Məhkəmə qərarları › İş №3(010)-2029/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2029/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2029/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş-leytenantı X4 iştirakları ilə, xx xxxx 1994-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, FİN xxxxxxx, taksi fəaliyyəti ilə məşğul olan, əlilliyi olmayan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-də aparılmış araşdırma ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA YK-də yaşayan Şəxs narkotik vasitə THC (+) qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istifadə etdiyi müəyyən olunmuşdur. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı polis baş-leytenantı, X3 07 may 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmasından ötrü qərarın surəti 30-cu Polis Şöbəsinin müvafiq əməkdaşına həvalə edilmişdir. Buna görə də 08 may 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş-leytenantı X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş-leytenantı X6 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə narkotik vasitələrdən istifadə etməsi ilə bağlı daxil olmuş məlumat ilə əlaqədar olaraq, Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları yaxınlaşmışlar və Şəxs şöbəyə getməkdən imtina etmişdir. Növbəti gün telefon vasitəsi ilə şöbəyə dəvət olunmuşdur. Şəxs narkotik vasitə istifadəsi etməsinin təyin edilməsi məqsədilə “Respublika Narkoloji mərkəzi”nə göndərilmiş, sonuncunun narkotik vasitə olan “marixuanna” istifadəçisi olması təsdiqlənmişdir. Toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması xx.xx.2025-ci il tarixdə rədd edilmişdir. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları yaşadığı ünvanın həyətində ona yaxınlaşmış və bu zaman o, polis əməkdaşlarından qaçmış, çünki həmin şəxslər mülki geyimdə olduqlarından onların həqiqətən polis əməkdaşı olmasını bilməmişdir. Sonra DİN-nin 102 xidmətinə zəng edərək olduğu yer barədə məlumat vermişdir. xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA YK kompleksində polis əməkdaşları ona yaxınlaşmış və onu 30-cu PŞ-nə dəvət etmişlər. O, səmimi olaraq narkotik vasitə qəbul etdiyini bildirmişdir. İlk dəfə olaraq narkotik vasitəni Suraxanı rayonu ərazisində istifadə etmişdir. Narkotiki tanımadığı şəxsdən almışdır. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu, əvvəllər məhkum olunmadığını və barəsində inzibati tənbehin tətbiq olunmadığını, ailədə yeganə özünün işlədiyini və qazanc gətirdiyini, bir daha istifadə etməyəcəyinə söz verməsini nəzərə alaraq məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə narkotik vasitələrdən istifadə etməsi ilə bağlı daxil olmuş məlumat ilə əlaqədar olaraq, Şəxs inzibati ərazidə yəni, Hovsan qəsəbəsi, MİDA y/k, bina 3, giriş 84 ünvanından polis əməkdaşları tərəfindən 30-cu PŞ-nə gətirilərək raportla növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə narkotik vasitələrdən istifadə etməsi ilə bağlı daxil olmuş məlumat ilə əlaqədar olaraq, Şəxs inzibati ərazidə yəni, Hövsan qəsəbəsi, MİDA y/k, bina 3, giriş 84 ünvanından tərəfimizdən 30-cu PŞ-nə gətirilərək raportla növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.1994-cü ildə ünvan 6 ünvanında qeydiyyatda olan, ünvan 7 ünvanında yaşayan Şəxs narkotik vasitə istifadə etməsinin təyin edilməsi məqsədilə “Respublika Narkoloji Mərkəzi”nə göndərilmiş, sonuncunun narkotik vasitə olan “marixuana” istifadəçisi olması təsdiqlənmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış Suraxanı rayonu, Hovsan qəsəbəsi, MİDA YKdə yaşayan Şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirmişdir. Həmin şəxs izahatında bildirmişdir ki, təqribən iki aydır ki, narkotik vasitədən istifadə edir. xx.xx.2025-ci il tarixdə Hovsan qəsəbəsi, MİDA YK-də olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu yaxınlıqda olan PŞ-nə gətirib təhvil vermişdilər. Araşdırma materialına əlavə edilmiş Respublika Narkoloji Mərkəzin “X1 Narkotik Vasitələrin və X2 Hallarının Müəyyən edilməsi X5 Keçirilməsi Haqqında” 114291 saylı aktından görünür ki, ekspress test üsulu nəticəsinə müvafiq olaraq müayinə zamanı Şəxs sidiyindən THC (+) müsbət aşkar edilmişdir. Toplanmış material üzrə xx.xx.2025-ci il tarixdə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində İXM-nin 206-cı maddəsinin tərkibi yaranmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, № 1/4291 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Şəxs sidiyində THC (+) aşkar olunmuşdur. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 may 2025-ci il tarixli, 2650 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, X2na, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, narkomaniya xəstəliyindən əzab çəkməməsini, narkomaniyadan müalicəyə ehtiyacının olmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə törətdiyi əməldən səmimi peşman olmasını İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 06 may 2025-ci il tarixdə, saat 17:30-da inzibati qaydada tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Hazırki iş üzrə şəxsin narkomaniyadan müalicəyə ehtiyacının olmaması, onun ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinə əsasən Şəxs ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-31, 37, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxx 1994-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, FİN xxxxxxx, taksi fəaliyyəti ilə məşğul olan, əlilliyi olmayan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında həbsdən azad edilsin. Şəxs ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar