Məhkəmə qərarları › İş №3(010)-1887/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1887/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1887/2024 16.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, X4 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Ermənistan Respublikasında anadan olmuş, FİN: xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı Metropolitenində fəhlə olaraq işləyən, məhkum olunmamış, əlilliyi və ağır xəstəliyi olmayan, Naxçıvan MR-nın Kəngərli rayonu, Çalxanqala Ə/D, Çalxanqala kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində nömrəsiz ünvanda yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs, 12 yanvar 2024-cü il tarixdə ailə-məişət zəminində həyat yoldaşı X2 döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Buna görə də Şəxs barəsində 16 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü qismən təqsirli bilərək göstərdi ki, 12 yanvar 2024-cü il tarixdə, həyat yoldaşı X6 ilə birlikdə yaşayan azyaşlı övladlarını görmək üçün ünvan 3 ünvanına getmiş, lakin X6 ailə üzvləri ilə birlikdə onu döymüşdür. O, həmin vaxt həyat yoldaşının sadəcə əlindən tutub sıxmış, onu vurmamışdır. Bundan başqa bildirdi ki, X6 və ailə üzvləri ona əvvəllər də bədən xəsarətləri yetirmişdir. Dəfələrlə aralarında mübahisələr olduğundan Suraxanı RPİ-nin 30-cu polis şöbəsində və idarədə araşdırmalar aparılmışdır. Hazırda həyat yoldaşı X6 ilə boşanma ərəfəsindədir və işlərinə Suraxanı rayon Məhkəməsində baxılır. Sonda Şəxs əməlindən peşiman olmasını, himayəsində azyaşlı övladlarının olmasını və işlədiyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, 12 yanvar 2024-cü il tarixdə səhər saatlarında həyat yoldaşı Şəxs ilə aralarında ailə-məişət zəminində mübahisə yaranmış, bu mübahisə zamanı sonuncu onu döyüb qəsdən sol əlinin 4-cü barmağınının şişkinlik və qançır, sol bazunun qançırından ibarət dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir, bundan başqa Şəxs onun qardaşının maşının şüşələrini sındırmış və maşının qapısına təpik vurmuşdur. O, həmçinin bildirmişdir ki, onların arasında tez-tez bu kimi hallar baş vermiş, müxtəlif zamanlarda Şəxs ona bədən xəsarətləri yetirmiş, bununla bağlı dəfələrlə 30-cu polis şöbəsində və Suraxanı polis idarəsində araşdırmalar aparılmış, həmçinin münaqişəli ailə kimi şöbədə qeydiyyatdadır. Bundan sonra X6 bildirdi ki, 22 noyabr 2024-cü il tarixdən X5 azyaşlı övladları ilə birlikdə valideynlərinin evində yaşayır və hal-hazırda Bakı şəhəri Suraxanı rayon Məhkəsində boşanma ilə bağlı məhkəmə prosesi davam edir. Özü dərzi kimi işləyərək övladlarına baxır. Həyat yoldaşı Şəxs tərəfindən döyülməsi birinci hal olmadığından onun barəsində həbslə bağlı inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, X7 bildirdi ki, 12 yanvar 2024-cü il tarixdə X5 ərizə verərək bildirmişdir ki, həyat yoldaşı Şəxs tərəfindən döyülərək bədən xəsarətləri almışdır. Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı Şəhriyar Babyev tərəfindən 3 fevral 2024-cü il tarixli cinayət işini başlanmasının rədd edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bu qərara əsasən də hadisəni törədən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsidən ötrü inzibti ərazidə xidmət aparan sahə inspektoruna həvalə olunmuşdur. Buna görə də, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Bundan başqa o, bildirdi ki, əvvəllər də baş vermiş ailə məişət zəminində mübahisələrə görə hər iki tərəf münaqişəli ailə kimi qeydiyyata alınmışdır. Məhkəmə tibbi ekspertizasının 25 yanvar 2024-cü il tarixli 28 nömrəli rəyinə əsasən X1 bədən səthində 12 yanvar 2024-cü il tarixə uyğun gələn sol əlin 4-cü barmağının şişkinlik və qançırı, sol bazunun qançırından ibarət xəsarətlər aşkar olunmuş, xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınması inkar olunmur, lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi eləcə də yıxılma nəticəsində alınmaları inandırıcı deyildir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 43.3cü maddəsi nəzərə alınmaqla İXM-nin 157-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Hazırkı iş üzrə tərəflər arasında barışıq olmamışdır. İXM-nin 53.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə ki, iş materiallarında olan 16 aprel 2024-cü il tarixli raportun məzmunundan müəyyən olunur ki, Şəxs, 12 yanvar 2024-cü il tarixdə, ünvan 3 ünvanında həyat yoldaşı X3 döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiq deyildir. Çünki şəxs ailə-məişət zəminində dəfələrlə münaqişələr yaratdığından, münaqişəli tərəflər kimi polis şöbəsində qeydiyyata alınmış və onun inzibati cərimə olunması gələcəkdə növbəti münaqişələrin baş verməsinə şərait yaradacaq. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 16 aprel 2024-cü il tarixdən, saat 16:13-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar