Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-199/2021 04.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2021-ci ildə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2021-ci ildə qəbul olunmuş MN seriyalı ******* nömrəli qərarla X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. X3 həmin qərardan şikayət verib. X3 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixində səhhətində olan problemlə bağlı 8 saylı poliklinikaya müayinəyə gedərkən, Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşı Orxan Məmmədzadə tərəfindən saxlanılmış və İnzibatı Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) törətdiyi bildirilmişdir. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə isə MN seriyalı ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş, barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Qərar ona xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Barəsində qəbul olunmuş qərarla razı deyil və həmin qərarı tamamilə qanunsuz hesab edir. Belə ki, xx.xx.2021-ci il tarixində səhhətində pisləşmə baş vermiş və o, ərazi üzrə 8 saylı poliklinikaya getmək məcburiyyətində qalmışdır. Səhhətində olan problemin ona şiddətli ağrı verməsinə baxmayaraq o, qanuna tabe olaraq yenə də yaşayış yerinin tərk etməklə bağlı 8103 nömrəsinə 1 kodu ilə, şəxsiyyətini təsdiq edən vəsiqənin nömrəsinə uyğun olaraq 1AZE17092197 məzmunlu sms göndərmişdir. Telefonunun ekranının sağ tərəfinin örtüyü çat (zədəli) olduğundan, eyni zamana telefonun klaviaturasında 0 və 9 rəqəmləri yanaşı yerləşdiyindən və rəqəmlər bir birinə bənzədiyindən səhvən 9 əvəzinə 0 rəqəmi qeyd edilmişdir. Göndərdiyi SMS-ə müsbət cavab gəldiyindən o, yaşayış yerini tərk edib həkimə yollanmışdır. Lakin polis əməkdaşı tərəfindən SMS icazəsi yoxlanılan zaman bəlli olmuşdur ki, yuxarıda qeyd etdiyi kimi şəxsiyyət vəsiqəsinin nömrəsində olan 9 rəqəminin əvəzinə səhvən 0 rəqəmi qeyd edilib. Dəfələrlə polis əməkdaşına izah etməyə çalışmışdır ki, indiyədək SMS icazəsiz yaşayış yerini tərk etməmiş və gün ərzində 2 SMS imkanının olmasına baxmayaraq (cəmi 6 saat) yanlış nömrə ilə icazə almağı absurd və mənasızdır. Çünki ona gün ərzində 3 saat vaxt da kifayət edir. Belə ki, himayəsində 3 yaşı olan yetkinlik yaşına çatmamış azyaşlı övladı var. Hətta o, istəsə belə uzun müddətli evdən kənarda ola bilmir. Özünün, həyat yoldaşının və 3 yaşlı övladının səhhəti düşünərək, ancaq zəruri hallarda mağazaya düşür və ya övladını gəzinti üçün həyətə düşürür. Bunun üçün ona maksimum 2 saat da kifayət edir. Belə olduğu halda şəxsiyyət vəsiqəsinin nömrəsini səhv yazmaqla, 3 saatlıq icazə almağının nə mənası var? Həm də bilir ki, başqa şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsindən istifadə etməklə SMS icazə almaq qanunsuzdur. Öz şəxsiyyət vəsiqəsinin nömrəsi ilə gün ərzində həkimə müayinəyə getmək üçün 3 saatlıq, mağazadan alış-veriş etmək, övladını 1 saat gəzdirmək üçün 3 saatlıq icazəsi olduğu halda rəqəmləri səhv yazıb icazə almağının məntiqi yoxdur. Göstərilənlərə əsasən barəsində olan qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət aşağıdakı səbəblərə görə qismən təmin olunmamalıdır. «Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020ci il tarixli 488 nömrəli qərarı ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri müəyyən edilmişdir. Həmin Qərarın 2.7-ci bəndinə əsasən «Bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E- Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 2.7.1. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2.7.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir)». X1 mobil telefonuna xx xxxxxx 2021-ci ildə saat 11:10-da 8103 nömrəsindən gəlmiş məlumata işin məhkəmə baxışı zamanı baxış keçirilmişdir. Həmin məlumat aşağıdakı məzmundadır: «aze17002197 nömrəsi üzrə sorğunuz təsdiqləndi. Artıq 3 saat müddətinə yaşayış yerinizi tərk edə bilərsiniz. 3 saatdan artıq vaxt üçün tibbi arayış tələb olunur». X1 şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi aşağıdakı kimidir: AZE17092197. Göründüyü kimi X1 aldığı icazə başqa şəxsin şəxsiyyət vəsiqəsinə aiddir. Göstərilənlər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, X3 xx xxxxxx 2021ci ildə inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xətanı törətmişdir. Məhkəmə eyni zamanda aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsi X3 barəsində tənbeh tətbiq edərkən İXM-nin yuxarıda göstərilən tələblərini, həmçinin xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin şəxsiyyətini (səhhətinin vəziyyətini, ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmamış uşağının olmasını), təqsirinin dərəcəsini, əmlak vəziyyətinin yaxşı olmadığını tam nəzərə almamışdır. Məhkəmə hesab edir ki, X2 200 manat miqdarında cərimə təyin olunmaqla tənbehin qanunla müəyyən edilmiş məqsədinə çatmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 135.1.5-ci maddəsinə əsasən «tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən «bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2021-ci ildə qəbul olunmuş MN seriyalı ******* nömrəli qərar dəyişdirilərək, X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təyin edilmiş 400 (dörd yüz) manat miqdarında cərimə növündə tənbeh 200 (iki yüz) manata endirilsin. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2021-ci ildə qəbul olunmuş MN seriyalı ******* nömrəli qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-199/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-199/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver