ci maddəsində sadalanmış konkret hər hansı bir sübuta, həmçinin İXM-nin 77 – 83-cü maddələrində müəyyən edilmiş hər hansı bir sübut növünə istinad edilməmişdir. Məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. Belə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. Şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, lakin inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, iş üzrə görünür ki, barəsində protokol tərtib edilmiş şəxs təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübut toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi mötəbər sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xəta haqqında iş üzrə 16 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. Buna görə də məhkəmə prosessual qənaət prinsipini əsas tutaraq hesab edir ki, mübahisələndirilən qərarın yenidən məhkəmə tərəfindən ləğv edilməsi və araşdırılması üçün inzibati orqana (vəzifəli şəxsə) göndərilməsi nəticəsiz olacaqdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İXMnin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirliliyi sübuta yetirilmədiyindən Bakı şəhəri Suraxanı rayon X11 Şöbəsinin inspektoru, polis mayoru X4 tərəfindən qəbul edilmiş 16 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Odur ki, X6 ona dəymiş mənəvi zərərlə bağlı mülki qaydada müracit etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirliliyi sübuta yetirilmədiyindən Bakı şəhəri Suraxanı rayon X11 Şöbəsinin inspektoru, polis mayoru X4 tərəfindən qəbul edilmiş 16 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X6 ona dəymiş mənəvi zərərə görə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar