Məhkəmə qərarları › İş №3(010)-1949/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1949/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1949/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin sahə rəisi, polis mayoru X2, İnzibati xəta törətmiş şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1985-ci ildə Astara rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Hövsan qəsəbəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 02 may 2025-ci il tarixli protokola əsasən Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində tabesizlik edərək polis əməkdaşlarını söyərək qaçıb evində gizlənmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclasında Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 izahatında protokola uyğun izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Həsənov Ədalətin şikayəti əsasında əməliyyat müvəkkili Paşayev Aqil Şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlamış və barəsində şikayət ərizəsi olduğu üçün polis bölməsinə yaxınlaşmasını bildirmışdir. Bu zaman Şəxs “nə səbəbə gəlməliyəm, gedin işinizlə məşğul olun, gəlmirəm” demişdir. Daha sonra o, özü Şəxs zəng edərək “qardaş, yaxınlaş bölməyə” demiş, qarşılığında isə “sən kimsən mənə qardaş deyirsən, ged işinlə məşğul ol, səndə onun tayısan” cavabını almışdır. xx.xx.2025-ci il tarixdə əməliyyat müvəkkili Aqil Paşayev zəng edərək həmin əraziyə yaxın olduğunu, Şəxs də əlində çanta getdiyini bildirdi. Onlar ərazidə olduqları üçün Şəxs yanına getmişlər və həmin vaxt Familin başında qara “kepka” var imiş, ona əlaqə saxlanıldığı halda niyə gəlmədiyini soruşduqda, Famil polis əməkdaşlarına “şərəfsiz” deyərək onu itələmiş və oradan qaçmışdır. Onun qaçmasına dair şahidlər var, həmçinin, kamera görüntüləri də var. O, uniformada olduğu üçün rahatlıqla qaça bilməmiş, Paşayev Aqil isə mülki geyimdə olduğu üçün Şəxs arxasınca qaçmış, Şəxs da öz evinə gedib girmişdir. Bundan sonra 5-10 dəq gözləmişlər, qapını anası açmış, onlar da şəxsi götürüb polis bölməsinə gətirmişlər və sənədləşmə işləri aparılmışdır. Onları itələdiyi üçün xəsarət hesab etməmiş, bu səbəbdən akt tərtib etməmişdir. Onlar polis əməkdaşı olaraq şəxsə qapını açmasını bildirir, şəxsin də onları söyməsi, qapını açmaması polisə tabesizlik olaraq qiymətləndirilir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsində nəzərdə tutulan əməli törətdiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, polis əməkdaşının verdiyi ifadə tamamilə yalandır. O, özü usta işləyir, gecə saat 3-də işdən gəlmiş və səhər saat 9-10 radələrində ona zəng edilərək polis bölməsinə çağırmışlar. O, da telefon vasitəsi ilə polisin şəxsləri polis bölməsinə çağırmaq hüququnun olmadığını, rəsmi çağırış vərəqəsi göndərmələrini bildirmişdir. Ədalət Həsənovun ərizəsi əsasında polis əməkdaşları onu təqib etmiş, o da 102 xidmətinə zəng edərək təqib edildiyini, izahatının alınmasını bildirmişdir, əməkdaş isə ona getməməsini, təqib edən polis əməkdaşlarının evə yaxınlaşmasını bildirmişlər. Ədalət Həsənov onunla icarə müqaviləsi bağlamadan evini icarəyə vermiş, qaz-işıq-suyu kəsmiş, o işdə olduğu vaxt anasına psixi sarsıntılar keçirtmişdir. Famil ilk ay 200 manat, ikinci ay isə 100 manat ödəniş etmiş, evdə abadlıq işləri görmüş, ev sahibi Ədalət Həsənov da bunları gördükdən sonra alternativ yollarla ona çətinlik yaradıb evdən çıxartmaq, əvəzində isə daha yüksək məbləğə - 250 manata başqa kirayəşin gətirib yerləşdirmək niyyətində olmuşdur. O, evi icarəyə götürdükdə evdə səliqə-sahman olmamış, hər şey qırılmış, məhv edilmiş vəziyyətdə olmuş, asılqan belə qırıq vəziyyətdə olmuşdur. Onlar xidməti maşın olmadan, mülki maşın vasitəsi ilə yalnız 1 nəfər şəxsin ərizəsi əsasında onu evdən götürüb aparmışlar. O, polisə heç bir tabesizlik etməmişdir. Həmin vaxt əlində atasının ölüm sənədləri olmuş, vacib sənədlər olduğu üçün polisdən yayınaraq sənədləri evə qoymaq istəmişdir, əks halda polisə heç bir tabesizlik göstərməmişdir. Düzdür, polisdən qaçmış, ancaq itələməmişdir, qaçmasına əsas səbəb də atasının ölüm sənədlərinin təhlükəsizlikdə saxlamaq idi. Məhkəmə qərarı olmadan şəxsi tutub aparmaq, evinə daxil olmaq olmaz. Bütün bunlar da anasının gözü qarşısında olmuş, anası əsəb-sarsıntı keçirmişdir. O, daha əvvəl də başqa məsələyə görə polislə mübahisə yaşamış, bu səbəbdən onun əlaqə nömrəsinin, özünün izlənilmədə, təqib edilməkdə olduğunu bildirmişdir. O, 40 yaşı olduğunu, 21 ildir Bakıda yaşadığını və heç vaxt inzibati xətasının olmadığını, hazırki məsələnin də kimlərinsə tapşırığı ilə olduğunu bildirmişdir. O, 3-cü ay heç bir ödəniş etməmiş, buna səbəb isə ev sahibi tərəfindən ona vəd edilən əşyaların verilməməsi olmuşdur. O, iki iş götürmüş, başqa evə çıxmaq şəraiti olmamış, həmçinin anası da xəstə, əməliyyatlı olduğu üçün həmin evi də tərk etməmiş, ödəniş etmədən qalmağa davam etmişdir. Ev sahibi özü ilk ayı icarə müqaviləsi bağlamadan qalmağı, sonra müqavilə bağlayacağını bildirmişdir. O, polisin belə qanunsuz hərəkət etməsinə, qərar verilməsinə razı deyil. Qeyd etdiklərinə əsasən tərtib edilmiş protokola etiraz etdiyini, barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Suraxanı RPİ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı şahid X5 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə icraatına vətəndaş Ədalət Həsənov tərəfindən ərizə daxil olmuşdur. Ərizə əsasında şəxsi çağıraraq dindirmişdir. Həsənov Ədalət bildirmişdir ki, evini 2-3 ay müddətdir ki, kirayə verib, lakin kirayə verdiyi şəxs ona hədə-qorxu gəlir, söyüş söyərək təhqir edir. O, bundan sonra Şəxs əlaqə nömrəsini almış və ona zəng etmişdir. Şəxs ondan 4-5 dəfə kim olduğunu soruşmuş, o da özünü təqdim etmişdir. Daha sonra onun barəsində şikayət ərizəsi olduğunu, bölməyə yaxınlaşıb izahat verməsini bildirmiş, bu zaman şikayət edən şəxs də onun yanında olmuşdur. Şəxs ərizə verən şəxsi söyməyə başlamışdır. O, özünün polis əməkdaşı olduğunu, izahat verməsi üçün gəlməsini tələb etmiş, əks halda onu gedib götürəcəklərini bildirmişdir. Bu zaman Şəxs “sən kimsən, nə ixtiyarla gəlirsən” demiş və telefonu söndürmüşdür. O, yenidən zəng vurduqda, Şəxs da “bezdirmə məni” demiş, qarşılığında ona qardaş deyə müraciət etdikdə “mənə vətəndaş deyə müraciət elə” demişdir. O, Şəxs gedib onu götürəcəklərini bildirəndə, Şəxs “sənin başın üçün deyil bura gəlmək” demişdir. Həmin gün Həsənov Ədalət yenidən ona mesaj ataraq Şəxs ona hədə-qorxu gəldiyini, təhqir etdiyini, evi yandırmasından qorxduğunu bildirmişdir. Səhəri gün Həsənov ədalət zəng edərək Familin onu çənəsindən vurduğunu, heç bir ödəniş, kommunal xərcləri ödəməyəcəyini, evdən də çıxmayacağını dediyini bildirdi. Bundan sonra o, Ramin Hacıyevlə birlikdə şəxsin olduğu yerə getmiş, bu zaman Şəxs onlardan təxminən 200 metr məsafə qaçaraq evə girmişdir. O, ilk əvvəl şəxsin arxa tərəfdən qaçacağını düşünmüş, daha sonra onun orada yaşadığını öyrənmişdir. Familin anası qapını açdıqda Famil yenə də Həsənov Ədaləti təhqir etmiş, onun barəsində söyüş ifadələri işlətmişdir. Onu şöbəyə gətirdikdə Famil özü, Həsənov Ədalətə 100 manat verdiyini və xalça aldığını bildirmişdir. Onu aparanda kənarda 10-15 nəfər var idi, ancaq heç birini şahid kimi gətirməyiblər. Babayev Familin qeydiyyatı Astara rayonundadır, hal-hazırda yaşadığı ünvanda qeydiyyatda deyil. Şəxsi ərizə əsasında telefon vasitəsi ilə çağırıb, şəxs təhqir edib gəlməyəcəyini bildiribsə, bu polisə tabesizlik kimi qiymətləndirilib. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 izahat verərək bildirdi ki, tərtib edilmiş protokol tamamilə əsassızdır. Belə ki, şəxs telefon vasitəsi ilə Polis Bölməsinə dəvət edilməməli, bildiriş əsasında çağırılmalı idi. Şəxsin hər-hansı bir müqaviməti olmamışdır. Həmçinin, protokolu tərtib etmiş şəxs bir çox şəxsin evin ətrafında olduğunu bildirsə də, şahid kimi polis əməkdaşı və zərərçəkmiş şəxsin özü göstərilir. Zərərçəkmiş şəxs şahid ola bilməz. Bu səbəbdən qeyd etdiklərinin nəzərə alınmasını və təmin edilməməsini xahiş etdi. İnzibati xəta haqqında 02 may 2025-ci il tarixli, MN seriyalı № ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin sahə rəisi, polis mayoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə «Eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər». Həmin qərarın nəticəvi hissəsinin 1-ci bəndinə əsasən «Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir». Yuxarıda göstərilən qanun müddəalarını, inzibati protokolu tərtib edən Suraxanı RPİnin 30-cu PŞ-nin sahə rəisi Ramin Hacıyevin izahatını, hadisə barədə raportu tərtib edən həmin polis şöbəsinin digər əməkdaşı Aqil Paşayevin izahatını, barəsində inzibati protokol tərtib edilən şəxs Famil Babayevin ifadəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilən şəxs Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXMnin 535.1-ci və 510-cu maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyası həddində inzibati qaydada həbs edilməklə cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 114-115, 117 və 206-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə təqsirli bilinsin və 8 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar