Məhkəmə qərarları › İş №3(010)-1906/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1906/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1906/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, X6 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 09 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 09 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X11 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat miqdarında cərimə edilmişdir. X11 şikayətlə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 09 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X11 izahatında bildirmişdir ki, qərarda qeyd olunan, xəsarət almış, sonradan dünyasını dəyişmiş vətəndaş X5 onun uzun müddət idi ki, qonşusu, mehriban ailəvi münasibətləri olan bir şəxs idi. Onlar mehriban, səmimi, ailənin yaxın bir insanı kimi bir-birlərinin xeyrində-şərində iştirak edən, qarşılıqlı hörmət əlaməti olaraq, bir-birlərinə həmişə kömək əllərini uzadan insanlar olmuşlar. Mədəni-məişət və digər problemlərin həllində bir-birlərinə köməklik göstərmişlər. Həmişəki kimi, qərarda göstərilən tarixdə, evdə əsaslı təmizlik işləri aparılması qərarına gəlinmişdir. Tahirə xanımda ailənin yaxını kimi səmimi şəkildə bu işdə ona köməklik göstərmək istəyini bildirdi. O, da öz yaxını kimi səmimiyyətlə, səliqə-sahman yaradılması işində ailəsi ilə birlikdə çalışması təklifini qəbul etmişdir. Evdə təmizlik işləri apararkən Tahirə xanımın qəflətən halı pisləşdi və yerə yıxıldı. Onlar təcili olaraq Tahirə xanımı Bakı şəhəri 3 nömrəli xəstəxanaya (Sabunçu xəstəxanasına) aparmışlar. Tahirə xanım üç gündən sonra dünyasını dəyişdi. Əmək müfəttişi onu bu hadisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi göstərmişdir. Lakin, bu fərdi qaydada baş vermiş bədbəxt hadisədir. Mərhumun könüllü olaraq köməklik göstərdiyi vaxt baş vermiş bədbəxt hadisədir. Bunu övladları da şahid qismində təsdiq edə bilərlər. Göstərilənlərə əsasən şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X9 məhkəmədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 09 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın dəyişdirilmədən, X6 şikayətinin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan müraciət vərəqəsindən görünür ki, 13 saylı Sabunçu rayonu TTTYS-da səyyar həkim vəzifəsi üzrə çalışan X7 müraciətində qeyd etmişdir ki, 30 yanvar 2024-cü il tarixində saat 18:40 radələrində istehsalatda bədbəxt hadisə baş vermişdir. Saivar restoranında çalışan əməkdaş X5 əmək funksiyalarının icrası zamanı pəncərə silərkən yıxılaraq başı zədələnmişdir. Vətəndaş istehsalatda baş vermiş bədbəxt hadisə haqqında məlumat vermək üçün müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Respublika Təcili və X4 Mərkəzi” publik hüquqi şəxsin 05 fevral 2025-ci il tarixli 18-1-88/2-374/2025 nömrəli məktubundan görünür ki, 30 yanvar 2025-ci il tarixində saat 18:37-də “Respublika Təcili və X4 Mərkəzi” publik hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə (103) ünvan 1 ünvanından naməlum şəxsin adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Sabunçu TTTYS bölməsinin həkimi İlqar Əliyev icra edərək, xəstə X1 969 yaş) “Qapalı kəllə-beyin travması” (deməsinə görə iş görərkən yıxılıb, başı yerə dəyib) diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmiş və X13 hospitalizasiya etmişdir. Hadisə barədə 13-cü polis bölməsinə serjant İdayevə və Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Nilufər Əlizadə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “X17” publik hüquqi şəxsin 06 fevral 2025-ci il tarixli 18-1-17/2- 433/2025 nömrəli məktubundan görünür ki, vətəndaş X5 cərrahi təcili tibbi yardım şöbəsinə 30 yanvar 2025-ci il tarixdə “A.K.B.T Baş-beynin ağır dərəcəli əziyi sağtərəfli atoriya hemartroz vəziyyət” diaqnozu ilə ambulator müraciət etmişdir. № 1718. Küçə travması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 09 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarında qeyd edilən inzibati xətanın X11 tərəfindən törədilməsi iş materiallarında olan sənədlər, səlahiyyətli orqanın nümayəndəsinin izahatı və inzibati qərar əsasında X6 törədilmiş inzibati xətada təqsirli bilinməsinin qanuniliyi mübahisə doğurmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1 və 61.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ var. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, qərardan şikayət verən şəxs X11 vəfat etmiş X2 ünvan 2 ünvanında yerləşən “Şaivar” adlı restoranda əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb etmişdir. 30 yanvar 2024-cü ildə X8 əmək funksiyalarının icrası zamanı pəncərə silərkən yıxılaraq başı zədələnmiş, bu səbəbdən sonuncunun halı pisləşmiş, həkimlərin tibbi yardımına baxmayaraq T.Abbasova vəfat etmişdir. X6 mərhumu əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etməsi iş materialına əlavə edilmiş sənədlərlə tam sübut olunur. Göründüyü kimi X6 əməlində inzibati xəta hadisəsi mövcud olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin əməkdaşı tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 18 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş, həmin protokol əsasında isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 09 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X11 qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1.000 manat məbləğində inzibati cərimə edilmişdir. Bununla da inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X6 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X11 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan olunmuş 09 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 09 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar