Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2026/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1 və 329.3-cü maddələri ilə barəsində toplanmış inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin 30 aprel 2025-ci il tarixli məktubu ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333-1.1-ci maddələri ilə tərtib edilmiş 28 mart 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün 30 aprel 2025-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmiş və 06 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. 28 mart 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs, 28 mart 2025-ci il tarixdə, saat 23:57-də “CHEVROLET COBALT LTZ MİNİK” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi istiqamətində hərəkətdə olarkən Bakı şəhər X3 İdarəsinin yol patrul xidməti baş inspektoru, polis baş serjantı X1 tərəfindən saxlanılmış, onun narkotik vasitə qəbul etməsi şübhə doğurduğundan həmin gün saat 23:46-da sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı sidik nümunəsində MET (+) və THC (+) aşkar olunmuşdur. Buna görə də Bakı şəhər X3 İdarəsinin yol patrul xidməti baş inspektoru, polis baş serjantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 28 mart 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X4 İdarəsinə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə verilmiş, lakin həmin şəxs məhkəmə iclasına gəlməmiş və zəruri sübutları təqdim etməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.7, 329 – 331, 332.1 – 332.3, 333.1, 333-1.1, 334.1, 334-1.1, 335.1 – 335.4, 336, 337.1 – 337.4, 338.1 – 338.5, 338.8, 338.9, 339.1, 342.1.1 – 342.1.8, 342.1.11, 342.2 – 342.7, 343.1, 343.4, 343.8, 343-1.1, 343-1.5, 343-1.10, 344, 345, 346, 347, 350.1 (Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.7, 355, 356, 428.5, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346-1.1 və 346-1.5-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10, 324.2, 324.4, 324.7, 324.9, 324-3, 342.1.9, 346-1.2 – 346- 1.4, 348, 350.2, 352.0.2, 352.0.4, 352.0.5, 352.0.7 - 352.0.10, 354.0.1 - 354.0.6 və 354.0.8 – 354.0.10-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X3 İdarəsinin rəisi, onun müavinləri, Baş X3 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X3 İdarəsinin rəisi, ərazi polis orqanlarının X3 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X3 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X3 qruplarının rəhbərləri baxırlar. İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-nin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Plenum qərarında həmçinin qeyd edilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkətlə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Hüquq nəzəriyyəsində inzibati xətaların məcmusunu təşkil edən aşağıdakı əlamətlər qeyd olunmuşdur: iki və ya daha artıq müstəqil tərkibli inzibati xətanın törədilməsi; inzibati xətaların eyni şəxs tərəfindən eyni və ya müxtəlif vaxtlarda törədilməsi; iki və ya daha artıq inzibati xəta törətmiş şəxsin həmin xətaların heç birinə görə inzibati tənbehə məruz qalmaması; törədilən inzibati xətaların hər birinə görə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməməsi; şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olması. Plenum Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Plenum Qərarına əsasən eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkət ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Qeyd olunmalıdır ki, İXM-nin 43-cü maddəsində 333-1.1-ci maddəsi ilə işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmiş, İXM-nin 329.3-cü maddəsi üzrə işlərə baxılması müvafiq icra hakimiyyəti orqanının, yəni Azərbaycan Respublikası DİN-nə aid edilmişdir. Ona görə də məhkəmə yalnız İXM-nin 333-1.1-ci maddəsi üzrə işə baxmalı və qərar qəbul etməli, digər maddə üzrə qərarın qəbul edilməsi DİN-nin Bakı şəhər DYPİ-nin səlahiyyətli şəxsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi hazırki iş üzrə törədilmiş inzibati xətalardan biri, yəni Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq rayon (şəhər) məhkəmələrinin, digəri isə yəni Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X3 İdarəsinin, X3 idarələrinin, ərazi polis orqanlarının X3 şöbələrinin, bölmələrinin, qruplarının səlahiyyətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İXM-nin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. İXM-nin 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. İXM-nin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Hazırki iş üzrə qeyd olunmalıdır ki, Şəxs 28 mart 2025-ci il tarixdə sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçmiş, sidik nümunəsində MET (+) və THC (+) aşkar olunmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolu ilə tanış olaraq öz imzası ilə təsdiq etmişdir. Ona görə də sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolu sübut qismində qiymətləndirilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında olan 28 mart 2025-ci il tarixli, № 1/360 saylı “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları” na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sidik nümunəsində MET (+) və THC (+) aşkar olunmuşdur. İş materiallarında olan 28 mart 2025-ci il tarixli, № 496 saylı nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktından görünür ki, “CHEVROLET COBALT LTZ MİNİK” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa yerləşdirilmişdir. Bununla da məhkəmə iclasında tədqiq edilmiş, yuxarıda göstərilən sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri kifayət qədər sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Belə olan halda Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. İş üzrə Şəxs İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə işin hallarını, Şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. İXM-nin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 27.2-ci maddəsinə əsasən bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 153.2-ci maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2 - 152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Məhkəmə işin hallarını, Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində sürücülük hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2026/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2026/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver