Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2022/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X3 nümayəndəsi X2 iştirakı ilə, 09 aprel 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 4HTHSKF, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X2 Bakı şəhər X10 İdarəsinin mərkəzi informasiya sistemi tərəfindən qəbul edilmiş 04 may 2025-ci il tarixli, EQ 27735171 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X3 nümayəndəsi, övladı X2 Bakı şəhər X10 İdarəsinin mərkəzi informasiya sistemi tərəfindən qəbul edilmiş 04 may 2025-ci il tarixli, EQ 27735171 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və işə qeydiyyatda olduğu və yaşadığı yer üzrə baxılması barədə vəsatəti 06 may 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X3 nümayəndəsi X4 atası barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətçidir. Buna görə də məhkəmədə nümayəndə qismində etibarnamə əsasında iştirak etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Gəncə prospekti, Şərur MTK-nin qarşısından çıxaraq özünün idarə etdiyi Toyota Prado markalı, ** RA *** nömrə qeydiyyat nişanlı avtomaşınını yolun sağ tərəfində heç bir dayanma-durma nədə ki, yerdə sarı xəttin olmadığına baxaraq saxlamışdır. Özü avtomobilin yanında dayanmış, 1290 döş nişan nömrəli inspektorun avtomobilin şəklini çəkdiyini görmüşdür. Lakin, polisə deyəndə ki, burada avtomobili park etmək üçün qadağan nişanının olmadığını bildirdikdə polis əməkdaşı qəzəblənərək yaxşı etdiyini bildirmişdir. O, dərhal DİN-nin 102 xidmətinə müraciət etmişdir. Hazırda BDYPİ-nə elektron ərizə ilə müraciət etmişdir. Onun çıxdığı məhlədən dayandığı yerə qədər heç bir yol nişanı yoxdur. O, həmçinin hadisədən sonra özü videoçəkiliş aparmaqla hansı formada və qaydada avtomobili harada park etməsini, həmçinin ərazidə yol nişanının olmamasını göstərmişdir. Həmçinin qeyd etmişdir ki, nəqliyyat vasitəsi öz adına olsa da və hadisə günü özü idarə etsə də lakin inzibati tənbeh vermə haqqında qərar atasının adına tərtib edilmişdir. Çünki nəqliyyat vasitəsinə sonuncu etibarnamə atasına verilmişdir. Bakı şəhər X10 İdarəsinin mərkəzi informasiya sistemi tərəfindən qəbul edilmiş 04 may 2025-ci il tarixli, EQ 27735171 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunaraq əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Bakı şəhər X10 İdarəsinin mərkəzi informasiya sisteminin 04 may 2025-ci il tarixli, EQ 27735171 nömrəli qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. İXM-nin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərar 04 may 2025-ci il tarixdə X3 barəsində tərtib edilmiş, oğlu Rahim Nuriyev etibarnamə əsasında yaxın qohum kimi atasının nümayəndəsi qismində işə buraxılmışdır. İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İş materiallarından göründüyü kimi X2 qeydiyyatda olduğu və yaşayış yeri ünvan 3 ünvanıdır. İnzibati xəta isə Xətai rayonu, Xudu Məmmədov küçəsində törədilmişdir. X4 tərəfindən şikayətinə yaşayış yeri üzrə məhkəmədə baxılması barədə vəsatət verilmişdir. Bununla da müəyyən olunur ki, X4 tərəfindən şikayət aidiyyəti üzrə düzgün məhkəməyə verilmişdir. Məhkəmə iclasında X4 ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, etibarnamə atası tərəfindən ona verildiyinə görə qeyd olunan qərardan özü məhkəməyə şikayətlə müraciət etmişdir. Toyota Prado markalı, ** RA *** nömrə qeydiyyat nişanlı avtomaşın özünə məxsusdur. Sonuncu etibarnamə atasına verildiyinə görə cərimə atasının adına yazılmışdır. Şikayətdə qeyd etdiyi ərazidə dayanma-durma yol nişanı, sarı xətt və piyada zolağı yoxdur. Yol hərəkəti qaydalarını yaxşı bildiyini və bununla bağlı təlimlər keçdiyini bildirmişdir. Avtomobili düzgün park etmiş və ondan başqa da avtomobillər park olunmuş vəziyyətdə olmuşdur. Sonra görmüşdür ki, polis əməkdaşı sıra ilə bütün avtomobillərin şəklini çəkir və sıra onun avtomobilinə gəlib çatmışdır. Polis əməkdaşına əgər qanunsuz saxlamışdırsa avtomobilini çıxartmasını bildirsə də polis əməkdaşı ona qulaq asmamış və avtomobilin şəkillərini çəkməyə davam etmişdir. Sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Polis əməkdaşı ona DİN-nin 102 xidməti ilə bağlı irad bildirmişdir. X1 Bakı şəhər X10 İdarəsinin mərkəzi informasiya sistemi tərəfindən qəbul edilmiş 04 may 2025-ci il tarixli, EQ 27735171 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Bakı şəhər X11 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, Bakı şəhər X11 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmiş, lakin məhkəmədə tədqiq edilməsi üçün 01 ədəd videogörüntü olan CD disk məhkəməyə təqdim edilmişdir. Məhkəmə, Bakı şəhər X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını və təqdim olunmuş sübutları tədqiq edərək, iş üzrə şikayət vermiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət təmin olunmamalı və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-nin 124.5-ci maddəsinə əsasən bu Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi hazırki iş üzrə nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsinin yanında olmadığından inzibati xəta törətmiş şəxsin iştirakı olmadan fotoçəkiliş aparılmış və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-nin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346- 1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-nin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar həqiqətən də X3 barəsində tərtib edilmiş, şikayət vermiş şəxsin də bildirməsinə görə nəqliyyat vasitəsinin mülkiyyətçisi özü olsa da sonuncu etibarnamə atası Dünyamalı Nuriyevə verilmiş, lakin həmin vaxt inzibati xətanın kim tərəfindən törədilməsi ilə bağlı şikayət verən şəxs tərəfindən məhkəməyə zəruri sübutlar təqdim edilməmiş, bundan başqa Dünyamalı Nuriyev tərəfindən İXM-nin 122.7-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Məhkəmə zəruri sübutların təqdim olunmadığı şəraitdə bu qənaətə gəlir ki, nəqliyyat vasitəsi ilə İXMnin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı X5 törətmişdir. X4 isə yaxın qohum olaraq atasının nümayəndəsi və nəqliyyat vasitəsinin mülkiyyətçisi kimi inzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Xətai rayon X10 Şöbəsi tərəfindən təqdim edilmiş fotoşəkillərə və video görüntüyə baxış keçirilən zaman müəyyən olunur ki, X7 rayonu, Gəncə prospekti, Şərur MTK-nin qarşısından çıxaraq idarə etdiyi Toyota Prado markalı, ** RA *** dövlət nömrə qeydiyyat nişanlı avtomaşınını yolun sağ tərəfində heç bir dayanma-durma nədə ki, yerdə sarı xəttin olmadığına baxaraq saxlamış, lakin həmin yolun başlanğıcında dayanma-durma 3.27 yol nişanı videogörüntüdən aydın görünür. Şikayət vermiş şəxs Rahim Nuriyev tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən aydın olur ki, inzibati xətanın törədildiyi yer YPX əməkdaşı tərəfindən təqdim edilmiş videogörüntüdəki yer ilə eynidir, lakin Rahim Nuriyev video çəkilişi qadağan yol nişanının quraşdırıldığı yolun başlanğıcından deyil, orta hissəsindən çəkdiyindən həmin yol nişanı görünməmişdir. YPX əməkdaşının təqdim etdiyi videogörüntüdən isə aydın şəkildə müəyyən olunur ki, dayanmaq qadağandır yol nişanı yolun başlanğıcında sağ tərəfdə quraşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X3 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X5 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirkardır. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq tətbiq olunur. Həmin Qanunun 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçıları: 1) Yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2)Yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Həmin Qanuna əsasən nəqliyyat vasitələrinin aşağıdakı yerlərdə durması qadağandır: 1) dayanmanın qadağan edildiyi yerlərdə; 2) yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində; 3) 5.1 nişanı ilə işarələnmiş yerlərdə; 4) dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; 5) girişin, habelə darvaza qarşısında; 6) 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında. Həmin Qanunun 53-cü maddəsinə əsasən parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Parklanma yerləri dayanma və ya durmanın qadağan edildiyi yerlərdə təşkil edilə bilməz. Həmin Qanunun 61-ci maddəsinə əsasən yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Həmin Qanunun 64-cü maddəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Yol hərəkət haqqında Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən 3.27 (dayanmaq qadağandır) yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin (sarı xətt) təsir zonalarında dayanma qadağandır. Göründüyü kimi 3.27 yol nişanı quraşdırılmış ərazidə 1.4 nişanlanma xəttinin olması mütləq deyil, lakin 1.4 nişanlanma xətti 3.27 yol nişanı ilə birlikdə tətbiq edildikdə qanuni hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhər X10 İdarəsinin mərkəzi informasiya sistemi tərəfindən qəbul edilmiş 04 may 2025-ci il tarixli, EQ 27735171 nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərardan şikayətə baxılması haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Hazırki iş üzrə İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş, buna görə də inzibati xəta haqqında protokol və qərar bort-kompüter vasitəsilə tərtib edilmişdir. Yol Patrul Xidməti haqqında Təlimatın 4.6-cı maddəsinə əsasən patrul avtomobili radio-cihaz vasitəsi, bort-kompüter, videokamera, ilk tibbi yardım qutusu, 2 ədəd yol nişanı, fənər, yanğın söndürən vasitə, hadisə yerini bildirən işıq əks etdirən lent və digər texniki vasitələrlə təchiz olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən şikayətə baxılan zaman aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İXM-nin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. İXM-nin 136.2-ci maddəsinə əaasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. Beləliklə, yol hərəkət qaydalarını pozduğuna görə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, onun əməli məhkəməyə təqdim edilmiş foto-şəkillər və videogörüntünün əks olunduğu disk ilə kifayət qədər sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhər X10 İdarəsinin mərkəzi informasiya sistemi tərəfindən qəbul edilmiş 04 may 2025-ci il tarixli, EQ 27735171 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxılması ilə əlaqədar həmin qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X3 nümayəndəsi X2 şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 122-124, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X3 nümayəndəsi X2 şikayəti təmin edilməsin. Bakı şəhər X10 İdarəsinin mərkəzi informasiya sistemi tərəfindən qəbul edilmiş 04 may 2025-ci il tarixli, EQ 27735171 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxılması ilə əlaqədar qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2022/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2022/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver