Məhkəmə qərarları › İş №3(010)-1930/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1930/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1930/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X1, borclu Şəxs, tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati 30 aprel 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4 protokolda göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri 24 saylı Notariat Kontorunun 8i- 2867 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 7000 ABŞ dolları borc pul vəsaiti və 20 manat dövlət rüsumu Şəxs tutularaq Zərərçəkmiş şəxs Nəsiroviçə ödənilməli idi. İcra sənədi xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş, xx.xx.2020-ci il tarixdə borclu icra şöbəsinə dəvət edilərək bildirişlə tanış edilmişdir. xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixlərdə borclunun izahatları alınmış, xx.xx.2021-ci il tarixdə barəsində inzibati protokol verilmiş və Suraxanı Rayon Məhkəməsinin hakimi Elnur Nuriyevin qərarına əsasən 500 manat məbləğində cərimə olunmuşdur. Daha sonra borclunun iş yeri müəyyən edilmiş, xx.xx.2024-cü il tarixdə icra sənədinin icra olunması məqsədilə borclunun əmək haqqından tutulması üçün onun iş yerinə göndərilmişdir. Ancaq borclu iş yerindən çıxdığı üçün əmək haqqısından tutulma mümkün olmamışdır. Hazırda borc məbləği olduğu kimi qalmaqdadır. Tələbkar bu borcla bağlı apellyasiya şikayəti və digər şikayətlər ünvanladığını qeyd etmişdir. Hazırda borc məbləğindən ödənişlər edilməyib. Bu səbəbdən inzibati protokol tərtib edərək məhkəməyə müraciət etmişdir. Borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun tələbkara borcu yoxdur. Bu səbəbdən vəkili vasitəsi ilə Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş qətnamədən apellyasiya şikayəti vermişdir. O, 4 il ərzində vəkili olmadığı üçün bu məsələni mübahisələndirməmişdir. Onun tələbkara borcu yoxdur, tələbkar ona maşın vermişdir. O da borcu maşına əsasən ödəmişdir. Borc məbləğini verməli, qarşılığında isə maşın onda qalmalı idi. Onlar arasında razılıq bu formada olmuşdur. Ancaq tələbkar ondan maşını da almış, bu hadisədən 2-3 il sonra isə onu məhkəməyə vermişdir. Borc məbləğinə maşına əsasən razılıq verərək imza etmişdir. Notariusda borc müqaviləsi qeyd edilib, orada maşın adı yoxdur. Ödəniş edə bilmədiyi üçün maşını tələbkarın özünə qaytarmışdır. Maşını geri qaytarması barədə rəsmi heç bir sənəd imzalamamış, yazılı qeyd aparmamışdır. 10 gün sonra isə tələbkar ona zəng edərək maşını götürüb-götürməyəcəyini soruşmuşdur. Hər gün tələbkar borcluya, onun evinə zəng edərək onları stressə salırmış, bu səbəbdən o, tələbkardan maşını götürməyəcəyin bildirmişdir. Yenidən 10 gün sonra tələbkar ona zəng etmiş, maşını usta yanına aparacağını, nasazlıq olarsa, ona ödətdirəcəyini bildirmiş, o da tələbkarın sözü ilə razılaşmışdır. Çünki maşını saz vəziyyətdə təhvil vermişdir. Onlar ilk danışanda 4 il müddətinə hər ay 450 manat verməyə razılaşmışlar, sonradan tələbkar ona 4 il 4 ay müddət olmasını bildirmiş, o da razılaşmışdır. 4 il 4 ay müddətinə 450 manatdan ödəniş etdikdən sonra maşın onda qalmalı idi. Sonradan işləyə bilməmiş, 450 manat yox, 300 manat verməyi bildirmiş və sonda maşının onda qalmayacağını bildirmişdir. O, 300 manatdan 2 ay ödəniş etmiş, sonra tələbkar ona müqavilə bağlamalarını, müqavilədə 7000 dollar qeyd etmələrini bildirib. O, 2 ilə yaxın maşın sürüb, həmin müddətdə də pul ödəyib. Hal-hazırda da protokolun predmeti olan bocla bağlı apelyasiya şikayətini vermişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, borcluya notariusda 7000 dollar pul vermişdir. Borclunun isə ilk vaxtlardan pulu qaytarmaq fikri olmamışdır. Borclunun ona 17000-dən çox borcu olmuşdur. Hazırda yalnız 7000 dollar borcu olmasını sübut edə bilir. Borclu ona evə dair çıxarış da vermişdir, o isə çıxarışın nəyə lazım olacağını soruşanda borclu “80000 dəyərində evdir” demişdir. O, notariusda pul vermiş və pul verdiyini qeyd etmişdir, borclu ilə müqavilə bağlayacaq heç bir iş görməmişdir. 9600 manat ona nağd verilib, maşın qarşılığında, daha sonra 9600 manatı geri qaytarması danışılıb. Maşın bu məsələyə aid deyil, 7000 dollar 2017-ci ildə verilib, maşın məsələsi isə 2015-ci ildə olub. O, faiz məbləğinin ona lazım olmadığını, verdiyi pulu ona qaytarmasını tələb edib, əks halda prokurorluğa müraciət edəcəyini bildirib. Hətta borclunun qardaşı maşınını sataraq pulu verəcəyini, prokurorluğa verməməsini bildirib. xx.xx.2017-ci il tarixdə 7000 dollar pul vermişdir, 24 saylı notariat ofisində də bununla bağlı qeyd aparılmışdır. Borclu özü prokurorluğa müraciət edərək deyə bilərdi ki, sənəd əsasında ona 7000 pul verdiyi qeyd edilib, ancaq əslində pul verilmiyib. O, bunu gedib heç kimə bildirməyib, çünki qeyd edilən məbləğdən də artıq məbləğdə borcu var idi. Məhkəmə iş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı Şəxs iddia ərizəsi əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2240/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamə qəbul edilmiş, iddia tələbi rədd edildiyi üçün Şəxs vəkili X2 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Hazırda apellyasiya şikayətinin icraata götürülüb-götürülməməsi, götürülmüşdürsə, mülki işin hansı mərhələdə olması barədə heç bir sənəd təqdim edilməmişdir. Həmçinin, icra məmuru qanuni qüvvəsini almış məhkəmə aktı üzrə icra tədbirləri görməlidir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2240/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi həmin qətnamənin hələ qanuni qüvvəsinin almaması deməkdir. Qanuni qüvvəsini almamış məhkəmə aktı əsasında icra tədbirlərinin görülməsi borclunun hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə aktının qanuni qüvvəsini alıb-almaması ilə bağlı məlumatın qeyri-dəqiq olması artıq protokolun və onda göstərilən məlumatların natamam olması ilə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 103.1 -ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikası İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 30 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhər, Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar