Məhkəmə qərarları › İş №3(010)-201/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-201/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-201/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2021-ci ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X2 barəsində Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsi xx xxxxxx 2021-ci ildə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. «AsanPay» internet portalında yerləşdirilmiş məlumatdan görünür ki, həmin protokol əsasında tərtib edilmiş qərarla X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan şikayət verib. X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, xx xxxxxx 2021-ci ildə polis əməkdaşları tərəfindən SMS icazəsi yoxlanılarkən müəyyən edilmişdir ki, bilməyərək tanımadığı şəxsin şəxsiyyət vəsiqəsinin məlumatlarından istifadə edib. Belə ki, onun şəxsiyyət vəsiqəsinin nömrəsi AZE17951438dir. SMS icazələrini isə karantin başlayandan AZE17954138 nömrəsini qeyd etməklə alıb. Yəni, SMS icazə alınması üçün müraciət edərkən şəxsiyyət vəsiqəsinin nömrəsindəki 1 və 4 rəqəmləninin yerini mexaniki səhv nəticəsində dəyişik yazıb. Göstərilənlərə əsasən barəsində olan qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. «Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020ci il tarixli 488 nömrəli qərarı ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri müəyyən edilmişdir. Həmin Qərarın 2.7-ci bəndinə əsasən «Bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E- Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 2.7.1. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2.7.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir)». X1 mobil telefonuna xx xxxxxx 2021-ci ildə saat 17:19-da 8103 nömrəsindən gəlmiş məlumata işin məhkəmə baxışı zamanı baxış keçirilmişdir. Həmin məlumat aşağıdakı məzmundadır: «aze17954138 nömrəsi üzrə sorğunuz təsdiqləndi. Artıq 3 saat müddətinə yaşayış yerinizi tərk edə bilərsiniz». X1 şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi aşağıdakı kimidir: AZE17951438. Göründüyü kimi X1 aldığı icazə başqa şəxsin şəxsiyyət vəsiqəsinə aiddir. Məhkəmə X1 dəlillərinə münasibət bildirərək qeyd edir ki, hər bir halda müvafiq müraciətdə şəxsiyyət vəsiqəsinin məlumatlarının düzgün göstərilməsi vəzifəsi müraciət edən şəxsin öz üzərinə düşür. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2021-ci ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2021-ci ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2021-ci ildə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar