Məhkəmə qərarları › İş №3(010)-203/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-203/2022

10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-203/2022 10.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Mənzil-Tikinti Kooperativinin, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 28 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankından "xxxx" Mənzil-Tikinti Kooperativinin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 25 yanvar 2022-ci il tarixli, EP seriyalı, ******* nömrəli protokoldan görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativi 34.241 Avro 38 sent məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından 12 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 34.241 Avro 38 sent məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə 25 yanvar 2022-ci il tarixdə "xxxx" Mənzil-Tikinti Kooperativi barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Mənzil- Tikinti Kooperativinin nümayəndəsi X3 inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları inkar edərək göstərdi ki, 24 yanvar 2019-cu il tarixdə, "xxxx" Mənzil- Tikinti Kooperativi ilə “X2 İndustry LLC” şirkəti arasında E161AZ-XRİN-EUR nömrəli, 08 fevral 2019-cu il tarixdə isə "xxxx" Mənzil-Tikinti Kooperativi ilə “X2 İndustry LLC” şirkəti arasında E162AZ-XRİN-EUR nömrəli müqavilələr imzalanıb. Həmin müqavilələr əsasında hər iki şirkət tərəfindən “X2 İndustry LLC” şirkətinin hesabına tikinti materiallarının alınması üçün pul vəsaiti köçürülüb. Hər iki ödəniş üzrə nəzərdə tutulan tikinti materialları ölkəyə idxal edilmişdir. Həmin malların idxalı 03 sentyabr 2019-cu il tarixli, **********5597 saylı və 06 yanvar 2020-ci il tarixli, **********1504 saylı gömrük bəyannamələri ilə rəsmiləşdirilmişdir. Mərkəzi Bank tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativi barəsində inzibati xəta protokolunun tərtib edilməsi isə həmin sənədlərdə mövcud olan texniki səhvlərlə bağlıdır. Bu fakt bankın özünə də məlumdur. Bundan əlavə qeyd edilən malların ölkəyə gətirilməsi ilə bağlı sübutları da artıq təqdim etmişdir. Buna görə də X3 qeyd olunanları nəzərə alaraq "xxxx" Mənzil-Tikinti Kooperativi barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığına görə "xxxx" Mənzil-Tikinti Kooperativi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 12 dekabr 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativi 24 yanvar 2019cu il tarixli müqavilə üzrə 12 dekabr 2019-cu il tarixdə 34.241 Avro 38 sent məbləğində vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından “X2 İndustry LLC” şirkətinin hesabına qabaqcadan ödəniş etməklə köçürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı 17 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən 12 dekabr 2019-cu il tarixdə 34.241 Avro 38 sent məbləğində vəsait qabaqcadan ödəniş edilmiş, lakin 02 il tamam olmasına baxmayaraq həmin vəsait hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi 08 fevral 2019-cu il tarixli müqavilədən görünür ki, 08 fevral 2019-cu il tarixində "xxxx" Mənzil-Tikinti Kooperativi ilə “X2 İndustry LLC” şirkəti arasında müqavilə bağlanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış 15 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, “KRİSTAL ABŞERON" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN:**********) ünvanına Rusiya Federasiyasının “X2 İNDUSTRY ” Məhdud Məsuliyyətli Cəmiyyətindən E161AZ- XRİN-EUR nömrəli 24 yanvar 2019-cu il tarixli və E162AZ-KA- EUR nömrəli 08 fevral 2019-cu il tarixli müqavilələrə əsasən daxil olmuş ağaclifli plitələr malı 06 yanvar 2020-ci il tarixdə **********1504 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. **********1504 sorğu nömrəli gömrük bəyannaməsi tərtib olunarkən 44cü qrafanın 4011 bəndində səhv olaraq E161AZ-XRİN-EUR nömrəli 24 yanvar 2019-cu il tarixli müqavilə qeyd olunmamışdır.(********** nömrəli 17 dekabr 2019 tarixli invoys). Bununla əlaqədar **********1504 sorğu nömrəli gömrük bəyannaməsinin 44-cü qrafasının 4011 bəndində düzəliş olunaraq E161AZ-XRİN-EUR nömrəli 24 yanvar 2019-cu il tarixli müqavilənin əlavə olunması xahiş olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi "xxxx" ASC-nin Sumqayıt filialının XƏZƏR İNŞAAT-XXİ ƏSR" Mənzil-Tikinti Kooperativinin direktoruna ünvanladığı 10 yanvar 2022-ci il tarixli məktubda bildirilmişdir ki, "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən Şəxs Mənzil-Tikinti Kooperativi və “KASTAMONU İNTEQREYTED VUD İNDASTRİ” şirkəti ilə bağlanmış 24.01.2019- cu il tarixli E161AZ-XRİN-EUR saylı müqavilə üzrə 15 noyabr 2019-cu il tarixində 18.861.02 Avro və 12 dekabr 2019-cu il tarixində 34.241.38 Avro vəsait köçürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi Rusiya Federasiyasının 19 və 20 dekabr 2019-cu il tarixli gömrük bəyannamələrindən görünür ki, 24 yanvar 2019-cu il tarixli və 08 fevral 2019-cu il tarixli müqavilələr üzrə, ümumilikdə 64.646.4 Avro təşkil edən mallar 19 və 20 dekabr 2019-cu il tarixlərində Rusiya Federasiyasından ixrac olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi və iş materiallarında olan Azərbaycan Respublikasının 06 yanvar 2020-ci il və 09 yanvar 2020-ci il tarixli gömrük bəyannamələrindən görünür ki, 08 fevral 2019-cu il tarixli müqavilə üzrə, ümumilikdə 64.646.4 Avro təşkil edən mallar 06 yanvar 2020-ci il və 09 yanvar 2020-ci il tarixlərində Azərbaycan Respublikasına idxal olunmuşdur Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, Rusiya Federasiyasının “X2 İNDUSTRY ” Məhdud Məsuliyyətli Cəmiyyətindən E161AZ- XRİN-EUR nömrəli 24 yanvar 2019-cu il tarixli və E162AZ-KA-EUR nömrəli 08 fevral 2019-cu il tarixli müqavilələrə əsasən daxil olmuş ağaclifli plitələr malı 06 və 09 yanvar 2020-ci il tarixlərdə gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. malı 06 və 09 yanvar 2020-ci il tarixli gömrük bəyannamələri tərtib olunarkən 44-cü qrafanın 4011 bəndində səhv olaraq E161AZ-XRİN- EUR nömrəli 24 yanvar 2019-cu il tarixli müqavilə qeyd olunmamışdır. E161AZ-XRİN-EUR nömrəli 24 yanvar 2019-cu il tarixli müqavilə üzrə "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən “X2 İndustry LLC” şirkətinin hesabına 12 dekabr 2019-cu il tarixində 34.241 Avro 38 sent olmaqla qabaqcadan ödəniş edilmiş, ümumilikdə isə 64.646.4 Avro məbləğində vəsait hesabına alınmış mallar qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində Azərbaycan Respublikasına idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bununla da "xxxx" Mənzil-Tikinti Kooperativinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işdə olan sübutlarla əməlində inzibati xəta tərkibi olmadığından "xxxx" Mənzil-Tikinti Kooperativinin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs "xxxx" Mənzil-Tikinti Kooperativi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar