Məhkəmə qərarları › İş №3(010)-1915/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1915/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1915/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Zərərçəkmiş şəxs 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında qeyd etdi ki, dəymiş zərərin ödənilməsini tələb edir, şikayətçidir. Şəxs vaxt verilməsini istəmir. Göstərilənlərə əsasən o, Ceyhunun məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, aprelin 18-i saat 5 radələrində 31-ci polis bölməsinin əməkdaşları onu yaşadığı evdən polis bölməsinə gətirmiş, iki günə yaxın orada saxlanılmışdır. Hətta avtomobili üç gün girov saxlanılmışdır. O, polis əməkdaşları barədə onun evinə girərək bölməyə gətirib orada saxlanıldığı üçün DİN-in “102” xidmətinə məlumat vermiş, Nazirliyə ərizə yazmışdır. O, maddi sıxıntıları olduğu üçün pulu xərcləmiş, zərərçəkmiş şəxsə pulu qaytaracağını demişdir. O, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyə hazırdır. Bugünkü gün isə ziyanı ödəyə bilmir. O, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Şəxs tərəfindən Suraxanı RPİ-nin 31-ci PB-nə verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, o, 2015-ci ildən 2019-cu ilədək Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləmişdir. Tapdığı isə işlədiyi müddətdə işlədiyi ərazinin sakini olduğu üçün tanımışdır və aralarında münasibət yaranmışdır. xx.xx.2025-ci il tarixdə Yeni Suraxanı qəsəbəsində, 14 İyul küçəsində yerləşən “Araz” marketin qarşısında olan zaman Tapdıqla rastlaşmışdır. Tapdıqla söhbəti əsnasında Tapdıq ona bələdiyyədə işlədiyini və ona məxsus Yeni Suraxanı qəsəbəsində yerləşən torpaq sahəsinə hasar çəkilməsi üçün müvafiq qurumlardan icazə almağa köməklik etməsini demişdir. O da Tapdığa bildirmişdir ki, 500 manat müqabilində köməklik edərək tikinti işlərinin aparılmasına icazə ala bilər. Tapdıq ona bildirmişdir ki, üzərində həmin vəsait yoxdur. O da Tapdığa öz adına rəsimləşdirilmiş, Kapital bank tərəfindən verilmiş 5239- 1517-3892-3203 nömrəli bank kartının məlumatını təqdim etmişdir ki, pulu bank kartına göndərsin. xx.xx.2025-ci il tarixdə Tapdıq 500 manat pulu ona məxsus bank kartına göndərmişdir. O da pul vəsaitini əldə etdikdən sonra Tapdığa zəng vuraraq ona məxsus torpaq sahəsinə hasar çəkilməsinə müvafiq icazəni alacağını bildirmişdir. Lakin sonradan icazə ala bilmədiyi üçün Tapdıqla əlaqə saxlayıb pulunu qaytaracağını demişdir. Sonradan maddi çətinliyi olduğu üçün pulu xərcləmişdir. Tapdığa bu barədə məlumat vermişdir. Tapdıq da pulu qaytarmayacağı təqdirdə barəsində şikayət edəcəyini demişdir. O da Tapdıqa bildirmişdir ki, 10 gün müddətinə pulu ona qaytaracaqdır. O, ümumilikdə Tapdıqdan 500 manat pul almışdır. Pul vəsaitini Tapdığa məxsus torpaq sahəsinə tikinti işlərinin aparılmasında müvafiq qurumlardan icazə almaqda köməklik etmək məqsədi ilə almışdır. Pulu aldıqdan sonra heç bir quruma müraciət etməmişdir. Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 31-ci PB-nə verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, onun yaşadığı evin yanında 2 sot ərazidə torpaq sahəsi vardır. O, həmin torpaq sahəsinə hasar çəkmək istəyirdi. Lakin bunun qanuni yolları ilə maraqlanırdı. Həmin ərəfədə xx.xx.2025-ci il tarixdə Bələdiyyə işçisi Ceyhunla rastlaşmışdır. Ceyhuna bildirmişdir ki, “sən Bələdiyyədə işləyirsən” və ona məxsus torpaq sahəsinə tikinti işlərinin aparılmasına köməklik etməsi üçün icazə almaqda köməklik etməsini xahiş etmişdir. Ceyhun da ona bildirmişdir ki, bu işlərlə məşğuldur və bunun üçün 500 manat pul istəmişdir. Həmin vaxt pulu olmadığı üçün Ceyhundan vaxt istəmişdir. Pulu göndərməyi üçün Ceyhun ona 5239-1517-3892-3203 nömrəli bank kartını vermişdir. O da xx.xx.2025ci il tarixdə yaşadığı evdə olarkən mobil tətbiq vasitəsi ilə özünə məxsus bank kartından Ceyhuna məxsus bank kartına 500 manat pul göndərmişdir. Bundan sonra Ceyhundan icazə məsələsini həll etməsini soruşduqda müxtəlif bəhanələr gətirdiyini görmüşdür. Ceyhunun onu aldatdığını başa düşdükdə pulunu geri istəmişdir. Lakin Ceyhun pula ehtiyacı olduğu üçün pulu xərclədiyini demişdir. O da bu barədə xx.xx.2025-ci il tarixdə DİN-nin “102” xidmətinə məlumat verərək şikayət etmişdir. Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis kapitatanı Rəşad Quliyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025ci il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi; Zərərçəkmiş şəxs aldadaraq 500 manat pulunu ələ keçirmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın aidiyyatı əməkdaşa verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni 24 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «24» aprel 2025-ci il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar