Məhkəmə qərarları › İş №3(010)-1931/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1931/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1931/2025 16.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin sahə inspektoru, polis mayoru X2, Zərərçəkmiş şəxs, Şəxs, xx.xx.1987-ci ildə Lerik rayonu, Babakücə kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Suraxanı rayon Polis şöbəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə Şəxs Binə qəsəbəsi Südçülük sovxozunda yaşadığı evdə ailə məişət zəmnində həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan, dərəcələri təyin olunmayan xəsarətlər yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-İn 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X3 tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli qərardad qəbul edilmişdir. Məhkəmə iclasında protokol tərtib edilmiş şəxs 30-cu Polis Şöbəsinin sahə rəisi X3 protokola uyğun izahat verərək bildirdi ki, təhqiqatçının qəbul etdiyi qərara əsasən döymə ilə bağlı protokol tərtib etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs evdən götürərək gətirmişlər. Zərərçəkmiş şəxs polisə zəng edərək evdə döyüldüyünü, təcili şəkildə ora gedilməsini bildirmişdir. Onun müraciətindən neçə gün keçmiş, Şəxs tapmaq mümkün deyilmiş. Onlar da Şəxs götürərək protokol tərtib etmiş və məhkəməyə gəlmişlər. Hadisə olan gün şəxsi tapmaq mümkün olmamış, dünən saxlanılaraq bölməyə aparılmışdır. Qeyd etdiklərinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 20 gün əvvəl evə qayıdanda mağaza qarşısından keçəndə mağaza sahibi 42 manat borcu olduğunu, borcunu ödəməsini bildirmişdir. O, da evə gəlmiş, həyat yoldaşına şəxsiyyət vəsiqəsi ilə 100 manat məbləğində kredit götürməsini bildirmişdir. Yoldaşı kreditə faiz gələcəyini bildirmiş və kredit götürməkdən imtina etmiş, o da əsəbləşərək çıxıb getmələrini istəmiş, yoldaşı da anasıgilin yanına getmişdir. Həmin vaxt o içkili olmuş və bacısıgildə yatmışdır. Sabahı gün anası gələrək onu içki içdiyi üçün danlamışdır. Yoldaşı evdən əsəbi şəkildə getdiyi üçün 102 xidmətinə zəng edərək onları evdən qovduğunu bildirmişdir. O, sadəcə evdə kredit götürməsini istəmiş, yoldaşı kredit götürməyəcəyini, işləyib borcu ödəməsini bildirmiş, o da əsəbləşərək “cəhənnəm olun gedin” demişdir. O, ilk vaxt içkili olmuş, ondan izahat alınmamış, yalnız imza etmişdir, oxuyub-yazması yoxdur. Ondan içki içib-içməyəcəyini soruşmuşlar, o da bir daha içməyəcəyini bildirmişdir. Hadisə olandan 2 gün sonra yoldaşı evə gəlmişdir, anası da orada olmuşdur, o, yoldaşına heçnə etməmişdir. İçkili vəziyyətdə olaraq bəzi şeyləri unuda bilər, ancaq yoldaşına əlini belə vurmamışdır. O, evə girdiyini, mağaza sahibinin borcunu istəməsini, kredit götürmək istəyini, yoldaşına dediyi sözü xatırlayır. Həmin vaxt da, yoldaşı geri qayıdıb gələndə də ona heç vurmamışdır. Hadisə olanda günorta saatları idi, təxminən saat 2-3 olardı. Onlar 2 nəfər 3 araq içmişlər, lakin özünü idarə edə bilirmiş, etdiyi hər hərəkəti xatırlayırmış, evə gəldikdən sonra uzanmış, ondan sonra başı fırlanmışdır. Yoldaşının adına 100 manat kredit götürmüşlər, həmin kreditin 60 manatını ev üçün ərzaq almış, həmin gün 25 manat pul qalmışdır. Düzdür, oyunlara pul verir, içki içməyə tövbə etmiş, oyun da oynamamışdır. Əvvəlki il 600 manat oyunlara pul vermişdir. Hazırda yoldaşı onu bağışlamış, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, onlar 15 ildir evlidirlər və yoldaşı Seydağanın içki içmədiyi bir günü belə görməmişdir. Hər gün ondan pul gətirməsini istəyir, uşaqların da, onun da psixologiyasını pozmuşdur. Onu döyüb-söyərək məcbur edir ki, qohumlarından, qonşularından borca, faizə pul götürsün. O, 10 gündür ki evdən çıxıb, yoldaşı Seydağa da dostlarını evə gətirərək içki içirmiş. O özü isə bu günlərdə işləyərək borc pulunu ödəməyə çalışır. 17 apreldə onu döymüşdür. Belə ki, yoldaşı 2 gün idi evə gəlmirmiş, özü də qardaşıgildə qalırmış. Həmin gün evə gəlib paltarlarını dəyişərək işə getmişdir. Günorta saatlarında evə qayıtmış, uşaqlar da evdə imiş. Biraz keçdikdən sonra yoldaşı gəlmiş, vəsiqəsini istəyərək kredit götürməsini bildirmiş, o da 100 manat kredit götürərək yoldaşına vermiş, yoldaşı da həmin an pulu xərcləmişdir. Həmin 100 manatın üzərinə faiz hesablanır, o da 5 gün sonra ödəmişdir. 10 gündür evdən çıxıblar, 2-3 gündür yoldaşının işlədiyini bildirmişlər. Yoldaşı heç evin dolanışığına baxmır, evdə onlara zülm edir. 17 apreldə evdə dava salmış, onu vurmuş, saçından tutmuş, uşaqlar səs-küy yaradanda onun əlindən çıxaraq qaçmışdır. O da polisə zəng etmiş, polis gəlib ondan ərizə alaraq getmişdir. Sonra 19 apreldə də o, yoldaşının bacısıgilə getmiş, Seydağa da ora gələrək onu döyməyə başlamışdır. Baldızı və onun uşaqları onu yoldaşının əlindən güclə almışlar. O, yenə qaçaraq çıxmış, küçədən bir qadının nömrəsi ilə polisə zəng etmişdir. Polis yenidən gələrək ondan ərizəsini almışdır. Yoldaşı hər dəfə “sizi Əhməd kimi belə edəcəm, elə edəcəm” deyə hədələyir, pis-pis söyüşlər söyür, namazını təhqir edir. Əgər yoldaşı evdə uşaqları ilə yaşamaq istəyirsə, ona heç bir təhqir etməməli, alçaldacaq söz deməməlidir. Əvvəlki əhkəmə iclasından sonra 2 həftə ərzində yoldaşı düzəlməyə doğru getmiş, bu səbəbdən o, hazırda Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 29 aprel 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ünvan 2 ünvanında yaşayan vətəndaş Zərərçəkmiş şəxs DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, hadisəni törətmiş Şəxs əməlində AR.İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində (barələrində) inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilməsi, qəbul edilmiş qərarın surəti məlumat üçün qanunla müəyyən edilmiş maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi, toplanmış material saxlanması üçün Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin arxivinə verilməsi qərara alınmışdır. Məhkəmə tibbi ekspertizasının 271 saylı xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin, hər iki bazunun, sol kürəküstü nahiyənin və sol kürək nahiyəsinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətinə görə hər iki bazunun qançırları şəxsin özünün dediyi xx.xx.2025-ci il tarixdə və şəraitdə, digər xəsarətlər isə xx.xx.2025-ci il tarixdə və şəraitdə törənə bilər, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında inzibati protokol tərtib edilmiş Şəxs yazılı şəkildə ərizə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə barışdığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı şəkildə ərizə verərək bildirmişdir ki, Şəxs ilə barışdığını ona qarşı heç bir şikayəti, tələbi, iddiası olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə zərərçəkmiş şəxsin inzibati protokol tərtib edilmiş şəxslə barışdığı üçün inzibati xəta hadisəsi mövcud olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar