Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1877/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X2 iştirakı ilə, 19 iyul 1994-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, FİN 5ZQHSEM, “ŞAM-Fİ X4” MMC-də insan resursları üzrə idarə qulluqçusu işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X2 Azərbaycan Respublikası İXM-nin 212.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsi tərəfindən qəbul edilmiş 15 aprel 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin sahə rəisi X7 tərəfindən qəbul edilmiş 15 aprel 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti 21 aprel 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. X2 şikayət ərizəsinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:30-19:50 radələrində yaşadığı ünvan Yeni Günəşli qəsəbəsi, V Y/S, təzə məhəllə ünvanına gedərkən arxasınca 334 seriya nömrəli mülki avtomobil düşmüşdür. Yaşadığı ərazi öz məskunlaşdığı sahə olduğu üçün qorxaraq arxaya baxıb avtomobildəkilərin tanış olub-olmamasını dəqiqləşdirdikdən sonra yoluna davam etmişdir. Yolda olduğu müddətdə tütün məhsulundan-siqaretdən istifadə etmişdir. Daha sonra yol ayrıcında dayanmış, həmin avtomobilin onu ötməsini gözləmişdir. Siqareti söndürmüş kötüyü isə cibinə qoymuşdur. Avtomobil ondan 10-15 metr aralandıqdan sonra yolunu kəsərək avtomobildən düşən şəxslər ona yaxınlaşmışdır. Maşında bir mülki geyimli və 1 formalı əməkdaş var idi. O, mülki geyimli şəxsi gördükdə təhlükə olduğunu zənn edərək həyəcanlanmışdır. Mülki geyimli şəxs onun barəsində İXM-nin 212.4-cü maddəsi ilə protokol tərtib etmişdir (EXP 1678876). Daha sonra Suraxanı RPİ-nin 33-cü PB-nə yaxınlaşaraq yalnış protokol tərtib edildiyini bildirsə də, bunun mülki formada olmasını, cinayətkar təqib edirmişcəsinə təqib edilməyini söyləsə də müraciətinə baxılmamışdır. (Sahə rəisi X7) müraciətinə baxılan zaman ondan heç bir izahat forması yazılması istənilməmiş, əksinə 2021-ci il tarixində adına rəsmiləşdirilən protokolun cərimə ödənişinin olunması tələb olunmuş, əks halda protokolun 4 il müddətinə ödənilmədiyi üçün məhkəməyə müraciət edərək barəsində 60 sutka həbs verilə biləcəyini söyləmişdir. O, isə bunu unutduğunu və ödəməyə hazır olduğunu bildirərək kovid zamanı maska taxmadığı üçün onun barəsində yazılmış EXP123287 nömrəli protokol üzrə 100 manat cəriməni ödəmişdir. Lakin mövcud müraciəti ilə bağlı ona heç bir sübut təqdim olunmamışdır. Mülki maşın, mülki geyimdə yazılan bu protokolun heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X3 izahatında şikayət ərizəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq edərək göstərdi ki, ona yazılmış inzibati tənbeh vermə haqqında qərar İXM-nin 212.4-cü maddəsi ilə olsa da və həmin maddədə tütün məmulatları tullantılarının ətraf mühitə atılması qeyd olunsa da inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş polis əməkdaşı tərəfindən ona heç bir sübut təqdim edilməmiş, yalnız bir videogörüntü təqdim olunmuşdur. Həmin videogörüntüyə məhkəmə iclasında baxılan zaman görüntüdəki şəxsin özü olmasını qeyd etmiş, lakin əlindəki siqareti atması ilə bağlı hər hansı sübutun mövcud olmadığını bildirmişdir. O, siqareti yerə atmadığını cibinə qoyduğunu bildirmişdir. Buna görə də barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirmişdir ki, həmin ərazidə həmişə hamı siqaret çəkib yerə atıb, zibil qabları mövcud deyil və heç vaxt problem olmayıb. Siqaretin cəriməsinin 30 manatdan 300 manata qalxmağı ilə bağlı məlumatı olmamışdır. Bu hadisə baş verən zaman siqareti yerə atmamasının səbəbi bu olmuşdur ki, son zamanlar cərimə məbləği qalxdığı üçün vətəndaşlara şifahi xəbərdarlıq olunur. X1 DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin sahə rəisi X7 tərəfindən qəbul edilmiş 15 aprel 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, Azərbaycan Respublikası İXM-nin 212.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmiş, lakin məhkəmədə tədqiq edilməsi üçün 01 ədəd videogörüntü olan CD disk təqdim edilmişdir. Məhkəmə, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Şikayətdən görünür ki, X3 tərəfindən 15 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət 21 aprel 2025-ci il tarixdə verilmiş, şikayət vermə müddəti ötürülməmiş və şikayət aidiyyəti üzrə düzgün olaraq verildiyindən məhkəmənin icraatına qəbul edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasına görə DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin sahə rəisi, X5 15 aprel 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İXM-nin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda həmçinin qərardan şikayət verilməsi müddəti və qaydası göstərilməli olduğu halda EPQ ******* saylı qərarda bu hal qeyd olunmamışdır. İXM-nin 212.4-cü maddəsi əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aiddir. İXM-nin 102-ci maddəsinə əsasən həmin Məcəllənin 212.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati araşdırma zərurəti yoxdur. İş materiallarında olan videodiskə məhkəmə iclasında baxış keçirərkən müəyyən olunmuşdur ki, X2 videogörüntüdə siqaret çəkdiyi görünsə də siqareti yerə atması görünmür, siqaretin yerə atılması faktı başqa hər hansı mötəbər sübutla təsdiq olunmur, bundan başqa şəxsin barəsində izahatı alınmadan dərhal qərar qəbul edildiyindən, həmçinin Domrul Hüseynlinin inzibati xətanı törətməsində təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsinə əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə üç yüz manat məbləğində cərimə edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin sahə inspektoru X7 tərəfindən X3 barəsində tərtib edilmiş 15 aprel 2025-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək, hüquqların izah edilməsi ilə bağlı hər hansı qeyd yoxdur. Müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin hər hansı izahatı və mülahizəsi də protokola əlavə olunmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hazırkı iş üzrə yuxarıda qeyd edildiyi kimi, tərəf inzibati xətanın mövcudluğu ilə razılaşmadığı üçün əvvəl protokol tərtib edilərək, tərəfin iştirakı ilə onun inzibati xəta törədib-törətməməsi araşdırılmadan, aşkar olunan hal mötəbər sübutlarla təsdiq olunmadan X2 barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 15 aprel 2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də həmin qərar işin hallarının hərtərəfli, tam və obyektiv araşdırmanın nəticəsi olaraq qəbul edilmiş qərar hesab edilə bilməz. Məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. Belə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. Beləliklə, iş materiallarından görünür ki, barəsində protokol tərtib edilmiş və qərar qəbul edilmiş şəxs təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübutlar toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə iş materiallarını və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin izahatını tədqiq edərək hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Buna görə də məhkəmə prosessual qənaət prinsipini əsas tutaraq hesab edir ki, mübahisələndirilən qərarın yenidən məhkəmə tərəfindən ləğv edilməsi və araşdırılması üçün inzibati orqana (vəzifəli şəxsə) göndərilməsi nəticəsiz olacaqdır. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 212.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun şikayəti təmin edilməli, DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin sahə rəisi, X7 tərəfindən tərtib edilmiş 15 aprel 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 212.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirliliyi sübuta yetirilmədiyindən Bakı şəhəri Suraxanı RPİnin 33-cü polis bölməsinin sahə rəisi, X7 tərəfindən tərtib edilmiş 15 aprel 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-1877/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1877/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver