Məhkəmə qərarları › İş №3(010)-1986/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1986/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1986/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fikrət qızının, onun dövlət hesabına təyin olunmuş müdafiəçisi X2, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X9 və tələbkar X4 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, FİN: xxxxxxx, subay (himayəsində bir azyaşlı uşağı olan), orta təhsilli, dayə işləyən, məhkumluğu və əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs Fikrət qızının barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(010)- 756/2025 nömrəli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs Fikrət qızından iddiaçı X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(010)-756/2025 nömrəli icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs Fikrət qızına dəfələrlə icra sənədini könüllü olaraq icra etməsi tələb olunsa da, Şəxs Fikrət qızı icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini hazırki günədək icra etməmişdir. Buna görə də Şəxs Fikrət qızı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 05 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X12 məhkəmədə izahatında bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada 07 fevral 2025-ci il tarixdə icraata başlanılmış, borcluya icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borclunun ünvanına göndərilmiş və borclu məlumatlandırılmışdır. Bundan əlavə borclunun izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını təmin etməmişdir. Borclu ilə tələbkarın 3 uşaqları var, məhkəmə tərəfindən uşaqalardan biri anaya digər ikisi isə ataya verilmişdir. Suraxanı Rayon İcra Şöbəsində həm borclu, həm də tələbkar barəsində aliment tələbi ilə bağlı icra işi vardır. Tərəflər arasında qarşılıqlı razılaşma əsasında borclu tələbkara yalnız bir uşağa görə ayda 172 manat olmaqla aliment ödəməlidir. Borclu icra şöbəsində bildirmişdir ki, maddi imkansızlıq səbəbindən aliment məbləğindən heç bir ödəniş edə bilməmişdir. Borclu 5 ay müddətdir ki, aliment borcundan tələbkara heç bir ödəniş etməmiş və tələbkar borc məbləğinin tam məbləğdə ödənilməsini tələb edir. Eyni zamanda məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcəyi vəsait və ya əmlak aşkar edilməmişdir. Belə ki, hazırda borclunun tələbkara 860 manat aliment borcu vardır. Göründüyü kimi borclu onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməmişdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə 05 may 2025-ci il tarixdə Şəxs Fikrət qızının barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar X7 izahatında bildirdi ki, borclu ilə aralarında razılıq olmuşdur ki, aliment tələb olunmasın. Sonradan aliment tələbi ilə bağlı Şəxs özü müraciət etmişdir. Borclu məhkəmədə iş yeri ilə bağlı yalan danışır. Birgə nikah dövründə borclu rus dilində müəlliməlik edərək tələbə hazırlaşdırırdı. Hazırda yenə vdə müəlliməlik edir və müxtəlif ünvanlara gedərək rus dilində tələbə hazırlaşdırır. Borclu müxtəlif bəhanələr gətirərək, icra sənədini tam icra etməkdən qərəzli olaraq boyun qaçırır. O, icra sənədinin tam icra edilməsini istəyir, hissə-hissə icra ilə bağlı heç cür razılaşmır. Sonda borclu Şəxs Fikrət qızının barəsində daha ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs Fikrət qızı inzibati xətanı törətməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, məhkəmənin aktına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Sadəcə olaraq maddi imkansızlıq və işsizlik səbəbindən borc məbləğini birdəfəlik ödəyə bilməmişdir. Hazırda dayə işləyir və 450 manat əmək haqqı alır. Aldığı əmək haqqı ancaq özündə qalan uşağına baxmağa bəs edir. Hazırda aliment borcundan heç bir ödəniş edə bilmir. Yalnız hər ay 50-60 manat aliment ödənişi edə bilər. Həmçinin bildirmişdir ki, yaxın günlərdə məhkəməyə aliment məbləğinin hissəhissə ödənilməsi ilə bağlı müraciət edəcəkdir. Sonda Şəxs Fikrət qızı əməlindən səmimi peşman olmasının nəzərə alınaraq yüngül həddə inzibati tənbehin verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Fikrət qızının inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(010)-756/2025 nömrəli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs Fikrət qızından iddiaçı X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(010)- 756/2025 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs Fikrət qızına icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə Şəxs həmin qərarla şəxsən imza etməklə tanış olmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 07 fevral 2025-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(010)-756/2025 nömrəli qətnaməsinə dair icra vərəqəsində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs Fikrət qızından xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan 05 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hazırda Şəxs Fikrət qızının tələbkara 860 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Suraxanı rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(010)-756/2025 nömrəli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs Fikrət qızından iddiaçı X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından müəyyən olunmuşdur ki, Şəxs Fikrət qızı tələbkarın xeyrinə heç bir ödəniş etməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(010)-756/2025 nömrəli qətnaməsi icra olunmamışdır. Hazırda tələbkar borcludan şikayətçidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 528-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Hazırkı iş üzrə protokolda qeyd olunmuş 860 manat borcun ödənilməsi ilə bağlı hal yoxdur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədi istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Fikrət qızının Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-nin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs Fikrət qızının hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs Fikrət qızının təqsiri sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs Fikrət qızına inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Hazırki iş üzrə Şəxs Fikrət qızının himayəsində bir azyaşlı uşaq olduğundan qeyd olunan maddənin tətbiq edilməsi istisna olunur. İXM-nin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. İnzibati xətanı törətmiş şəxs barəsində həbs tətbiq oluna bilmədiyindən, o cümlədən İXM-nin 528.1-ci maddəsinin sanksiyasında 500 manatdan 1000 manatadək inzibati cərimə nəzərdə tutulduğundan onun barəsində İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə daha az miqdarda inzibati cərimə edilməsi zərurəti yoxdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs Fikrət qızının şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, himayəsində 1 azyaşlı uşağının olmasını və əməlindən səmimi peşman olmasını İXM-nin 32-ci maddəsinə əsasən iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Şəxs Fikrət qızının İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs Fikrət qızına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 48-51, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxxxx 1987-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, FİN: xxxxxxx, subay (himayəsində bir azyaşlı uşağı olan), orta təhsilli, dayə işləyən, məhkumluğu və əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Fikrət qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. X1 inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 hüquqlarının müdafiəsinə sərf etdiyi 02 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 22 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+CODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar