Məhkəmə qərarları › İş №3(010)-198/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-198/2022

05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-198/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, 05 may 1982-ci ildə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, "xxxx" ASC-nin Mühafizə Departamentində mühafizəçi işləyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 tərtib etdiyi 27 yanvar 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən 30 mart 2018-ci ildə verilmiş 2(010)-1564/2018 nömrəli 30 mart 2018-ci tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 12 sentyabr 2009-cu il tarixdə anadan olmuş X2 və 14 aprel 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 30 mart 2018-ci il tarixdən başlayaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay hər bir uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunur ki, hazırkı inzibati xəta haqqında material 27 yanvar 2022-ci ildə Suraxanı Rayon Məhkəməsinin icraatına daxil olmuş, məhkəmənin eyni tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Tələbkar Zərərçəkmiş şəxs həmin qərardan şikayət vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün geri qaytarılmışdır. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanmış, borcluya icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Borclu aliment borcundan hər ay 150-200 manat ödəniş edir. Lakin bu icra sənədinin icrası üçün yetərli olmamış və icra sənədi üzrə tələbkarın narazılığına səbəb olmuşdur. 27 yanvar 2022-ci il tarixi üçün Şəxs icra sənədi üzrə aliment borcu 7.590 manat olub. O, sonradan 200 manat miqdarında ödəniş etmiş, beləliklə, aliment borcu bu gün üçün 7.390 manatdır. İşin məhkəmə baxışı zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, borclu Şəxs aliment borcundan arada bir ödənişlər etsə də, hazırda 7.390 manat borcu qalıb. Cavabdeh alimentdən qəsdən, məqsədli şəkildə boyun qaçırır. Övladları azyaşlıdır. Hər il uşaqlarının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Cavabdeh tərəfindən ödənilən pul isə uşaqlarının tələbatlarını ödəmir. Cavabdehin isə məhkəməyə bildirdiklərinə baxmayaraq, maddi durumu yaxşıdır. Göstərilənlərə əsasən borcluya qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunu ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcunu ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən nəzərə alır ki, hər ay ödənilməli olan aliment məbləği 308 manat təşkil etdiyi halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin borcu 7.390 manat təşkil edir. Bu isə onun ötən təxminən iki ilin alimentini ödəmədiyini təsdiq edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 05 aprel 2022-ci il tarixindən saat 14.45-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar