Məhkəmə qərarları › İş №3(010)-2/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Guseinov Aivazın iştirakı ilə, Guseinov Aivazın, 28 yanvar 1984-cü ildə Gürcüstanda anadan olmuş, Gürcüstan vətəndaşı, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının birinci müavini X3 tərəfindən qəbul edilmiş 05 sentyabr 2019-cu il tarixli, 16 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Guseinov Aivaz Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının birinci müavini X3 tərəfindən qəbul edilmiş 05 sentyabr 2019-cu il tarixli, 16 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 manat məbləğində cərimə olunmuşdur. 04 oktyabr 2019-cu il tarixdə Guseinov Aivaz şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının birinci müavini X3 tərəfindən qəbul edilmiş 05 sentyabr 2019-cu il tarixli, 16 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 3(010)- 1028/2019 nömrəli qərarı ilə Guseinov Aivazın şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının birinci müavini X3 tərəfindən qəbul edilmiş 05 sentyabr 2019-cu il tarixli, 16 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibatı xəta hqqında işə yenidən baxılması üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başısı Əziz Əzizovun şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 3(103)-3051/2019 nömrəli qərarı ilə Guseinov Aivazın Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 manat məbləğində cərimə edilməsi barədə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının birinci müavini X1 05 sentyabr 2019-cu il tarixli, 16 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati işin yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə göndərilməsinə dair Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 3(010)-1028/2019 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 vəsatəti əsasında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 3(010)-91/2020 nömrəli qərardad ilə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Guseinov Aivaz şikayətini müdafiə edərək bildirdi ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının birinci müavini X3 tərəfindən qəbul edilmiş 05 sentyabr 2019-cu il tarixli, 16 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXMnin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 manat məbləğində cərimə olunmuşdur. Lakin ona mövcud qərəzli qərar haqqında heç bir rəsmi məlumat və ya xəbərdarlıq edilməmişdir. Bu qərar barədə yalnız icra məmuru tərəfindən məlumatlandırılmışdır. İcra məmurundan həmin qərarın surətini aldıqdan sonra ona məlum olmuşdur ki, guya onun tərəfindən özbaşına tikinti işləri aparılmışdır. O, 2010cu ildə inşa olunmuş, mülkiyyətində olan evdə yaşayır. Ailə üzlərinin tərkibi artdığı üçün o, evin texniki pasportunda, çıxarışında və lahiyəsində qeyd olaraq göstərilən köməkçi sahəni yaşayış sahəsi etmək məcburiyyətində qalmışdır. Buna görə də köməkçi sahənin yan hissəsində 1.4 metr eni, 1.8 metr uzunluğu olan sanitar qovşaq və 1.4 metr eni, 3 metr uzunu dəhliz və giriş əlavə etmək istəmişdir. Buna görə də evin texniki pasportunda göstərilmiş tikilinin planında dəyişiklik etmədən köməkçi sahəni sanitar qovşağa çevirməyə başlamışdır. Həyətin hasarı olsa da darvazası olmadığı üçün həyət çöldən görünür. Buna görə də təmir-tikintidən xəbər tutan sahə müvəkkili onun evinə gələrək işləri dayandırmağı tələb etmişdir. Bundan sonra o, sahə müvəkkilinə haqlı olduğunu, şəxsi mülkiyyətində olan evdə sanitar qovşaq tikdiyini, heç bir qanun pozuntusu törətmədiyini bildirmişdir. Sahə müvəkkili isə öz növbəsində ona heç bir məlumat vermədən barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev isə tikinti üçün müvafiq icazə alınmadan özbaşına tikinti işləri apardığını əsas götürərək, onu Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 manat cərimə etmişdir. Halbuki, təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşasına müvafiq qurumdan icazə alınmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. X5 Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının birinci müavini X3 tərəfindən qəbul edilmiş 05 sentyabr 2019-cu il tarixli, 16 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.023 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 167.2 m2 olan fərdi yaşayış evi üzərində Guseinov Aivazın xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20 fevral 2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 29 iyun 2021-ci il tarixli, 10/328 saylı rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsində yerləşən 202 nömrəli fərdi yaşayış evinin “B” tikilisinin faktiki ölçülərinin texniki pasportda qeyd olunmuş ölçülərə uyğun olduğu və texniki pasportda “B” hissə kimi göstərilmiş tikilinin ölçülərindən kənara çıxmadığı müəyyən olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən tədqiq olunan yaşayış evinin xüsusi mülkiyyət kimi Guseinov Aivazın adına qeydiyyata alındığını, Bakı şəhər Ərazi İdarəsi tərəfindən həmin yaşayış evinə dair 12 fevral 2018-ci il tarixli texniki pasport tərtib edildiyini, “B” tikilisinin texniki pasporta əsasən təsərrüfat tikilisi kimi qeydə alındığını, həmin tikilinin faktiki ölçülərinin texniki pasporta uyğun olduğunu nəzərə alaraq, 12 avqust 2018-ci il tarixli, **********24-10301 reyestr nömrəli texniki pasportda “B” hissə kimi göstərilmiş tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş tikinti normalarının tələblərinə uyğun olduğu müəyyən edilir. Beləliklə inizibati xəta haqqında işə baxılması zamanı müəyyən edilmişdir ki, Guseinov Aivazın xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.023 ha torpaq sahəsində “B” təsərrüfat tikilisini inşa etdirdiyinə görə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Hacıyev, Guseinov Aivazın tikintiyə müvafiq icazə alınmadığını əsas tutaraq onun Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 manat cərimə olunması barədə 05 sentyabr 2019-cu il tarixli, 16 nömrəli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin dispozisiyasından da görünüdüyü kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının şəhərsalma və tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbindən göründüyü kimi Guseinov Aivazın xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.023 ha torpaq sahəsində “B” təsərrüfat tikilisinin inşa edilməsinə görə ümumiyyətlə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazəsinin alınması tələb olunmur, sözgedən tikinti obyektlərinin tikintisi məlumatlandırma icraatı qaydasında həyata keçirilir. Məhkəmə hesab edir ki, tikintisinə icazənin alınması tələb olunmayan, məlumatlandırma icraatı qaydasında həyata keçirilən, bununla yanaşı faktiki ölçüləri texniki pasportda qeyd olunmuş ölçülərə uyğun olan və texniki pasportda göstərilmiş ölçülərdən kənara çıxmayan, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş tikinti normalarının tələblərinə uyğun olan, xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0.023 ha torpaq sahəsində “B” tipli təsərrüfat tikilisinin inşa edilməsinə görə Guseinov Aivazın Azərbaycan Respublikası İXM-nin 395.1ci maddəi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi yol verilməzdir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsin əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığına görə Guseinov Aivaz barəsində qəbul edilmiş inzibati tənbeh haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.2-ci maddəsinə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1 və 135.1.5-1-ci maddələrinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının aparılmasına sərf olunmuş 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1 və 55.2-ci maddələrinə əsasən dövlət büdcəsi hesabına aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Guseinov Aivazın şikayəti təmin edilsin. Guseinov Aivazın barəsində Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının birinci müavini X3 tərəfindən qəbul edilmiş 05 sentyabr 2019-cu il tarixli, 16 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə Guseinov Aivazın barəsində Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının aparılmasına sərf olunmuş 100 (yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabına aid edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar