Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-19/2022 14.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Naibov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 30.000 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından 15 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 30.000 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 14 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 göstərdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş protokol düzgün tərtib olunmamışdır. Belə ki, protokol tərtib olunarkən Şəxs nümayəndəsinin iştirakı təmin olunmamış, hüquq və vəzifələri izah edilməmiş, protokolda Şəxs nümayəndəsi tərəfindən imzalanmamış, protokolun sürəti Şəxs nümayəndəsinə təqdim edilməmişdir. X3 məhkəmədə suallara cavab olaraq, 30.000 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunduğunu, bu zaman həmin malların 2-3 gün gecikmə ehtimalının olduğunu, nəticə etibarı ilə malların ölkəyə idxal olunduğunu, bunun isə öz növbəsində əməldə inzibati xəta tərkibinin mövcudluğunu istisna etdiyini bildirmişdir. X1 qeyd olunanları nəzərə alaraq Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı 16 noyabr 2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş qoşmadan görünür ki, Şəxs tərəfindən 15 noyabr 2019-cu il tarixdə 30.000 Avro məbləğində vəsait qabaqcadan ödəniş edilmiş, müddətin keçməsinə baxmayaraq, 30.000 Avro vəsaiti hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Şəxs nümayəndəsinin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş tapşırığından görünür ki, Şəxs 15 noyabr 2019-cu il tarixdə 30.000 Avro məbləğində vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından “MGC Moser Glaser AG” şirkətinin hesabına qabaqcadan ödəniş etməklə köçürmüşdür. Şəxs nümayəndəsinin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş Şəxs ilə “MGC Moser Glaser AG” şirkəti arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli müqavilənin üzərindəki ştaplardan görünür ki, Şəxs 2019-cu ilin noyabr ayından 2020-ci ilin aprel ayına kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətində və "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesablarından ümumilikdə 172.810 Avro məbləğində vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Şəxs nümayəndəsinin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələrindən görünür ki, Şəxs ilə “MGC Moser Glaser AG” şirkəti arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 18 mart 2020-ci il tarixdə 10.500 Avro, 04 noyabr 2020-ci il tarixdə 10.500 Avro, 09 iyun 2020-ci il tarixdə 43.280 Avro, 17 noyabr 2020-ci il tarixdə isə 92.310 Avro olmaqla ümumilikdə 156.590 Avro məbləğində vəsait hesabına alınmış mallar Azərbaycan Respublikasına idxal olunmuşdur. Beləkilə işdə olan sübutlarla təsdiq olunur ki, Şəxs ilə “MGC Moser Glaser AG” şirkəti arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən Şəxs 2019-cu ilin noyabr ayından 2020-ci ilin aprel ayına kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətində və "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesablarından ümumilikdə 172.810 Avro məbləğində vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, həmin vəsait hesabına alınmış malların, yəni ümumilikdə 64.280 Avro məbləğinə alınmış hissəsi 18 mart 2020-ci il tarixdən 09 iyun 2020-ci il tarixinə kimi, 92.310 Avro məbləğində hissəsi isə 17 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasına idxal olunmuş, 16.220 Avro (172.810 Avro – 156.590 Avro = 16.220 Avro) dəyərində mallar isə hal hazıradək Azərbaycan Respublikasına idxal olunmamışdır. Göründüyü kimi “MGC Moser Glaser AG” şirkəti tərəfindən Şəxsnə göndərilmiş mallar Azərbaycan Respublikasına mərhələlərlə, yəni 18 mart 2020-ci il tarixdən 09 iyun 2020-ci il tarixinə kimi 64.280 Avro dəyərində hissəsi, 17 noyabr 2020-ci il tarixdə isə 92.310 Avro dəyərində hissəsi idxal olunmuşdur. Məhkəmə qeyd edir ki, 15 noyabr 2019-cu il tarixdə qabaqcadan ödəniş edilməklə köçürülmüş 30.000 Avro məbləğində vəsaitin ümumilikdə Azərbaycan Respublikasına idxal olunmuş 156.590 Avro məbləğində vəsaitin tərkib hissəsi olduğunu ehtimal etsək, bu zaman həmin 30.000 Avro məbləğində vəsait Azərbaycan Respublikasına müvafiq tarixlərdə mərhələli şəkildə idxal olunmuş malların dəyərini təşkil edən 64.280 Avro və 92.310 Avro məbləğində vəsaitlərlə əhatə olunur. Lakin 64.280 Avro dəyərində malların 18 mart 2020-ci il tarixdən 09 iyun 2020-ci il tarixinə kimi, 92.310 Avro dəyərində malların isə 17 noyabr 2020-ci il tarixdə ölkəyə idxal olunması faktoru hazırki iş üzrə Şəxs əməlində inzibati xətanın olub-olmamasının müəyyən edilməsində və işin düzgün həllində önəmli əhəmiyyət kəsb edir. Belə ki, 15 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 30.000 Avro məbləğində xarici valyutada olan vəsaitin Azərbaycan Respublikasına 18 mart 2020-ci il tarixdən 09 iyun 2020-ci il tarixinə kimi idxal olunmuş 64.280 Avro dəyərində malların tərkib hissəsi olduğu təqdirdə (qabaqcadan ödənilmiş vəsait hesabına alınmış mallar ölkəyə, qanunvericilikdə müəyyən edilmiş 02 (iki) il müddət ərzində idxal olunduğuna görə) Şəxs əməlində inzibati xəta tərkibi yaranmır, lakin 17 noyabr 2020-ci il tarixdə idxal olunmuş 92.310 Avro dəyərində malların tərkib hissəsi olduğu təqdirdə (qabaqcadan ödənilmiş vəsait hesabına alınmış mallar ölkəyə, qanunvericilikdə nəzərdə tutulmuş 02 il müddət bitdikdən sonra idxal olunduğuna görə) əməldə inzibati xəta tərkibi yaranır. Şəxs nümayəndəsi sübut qismində məhkəməyə müvafiq gömrük bəyannamələrini təqdim edərək Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını bildirsə də, lakin 15 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 30.000 Avro məbləğində xarici valyutada olan vəsaitin Azərbaycan Respublikasına 18 mart 2020-ci il tarixdən 09 iyun 2020-ci il tarixinə kimi idxal olunmuş 64.280 Avro dəyərində malların tərkib hissəsinin olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, əksinə məhkəmə iclasında ona verilən sualalra cavab olaraq malların ölkəyə idxal olunduğu zaman 2-3 gün gecikmə ehtimalının olduğunu, malların nəticə etibarı ilə ölkəyə idxal olunmasının əməldə inzibati xəta tərkibinin mövcudluğunu istisna etdiyini qeyd etmişdir. Yuxarıda qeyd olunanlar məhkəmədə inzibati xətanın obyekti olmuş 30.000 Avro məbləğində vəsaitin məhz Azərbaycan Respublikasına 18 mart 2020-ci il tarixdən 09 iyun 2020-ci il tarixinə kimi idxal olunmuş 64.280 Avro dəyərində malların tərkib hissəsi olmasına dair əsaslı şübhələr yaradır. Habelə məhkəmə, X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 18 mart 2020-ci il tarixli, **********1672 sorğu nömrəli gömrük bəyannaməsinin üzərindəki karandaşla edilmiş qeydləri məhkəmənin diqqətini obyektiv həqiqətin müəyyən edilməsindən yayındırmağa cəhd kimi qiymətləndirir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə 30.000 Avro məbləğində vəsaitin Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürüldüyü 15 noyabr 2019-cu il tarixdən 02 (iki) il keçməsinə baxmayaraq, Şəxs tərəfindən həmin ödəniş müqabilində malların qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində ölkəyə idxalını təsdiq edən müvafiq sənədlər banka təqdim edilməmişdir. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 25.5-ci maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 064, 065, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində inzibati xətanın obyekti olmuş 30.000 (otuz min) Avro vəsaitin 20 (iyirmi) faizi miqdarında, 6.000 (altı min) Avro məbləğində (ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə) cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-19/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-19/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver