Məhkəmə qərarları › İş №3(010)-201/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-201/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-201/2022 28.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X6 və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, X4 iştirakı ilə, X6, 21 dekabr 1949-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Fin: 2NCE6C2, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X16 tərəfindən qəbul edilmiş 11 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 11 yanvar 2022-ci il tarixdə X6 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X16 tərəfindən qəbul edilmiş 11 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X13 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə olunmuşdur. 27 yanvar 2022-ci il tarixdə X6 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X16 tərəfindən qəbul edilmiş 11 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X13 göstərdi ki, 24 mart 1998-ci il təvəllüdlü nəvəsi X10 08.01.2022-ci il tarixdə yaşadıqları ünvan 2 ünvanda vəfat etmiş və 09 yanvar 2022-ci il tarixdə nəvəsi X19 qəsəbəsi, Quşçuluq yaşayış sahəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. 11 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati ərazi vahidi üzrə sahə inspektoru X9 31-ci PB-nin digər əməkdaşları ilə birlikdə yas mərasimi keçirilmədiyi halda yas mərasiminin keçirilməsini bəhanə edib məhkəmə qərarı olmadan qanunsuz olaraq ünvan 2 ünvanında yaşayanların iradəsinə zidd olaraq həyətyanı sahəyə daxil olub sahə inspektoru X1 (COVİD-19) infeksiyası ilə bağlı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarının pozulmasını bildirməklə heç bir inzibati protokol tərtib etmədən, özündə olan qeydiyyat kitabçasına onun, oğlu X7, gəlninin qardaşı X11, qaynı oğlu X8 və bacısı oğlu X2 adını qeyd edib izahatları almadan və heç bir araşdırma aparmadan həyətdən çıxıb getmişlər. Daha sonra ona məlum olmuşdur ki, istər onun tərəfindən və istərsə də adları qeyd edilən şəxslər tərəfindən inzibati xəta törədilmədiyi halda Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati ərazi vahidi üzrə sahə inspektoru X4 adından inzibati tənbeh haqqında qərar və inzibati protokol tərtib edilməklə o, oğlu X14, X17, X15 və X5 inzibati tənbeh olaraq 200 manat həddində cərimə olunmuşlar. Bununla da Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati ərazi vahidi üzrə sahə inspektoru X9 və 31-ci PB-nin digər əməkdaşları tərəfindən mənzil toxunulmazlığı pozulmaqla yanaşı sahə inspektoru X9 tərəfindən həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, sahə müvəkkili Ağasəf Zərgərli tərəfindən tərtib edilmiş protokol və 31-ci PB-nin rəisi tərəfindən qəbul edilmiş qərar İXM-nin tələblərinə uyğun tərbib edilməmiş, hər barəsində protokol və qərar qəbul şəxslərin qanunla qorunan mənafeləri pozulmuşdur. Belə ki, inzibati xəta hadisəsi və həmçinin onun, oğlu X7, X11. X8 və X2 əməlində İXM-nin 211.1-ci maddəsinin tərkib əlamətləri olmadığı halda sahə inspektoru X9 tərəfindən inzibati xəta haqqında protokol tərtib etmədən 200 manat həddində cərimə müəyyən olunması İXM-nin tələblərinə açıq aşkar ziddir.21 yanvar 2022-ci il yatixdə həmin sənədlərin surəti ona təqdim edilmişdir. X3 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X16 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 11 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, X9 göstərdi ki, 11 yanvar 2022-ci il tarixdə ərazidə xidmət aparırarkən, yas mərasimi keçirilməsi barədə məlumat almış və qeyd edilən həmin ünvana digər polis əməkdaşları ilə birlikdə gəlmişlər. Həmin ünvanda stol-stullar düzülmüş, masanın üzərində çay və digər qida məhsulları qoyulmuşdu. O, digər polis əməkdaşları ilə birlikdə həmin məkana daxil olaraq, telefon vasitəsilə video çəkiliş aparıblar, orada karantin qaydalarını pozduğu üçün şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Tərtib etdiyi protokol tam əsaslıdır və şikayətin rədd edilməsini xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində qərar çıxarılmış şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Belə ki, “Azərbaycan Respublikasında 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi rejimin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2021-ci il tarixli 400 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılmışdır. Beləliklə, işin faktiki hallarından müyyən olunur ki, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq “ölkə ərazisində dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsinin qadağan olunması” barədə qaydaları 11 yanvar 2022-ci il tarixdə, yəni X13 tərəfindən yas mərasiminin təşkil olunduğu gün qüvvədə olmuşdur. Bununla da, X13 tərəfindən karantin qaydaları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X6 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X13 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X16 tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan 11 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X16 tərəfindən qəbul edilmiş 11 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyindən X6 şikayəti rədd edilməli, 11 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X6 şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X16 tərəfindən qəbul edilmiş 11 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar