Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-191/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyeva (Abbasova) Arzu Qasım qızının və onun müdafiəçisi Vəkil iştirakları ilə 12 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Tumaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Əliyeva (Abbasova) Arzu Qasım qızının Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Suraxanı Rayon Məhkəməsi tərəfindən 26 oktyabr 2020-ci ildə verilmiş 22 sentyabr 2020-ci il tarixli 2(010)-2109/2020 nömrəli icra vərəqəsi ilə iddiaçı Zərərçəkmiş şəxs valideynlik hüquq və vəzifələrini həyata keçirmək üçün 08 iyun 2013-cü il təvəllüdlü X6 və 04 yanvar 2015-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü, saat 11.00-dan saat 19.00dək sərbəst şəkildə görüş və ünsiyyətdə olmaq vaxtı müəyyən edilmişdir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X9 tərəfindən 22 yanvar 2021-ci ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Əliyeva (Abbasova) Arzu Qasım qızı yuxarıda göstərilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 3(010)- 191/2021 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat miqdarında cərimə edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manatın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan borclu Şəxs şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-191/2021 saylı, 16 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən şikayətə baxılması üçün 3(010)- 191/2021 saylı iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 19.04.2021-ci il tarixli qərarına əsasən şikayət qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 3(010)-191/2021 saylı qərarı ləğv edilməsi, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İnzibati material rayon məhkəməsinə 06.05.2021-ci il tarixində qaytarılmış və məhkəmə tərəfindən işin yenidən baxışı 21.05.2021-ci il tarixinə saat 10:00-a təyin edilmişdir. Məhkəmə iclasında izahat vermiş Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4 məhkəməyə bildirdiklərindən görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən 26 oktyabr 2020-ci ildə verilmiş 22 sentyabr 2020-ci il tarixli 2(010)-2109/2020 nömrəli icra vərəqəsi ilə iddiaçı Zərərçəkmiş şəxs valideynlik hüquq və vəzifələrini həyata keçirmək üçün 08 iyun 2013-cü il təvəllüdlü X6 və 04 yanvar 2015-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü saat 11.00-dan saat 19.00-dək sərbəst şəkildə görüş və ünsiyyətdə olmaq vaxtı müəyyən edilmişdir. İcra sənədi şöbəyə daxil olduqdan sonra, 28 oktyabr 2020-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin qərarın surəti və tələbin könüllü icrası barədə göstəriş 02 noyabr 2020-ci ildə Əliyeva (Abbasova) Arzu Qasım qızına təqdim edilmişdir. Eyni tarixdə Əliyeva (Abbasova) Arzu Qasım qızına hüquqları və vəzifələri izah edilmiş, izahatı alınmışdır. Lakin icra tədbirləri zamanı 08 iyun 2013-cü il təvəllüdlü X6 və 04 yanvar 2015-ci il təvəllüdlü X8 tələbkar Zərərçəkmiş şəxs ilə görüşməkdən imtina etmişlər. Məhkəmə qərarının icrasını təmin etmək, həmçinin uşaqların ata ilə ünsiyyətdən imtinasının səbəbini araşdırmaq və müvafiq problemi aradan qaldırmaq məqsədilə 17 noyabr 2020-ci ildə Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məktubla müraciət olunmuş, həmin dövlət orqanların nümayəndələrinin iştirakı ilə 24 noyabr 2020-ci ildə icra tədbiri təşkil olunmuşdur. Lakin uşaqlar ata ilə görüşmək istəmədiklərinə görə onların normal ünsiyyətini təmin etmək mümkün olmamışdır. Yaranmış vəziyyətlə əlaqədar anaya həvalə olunmuşdur ki, uşaqların ataya qarşı normal münasibətinin formalaşması üçün uşaqlarla mütəmadi və məsləhətli şəkildə söhbətlər aparsın. İcra məmuru həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, 226 saylı tam orta məktəbin psixoloqu Lamiyə Abdullayeva ata, ana və uşaqlarla söhbətlər apardıqdan sonra belə qənaətə gəlmişdir ki, uşaqların ata ilə görüşməkdən imtina etməsi ananın təsiri nəticəsində baş verir. Bununla bağlı Lamiyə Abdullayeva tərəfindən yazılı formada rəy verilib. İcra tədbirləri zamanı müəyyən edilmişdir ki, borclu uşaqları təyin olunmuş vaxtlarda tələbkarla görüşə gətirdiyinə (icra işin materiallarına müvafiq aktlar əlavə olunub) və onların görüşməsinə zahirən heç bir maneə törətmədiyinə baxmayaraq, onun uşaqlara psixoloji təsiri nəticəsində sonuncular tələbkarla ünsiyyətdə olmaqdan imtina edirlər. Bu səbəbdən məhkəmə qərarının icrası mümkün olmamış, uşaqlar hər dəfə görüş təşkil olunanda ata ilə ünsiyyətdə olmaqdan imtina etmişlər. Beləliklə, Əliyeva (Abbasova) Arzu Qasım qızı uşaqlara psixoloji təsir göstərməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra məmuru hesab edir ki, Əliyeva (Abbasova) Arzu Qasım qızı yuxarıda təsvir olunmuş hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədib. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyeva (Abbasova) Arzu Qasım qızı özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək qeyd etmişdir ki, o, uşaqlarda tələbkara qarşı müsbət münasibət formalaşdırmağa çalışır. Lakin bununla bağlı səyləri nəticə vermir. Belə ki, tələbkarın vaxtilə uşaqlara, habelə ona uşaqların gözü qarşısında fiziki və psixoloji zor tətbiq etməsi uşaqlarda Zərərçəkmiş şəxs qarşı mənfi münasibət və qorxu hissi formalaşdırıb. Bu səbəbdən 08 iyun 2013-cü il təvəllüdlü X6 və 04 yanvar 2015-ci il təvəllüdlü X8 tələbkarla görüşüb ünsiyyətdə olmaqdan imtina edirlər. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu isə həm qanunsuz, həm də qərəzli hesab edir. O, məhkəmə qətnaməsinin icrası məqsədilə uşaqları icra şöbəsinə gətirmiş, lakin uşaqlar ataları ilə görüşməkdən imtina edirlər. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyeva (Abbasova) Arzu Qasım qızının müdafiəçisi Vəkil Əliyeva (Abbasova) Arzu Qasım qızı ilə eyni məzmunlu izahat verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirməmiş, bu barədə sübutlar təqdim etməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə işə tələbkar Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli 2(010)-2109/2020 saylı icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs valideynlik hüquq və vəzifələrini həyata keçirmək üçün 08 iyun 2013-cü il təvəllüdlü X6 və 04 yanvar 2015-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü saat 11.00-dan saat 19.00-dək sərbəst şəkildə görüş və ünsiyyətdə olmaq vaxtı müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Suraxanı rayon İcra şöbəsinin icra məmuru X9 tərəfindən 22 yanvar 2021-ci ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli protokoldan görünür ki,Əliyeva (Abbasova) Arzu Qasım qızı yuxarıda göstərilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 3(010)-191/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat miqdarında cərimə edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manatın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 19.04.2021-ci il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 3(010)-191/2021 saylı qərarı ləğv edilməsi, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İş materiallarından müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmişdir. Bununla əlaqədar 04 mart 2021-ci ildə verilmiş 11/42 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «08 iyun 2013-cü il təvəllüdlü X1 və 04 yanvar 2015-ci il təvəllüdlü X2 hazırda ataları Zərərçəkmiş şəxs qarşı gizli psixoloji bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müşahidə olunur. 08 iyun 2013-cü il təvəllüdlü X3 və 04 yanvar 2015-ci il təvəllüdlü X5 hazırda anaları Əliyeva (Abbasova) Arzu Qasım qızı tərəfindən ataları Zərərçəkmiş şəxs ilə görüşmələrinə və ünsiyyətdə olmalarına maneə törədə biləcək psixi təsir əlamətləri müşahidə olunur. Bu səbəbdən uşaqlar – X1 və X2 ataları Zərərçəkmiş şəxs qarşı münasibətlərində psixoloji gərginlik üzə çıxır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində uşaqların emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müşahidə olunmur». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, həmçinin onun müdafiəçisi yuxarıda göstərilən ekspert rəyini qanunsuz və qərəzli hesab edirlər, ekspertin gəldiyi nəticə ilə razılaşmırlar. Məhkəmə işin faktik hallarını, o cümlədən tərəflərin bildirdiklərini, iş materiallarını və 04 mart 2021-ci ildə verilmiş 11/42 nömrəli ekspert rəyinin nəticəvi hissəsi ilə yanaşı tədqiqi hissəsini məcmu şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, rəyin qərəzli və qanunsuz sayılması üçün əsas yoxdur. İşin faktik hallarından görünür ki, ekspert atanı, ananı və uşaqları dinləmiş, iş materiallarını psixoloji cəhətdən təhlil etmiş, uşaqların işlə bağlı mühüm əhəmiyyət kəsb edən idrak proseslərini və psixoloji bağlantılarını üzə çıxarmaq məqsədi ilə zəruri metod və metodikalardan, elmi ədəbiyyatdan istifadə etmişdir. Eyni zamanda ekspert valideynlərin fərdi-psixi xüsusiyyətlərinin və fərdi-psixi xüsusiyyətlərində aqressivlik əlamətlərinin üzə çıxarılması istiqamətində araşdırma aparıb. Ekspertin gəldiyi qənaət isə işin faktik hallarına əsaslanır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 04 mart 2021-ci ildə verilmiş 11/42 nömrəli ekspert rəyi iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati protokol tərtib edilmiş Əliyeva (Abbasova) Arzu Qasım qızının hərəkətlərində AR İXM-nin 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Uşaq hüquqları haqqında Konvensiyanın (BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixində qəbul edilmişdir) 9-cu maddəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər birbirindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. İştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, amma bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil edir. Təcrübədə qeyd olunan kateqoriyalı qətnamələrin icrasının ən optimal üsulu valideynlər arasında emosiyalara qapanmadan, onun icrası ilə bağlı qarşılıqlı razılığın əldə edilməsidir. Belə olan halda tərəflərin, ən əsası isə uşaqların ailə qanunvericiliyində nəzərdə tutulmuş hüquqları təmin olunur. Lakin bir sıra hallarda valideynlər öz aralarında konstruktiv dialoqun təmin olunmasından yayınırlar və uşaqların hüquqlarının və psixoloji sağlamlığının ziddinə olaraq onlardan manipulyasiya vasitəsi kimi istifadə edirlər. Məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, tərəflər arasında mövjud olmuş nigah pozulduqdan sonra barəsində inzibati protokol tərtib olunmuş Əliyeva (Abbasova) Arzu Qasım qızı sistematik olaraq tələbkarın uşaqlarla görüşməsinə, uşaqların tərbiyyə olunmasına dair vəzifələrinin icra olunmasına maneçilik yaratmış və bununla da həm atanın, həm də uşaqların özlərinin hüquqlarının, o, cümlədən onların öz ataları ilə şəxsi ünsiyət hüquqlarının pozulmasına şərait yaratmış və nəticə etibarı ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından yayınmışdır. Məhkəmə aşağıdakılara əsasən bu qənaətə gəlmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati protokol tərtib olunmuş Əliyeva (Abbasova) Arzu Qasım qızı göstərmişdir ki, o, uşaqların öz ataları ilə görüşməsinə maneçilik yaratmamışdır, hətta bu məqsədlə onları icra qurumununa da gətirmişdir, lakin uşaqlar atalarından şiddət gördüklərindən, onunla ünsiyyət qurmaq istəmirlər. Formal olaraq belə bir qənaətə gəlmək olar ki, barəsində inzibati protokol tərtib olunmuş Əliyeva (Abbasova) Arzu Qasım qızı məhkəmə qətnaməsinin icrasından yayınmamışdır. Lakin işin faktiki halları araşdırılarkən bu ilkin qənaətin əsassız olduğu müəyyən olunur. Məhkəmə nəzərə alır ki, təcrübədə tərəflər arasında nikah pozulduqdan sonra valideynin birinin himayəsində qalan uşağın digər valideyni ilə dayanıqlı münasibətin formaşlaşması üçün bir çox hallarda zaman tələb olunur ki, bu müddət ərzində tədricən tərəflər arasında emosional qarşılıqlı bağlılıqlar formalaşır. Məhkəmə araşdırması prosesi zamanı iş üzrə yuxarıda qeyd olunan ekspert tədqiqatı keçirilmiş, ekspertizanın rəyinə əsasən uşaqların hazırda anaları tərəfindən ataları ilə görüşmələrinə və ünsiyyətdə olmalarına maneə törədə biləcək psixi təsir əlamətləri müşahidə olunmuş, bu səbəbdən uşaqların atalarına qarşı münasibətlərində psixoloji gərginlik üzə çıxmışdır. Məhkəmə hesab edir ki, göstərilən hal uşaqlarla ataları arasında mövcud olan dayanıqlı psixoloji əlaqənin pozulmasına səbəb olmuşdur ki, bunun nəticəsi olaraq uşaqlar öz atalarını onların həyatında iştirak edən valideynlərindən biri olaraq qəbul etmək imkanını itirmişlər, uşaqlarda düzgün olmayan dünyagörüş formalaşmış və bütün bunlar nəticə etibarı ilə uşaqlarda psixoloji problemlərin yaranmasına səbəb olur ki, bu hal da uşaqların hüquqlarının kobud sürətdə pozulması deməkdir. Barəsində inzibati protokol tərtib olunmuş Əliyeva (Abbasova) Arzu Qasım qızının uşaqlara psixoloji təsiri nətijəsində onların digər valideynləri ilə dayanıqlı münasibətin formaşlaşmasının qarşısı alınmışdır. Beləliklə, ilk baxışda formal cəhətdən barəsində inzibati protokol tərtib olunmuş Əliyeva (Abbasova) Arzu Qasım qızının məhkəmə qətnaməsinin icrasından yayınmaması qənaətinə gəlinsə də, faktiki olaraq onun uşaqlara bu istiqamətdə mənfi psixoloji təsirin göstərməsi mahiyyət etibarı ilə məhkəmə qətnaməsinin icrasından yayınma kimi qiymətləndirilməlidir. Əks halda, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi formal mülahizələrə əsasən icra olunmayacaqdır. Halbuki, mülki-prosessual qannvericiliyin tələblərinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə, tərəflərin və icra məmurunun iştirakı ilə icra işini tədqiq edərək bu nətijəyə gəlir ki, Əliyeva (Abbasova) Arzu Qasım qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetir. AR İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Əliyeva (Abbasova) Arzu Qasım qızı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən onun barəsində başlanmış icraata xitam veriməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: Əliyeva (Abbasova) Arzu Qasım qızı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən onun barəsində başlanmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-191/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-191/2021
21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver