Məhkəmə qərarları › İş №3(010)-2/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Şikayət vermiş şəxs X5 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin 04 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə bağlı şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin 04 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X8 Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunundan görünür ki, X2 rayonunun inzibati ərazisi daxilində, Donuzkökəltmə sovxozunda icarəsində olan 0,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan tikinti işləri aparılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki 23 iyul 2014-cü il tarixli 3M-4-1156 saylı reyestr nömrə istifadə hüququnun alqı-satqı müqaviləsi əsasında X9 Abşeron rayon X14 ərazisində yerləşən 0.07 ha torpaq sahəsi alıb. Qeyd olunan torpaq sahəsi 29 sentyabr 2016-cı il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 878 sayla onun adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin bir tərəfində torpaq qonşusu tərəfindən hasar tikilmiş, həyətin digər üç tərəfi isə yola çıxır, onun tərəfindən sahədə hər hansı bir tikinti aparılmamışdır. O, bildirmişdir ki, 2022-ci il iyul ayının 30-da Lerik rayon İcra Şöbəsinin əməkdaşı onun istifadə etdiyi mobil telefona zəng vuraraq bildirib ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsi 500 manat cərimə olunub və həmin cərimənin ödənilməsi ondan tələb olunur və o, cavabında bildirmişdir ki, bununla bağlı ona hər hansı bildiriş və yaxud zəng olunmamışdır. O, ertəsi gün Lerik rayon İcra Şöbəsinə gedib və həmin orqanın əməkdaşları onu sənədlərlə tanış etdikdə ona məlum olub ki, mülkiyyətində olan torpaq sahəsini təyinatına uyğun istifadə etmədiyi üçün cərimə olunub. İcra Şöbəsinin əməkdaşlarına bildirib ki, həmin torpaq sahəsində hər hansı iş görməyib və onun haqqında tərtib edilən protokol əsassızdır, həmçinin prosesin dayandırılmasını xahiş edib. Daha sonra o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinə müraciət edərək barəsində tərtib olunan protokol və qərarın surətini istəyib. 08 avqust 2022-ci il tarixdə həmin sənədlərin surətini alıb. Həmin protokolda göstərilmişdir ki, Suraxanı rayonunun İnzibati ərazisi daxilində X7 icarəsində olan 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinata uyğun olmayan tikinti işləri aparılmışdır. Qeyd etmişdir ki, həmin torpaq sahəsi DƏDRX tərəfindən adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində hər hansı tikinti işi aparılmamışdır. Həmçinin, onun torpaq sahəsi ətrafında çoxlu sayda fərdi yaşayış evləri tikilmiş və o, evlərin çoxunun çıxarışları yoxdur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinin 04 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X8 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 04 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri X10 tərəfindən qəbul edilmiş 04 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Suraxanı rayonunun inzibati ərazisi daxilində Abşeron rayonu, Donuzkökəltmə sovxozunda vətəndaş X5 istifadəsində olan 0,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan tikili işləri aparılmışdır. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli məktubdan görünür ki, yaranmış zərurətlə əlaqədar olaraq, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən X5 istifadəsində olan 0.01 hektar torpaq sahəsinin koordinatlarına və baza məlumatlarına dair məlumatların verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, idarənin xidməti istifadəsində olan elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron rayonu icra Hakimiyyətinin idarəçiliyində saxlanılmış kənd təsərrüfatı təyinatlı olmaqla, keçmiş Donuzkökəltmə sovxozu daxilində yerləşir. **********83 reyestr nömrəli çıxarışla X5 istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2025-ci il tarixli, 10/4840 saylı ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli, A №100137 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X5 istifadəsinə verilmiş Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən, 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, tədqiq olunan ünvanda baxış zamanı X5 naturada təqdim etdiyi torpaq sahəsinin faktiki olaraq ətrafının açıq olduğu (sərhədd hasarının mövcud olmadığı) və təqdim edilən torpaq sahəsində hər hansı bir tikilinin mövcud olmadığı müşahidə olunmuşdur. Lakin, mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən X5 istifadəsinə verilmiş torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2016-cı il tarixli, A №100137 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar kameral şəraitdə yoxlanılan zaman naturada təqdim edilən torpaq sahəsi ilə X1 üzrə istifadəsinə verilmiş torpaq sahəsinin üst- üstə düşmədiyi və həmin torpaq sahəsinin hüdudları daxilində tikililərin mövcud olduğu müəyyən edilmişdir (şək.1). Lakin, qeyd olunan tikililərin kim tərəfindən inşa edilməsinin müəyyən edilməsi mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. X1 üzrə istifadəsinə verilmiş torpaq sahəsinə baxış keçirilməsi mümkün olmadığından qərardadın 3-cü sualının cavablandırılması mümkün olmamışdır. İş materiallarından müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən baş vermiş inzibati xəta üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X5 qeyd olunan inzibati xətanın törətməsinə şübhə yaradır. X4 müraciətində və izahatında heç bir inzibati xəta törətmədiyini göstərmişdir. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilsə belə, protokol tərtib olunarkən inzibati orqan işin faktiki halların, o cümlədən inzibati qərarının predmeti olan torpağın təyinat üzrə istifadə edib-etməməsinin reallıqda yoxlamamış, yerində baxış keçirmədən, inzibati icraat aparılan şəxsin daşınmaz əmlaka dair sənədlərdə olan koordinatlara uyğun olan torpağın təyinat üzrə istifadə edilməsini müəyyən etmiş, lakin faktiki olaraq o, həmin şəxsə məxsus olan torpağa yoxlanış aparmamış, həqiqətən qanunsuz tikililərin olub-olmamasını müəyyən etməmiş, beləliklə də X5 istifadəsində olan torpaq barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2025-ci il tarixli, 10/4840 saylı ekspert rəyinə əsasən tədqiq olunan ünvanda baxış zamanı X5 naturada təqdim etdiyi torpaq sahəsinin faktiki olaraq ətrafının açıq olduğu (sərhədd hasarının mövcud olmadığı) və təqdim edilən torpaq sahəsində hər hansı bir tikilinin mövcud olmadığı müşahidə olunmuşdur. Lakin, mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən X5 istifadəsinə verilmiş torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2016-cı il tarixli, A №100137 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar kameral şəraitdə yoxlanılan zaman naturada təqdim edilən torpaq sahəsi ilə X1 üzrə istifadəsinə verilmiş torpaq sahəsinin üst- üstə düşmədiyi və həmin torpaq sahəsinin hüdudları daxilində tikililərin mövcud olduğu müəyyən edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, ziddiyyətlərin aradan qaldırılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X5 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Məhkəmə, qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə, inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş orqanın diqqətini Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinə cəlb edərək bildirir ki, İnzibati xəta haqqında iş üzrə qərarda işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, işə baxılarkən müəyyən edilmiş hallar və inzibati xəta haqqında iş üzrə qərarın qəbul edilməsinə əsas olan hallar qeyd edilməlidir. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 04 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarda, qərarın qəbul edildiyi yer kimi Abşeron rayonu, Donuzkökəltmə sovxozunda, Suraxanı rayonu, inzibati ərazisi" göstərilmişdir. Buradan aydın olmur ki, inzibati xəta Bakı şəhərinin ərazisində, yoxsa Abşeron rayonunun ərazisində törədilmişdir. Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir Hazırki halda, inzibati xəta haqqında iş üzrə icraatı aparan səlahiyyətli orqan, şəxsin əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xətanın məhz həmin şəxs tərəfindən və harada törədilməsi və iş üzrə əhəmiyyət kəsb edən digər halları tam, hərtərəfli araşdırmadan X8 barəsində Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X8 barəsində 04 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X8 Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 04 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 barəsində Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş 04 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar