Məhkəmə qərarları › İş №3(010)-1885/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1885/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1885/2024 16.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru X1 iştirakları ilə, xx xxxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əlilliyi olmayan, əvvəllər məhkum olunmuş, Qusar rayonu, Şirvanovka ərazi dairəsi, Şirvanovka kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs, 16 aprel 2024-cü il tarixdə, gecə radələrində Bakı şəhəri, Suraxanı rayonu ərazisində içkili halda polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyərək onlarla mübahisə etmiş, onların ünvanına nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozan hərəkətlər etməklə xırda xuliqanlıq etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 16 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, 16 aprel 2024-cü il tarixdə gecə saatlarında Suraxanı rayon ərazisində avtomobili xarab olmuş, avtomobil saxlanılmış halda polis əməkdaşları onlara yaxınlaşmış və aralarında sözlə mübahisə olmuşdur. Həmin vaxt yanında X4 olmuşdur. Avtomobili idarə etmədiyi halda post patrul xidməti əməkdaşları ondan sənədlərini istədiyi üçün aralarında narazılıq yaranmışdır. Həmin vaxt sərxoş vəziyyətdə olduğu üçün polis əməkdaşları ilə sözlə mübahisə etmişdir. Polis əməkdaşları onu və X2 şöbəyə aparmışlar. Polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Şöbədə olarkən polis əməkdaşları onunla və tanışı Səbuhi Əliyevlə kobud danışdıqları üçün onlar da cavab olaraq qarşılıq vermişlər. Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirərək, hadisə vaxtı spirtli içki qəbulunun təsirində olduğundan etdiyi hərəkətlərin çoxunu dərk etməmişdir. Sonda məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru X3 göstərdi ki, Şəxs X4 ilə birlikdə 16 aprel 2024-cü il tarixdə, gecə radələrində Bakı şəhəri, Suraxanı rayonu ərazisində içkili halda avtomobildə əyləşmiş, polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyərək onlarla mübahisə etmiş, polis əməkdaşları hadisə yerinə yol patrul əməkdaşları çağırmış, yol patrul əməkdaşları gəldikdən sonra avtomobilin cərimə meydançasına getməli olduğunu bildirmişlər. Bu zaman həmin şəxslər polis əməkdaşları ilə mübahisə etmişlər, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozan hərəkətlər etməklə xırda xuliqanlıq etmişlər. Həmin şəxsləri 31-ci polis şöbəsinə gətirmişlər. Şöbəyə gəldikdən sonra onlar hərəkətlərinə davam etmiş, polis əməkdaşlarına təkrar hörmətsizlik etmiş, polis əməkdaşlarına jurnalist olduğunu bildirərək onlardan şikayətlər yazacağını bildirmiş, polis əməkdaşları onlardan telefonlarını istədikdə onlar, telefonu təqdim etməkdən imtina etmişlər. Şöbənin fəaliyyəti müəyyən müddət dayanmış, şöbədə olan əməliyyat qrupu məcburiyyətdən onlarla məşğul olmuş, həmçinin onların qanunsuz hərəkətləri nəticəsində şöbədə olan istilik sistemi yerindən qopmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Bölüyünün polis serjantı X5 ifadəsində göstərdi ki, 16 aprel 2024-cü il tarixdə, gecə radələrində Bakı şəhəri, Suraxanı rayonu ərazisində opel markalı avtomobilə yaxınlaşmışlar, avtomobildə Şəxs və X4 olmuş, həmin şəxslər içkili vəziyyətdə olmuşdur. Onlardan sənədlərini istədikləri üçün Şəxs və X4 polis əməkdaşları ilə mübahisə etmiş, polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməmişlər. Hadisə yerinə yol patrul xidməti əməkdaşları çağırmışlar ki, onları sərxoşluq müayinəsindən keçirsinlər. Lakin yol patrul xidməti əməkdaşları gəldikdən sonra da həmin şəxslər avtomobilin cərimə meydançasına getməsinə maneə törətmiş və sərxoşluq müayinəsindən keçməkdən imtina etmişlər. Bu zaman Şəxs və X4 polis əməkdaşları ilə mübahisə etmiş, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozan hərəkətlər etməklə xırda xuliqanlıq etmişlər. Buna görə də həmin şəxsləri şöbəyə gətirib təhvil vermişlər. Şöbədə baş verən hadisələrdən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Bölüyünün polis serjantı X6 ifadəsində göstərdi ki, 16 aprel 2024-cü il tarixdə, gecə radələrində Bakı şəhəri, Suraxanı rayonu ərazisində Opel markalı avtomobilə yaxınlaşmışlar, avtomobildə Şəxs və X4 olmuş, həmin şəxslər içkili vəziyyətdə olmuşdur. Onlardan sənədlərini istədikləri üçün Şəxs və X4 polis əməkdaşları ilə mübahisə etmiş, polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməmişlər. Hadisə yerinə yol patrul xidməti əməkdaşları çağırmışlar ki, onları sərxoşluq müayinəsindən keçirsinlər. Lakin yol patrul xidməti əməkdaşları gəldikdən sonra da həmin şəxslər avtomobilin cərimə meydançasına getməsinə maneə törətmiş və sərxoşluq müayinəsindən keçməkdən imtina etmişlər. Bu zaman həmin şəxslər onlarla mübahisə etmiş, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozan hərəkətlər etməklə xırda xuliqanlıq etmişlər. Buna görə də həmin şəxsləri şöbəyə gətirib təhvil vermişlər. Şöbədə baş verən hadisələrdən məlumatı olmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoş olmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən Şəxs inzibati xətanı törədərkən orta dərəcəli sərxoş olmasını məhkəmə məsuliyyətini ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, tibbi yoxlamaya göndərilməsi ilə əlaqədar Şəxs 16 aprel 2024-cü il tarixdən, saat 06:52-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu – 16 aprel 2024-cü il tarixdən, saat 06:52-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu – 16 aprel 2024cü il tarixdən, saat 06:52-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar