Məhkəmə qərarları › İş №3(010)-2040/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2040/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2040/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X8, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2 və zərərçəkmiş şəxs X10 iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsində X12 vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixdə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru Namiq Məmmədovun 05 may 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXMnin 157 və 535.1-ci maddələrinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti 31-ci polis şöbəsinin müvafiq əməkdaşına həvalə edilmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında 08 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün həmin tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X6 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsində X12 vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bununla bağlı Şəxs şöbəyə dəvət olunmuş, lakin o şöbəyə gəlməkdən imtina etmişdir. Buna görə də polis əməkdaşları vasitəsi ilə Şəxs məcburi qaydada şöbəyə gətirilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru Namiq Məmmədovun 05 may 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 535.1-ci maddələrinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. xx.xx.2025-ci il tarixdə Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati icraat materialı üzrə Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsində araşdırmanın aparılması ilə əlaqədar olaraq Şəxs inzibati otaqda tərtib olunan protokolu imza etməkdən yayınaraq polisin ünvanına nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamış və inzibati binada iş rejimini pozmuşdur. Buna görə də 08 may 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən X16 izahatında göstərdi ki, övladı X18 vətən müharibəsində şəhid olmuşdur. xx.xx.2025-ci il tarixdə şəhid X5 bibisi X11 vvhatsap qurupunda Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, S.Əliyev küçəsində qəssab dükanının qarşısında insanların gözü önündə iri buynuzlu heyvan kəsməklə antisanitar vəziyyət yaradan və eləcə də yolla keçən məktəbli uşaqların narhatçılığına səbəb olan Güləli adlı şəxsə bununla bağlı irad tutduqda ona məhəl qoymadığını bildirmiş, həmçinin ət dükanının pəncərəsinin vitrininə çoxlu sayda şəhidlərin şəkillərini yerləşdirmişdir. xx.xx.2025-ci il tarixdə saat 14:00-da Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən mağazaya oranın sahibi Güləli adlı şəxslə bu barədə danışmaq üçün getmişdir. Oraya çatdıqda Güləlinin şəhidlərin şəkillərini obyektinin şüşələrinə yapışdırdığı, özünə qohumluğu və yaxınlığı olmayan şəhidlərin şəkillərini obyektə yapışdırmaqla hegamonluq etdiyini gördükdə əsəbləşmişdir. Ona şəhid atası oğlunu, şəhidlərin adından istifadə etməsinin düzgün olmadığını, şəkilləri oradan çıxarmasını, məktəb yolunun üstündə açıq şəkildə heyvan kəsiminin düzgün olmadığını, azyaşlı uşaqların bundan qorxduğunu, eləcə də anti sanitar vəziyət yaratdığını dedikdə Güləli onunla mübahisə edərək özüm bilərəm nə edirəm deyə cavab vermişdir. O, və eləcə də həmin vaxt yanında olan müharibədə aldığı xəsarətlər nəticəsində İİ qurup əlil olan X26 küçədə deyil obyektə daxil olub sakit şəkildə danışmaq istədiklərini bildirmiş, onlar qəssab mağazasının yanında olan digər mağazaya daxil olmuşlar. Mağazada olan zaman bir daha Güləliyə düzgün etmədiyini, özbaşınalığa son qoymaq lazım olduğunu dedikdə Güləli əsəbləşərək əli ilə sifətinə zərbə vurmuş, yaxasından tutub əvvəlcə özünə tərəf dartmış, onun paltarı cırılmış və daha sonra əli ilə onu geriyə itələmişdir. Bunu görən Xəyal Güləlini sakitləşdirmiş və orada dava-dalaş böyüməsin deyə küçəyə çıxarmalarını bildirmişdir. Onlar küçəyə çıxdıqda şəhid bibisi X11 onlara yaxınlaşmış, o, da Güləliyə iradını bildirdikdə Güləli iti yerişlərlə addımlayaraq idarə etdiyi avtomaşına əyləşmişdir. O, Xəyal və Aybəniz Güləlinin avtomaşınına yaxınlaşmış, Güləli onların yaxınlaşdıqlarını gördükdə avtomaşının şüşəsini açaraq ondan nə istədiklərini, özünün nəyi necə etmək lazım olduğunu yaxşı bildiyini deyərək cavab vermişdir. Aybəniz əsəbləşdiyi üçün əl hərəkətləri ilə danışaraq Güləliyə iradını bildirdikdə Güləli onun qolunu tutub özünə tərəf dartmış və avtomaşını idarə edərək xanımın üzərinə sürmüş, daha sonra hadisə yerindən sürətlə uzaqlaşmışdır. Polis bölməsində olan hadisələrdən isə məlumatsızdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində ona məxsus Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən mağazanın qarşısında olan zaman tanımadığı qadın oraya gələrək orada yerləşən qəssab mağazasında işləyən şəxslərə heyvan kəsimi ilə bağlı iradını bildirib hay-küy saldığını gördükdə ona yaxınlaşmışdır. Nə baş verdiyini soruşduqda nəvəsi ilə oradan keçən zaman heyvan kəsilməsini gördüklərini nəvəsinin bundan qorxduğunu dedikdə heyvanın səhər saat 04:00-da kəsildiyini həmin saatda məktəbin işləmədiyini və nəvəsinin bunu görməsinin mümkün olmadığını dedikdə qadın tutulmuşdur. Nə deyəcəyini bilmədikdə hay-küy salmağa onunla mübahisə etməyə başlamışdır. O, nə iradı varsa yaxınlaşıb qəssaba de deyərək oradan getmək üçün idarə etdiyi avtomaşına əyləşdikdə qadın arxasınca gəlmiş və qadın avtomobilin şüşəsini açmaq istədikdə oradan uzaqlaşmışdır. xx.xx.2025-ci il tarixdə saat 14:00-da ona məxsus mağazada olan zaman özünü şəhid atası kimi təqdim edən Mehman adlı şəxs oraya gəlmiş, onu axtarmış, bir müddət sonra o, mağazaya yaxınlaşmışdır. Mehman ona yaxınlaşaraq obyektin şüşələrinə şəhidlərin şəkillərini yapışdırmağa şəhidləri yaşatdığını deyib əvvəlcə onu tərifləmişdir. Daha sonra Mehman sözünü dəyişərək şəhidin bibisini bir neçə gün bundan öncə təhqir edərək rədd ol deyə bildirdiyini, polisin bunu araşdıracağını dedikdə Mehman qadını çağıracağını ona sözünü deməyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə orada hay-küy salan qadının avtomaşından düşüb yolu onlara tərəfə keçdiyini gördükdə qadının onu şəryələcəyini başa düşdüyü üçün oradan uzaqlaşmaq məqsədi ilə idarə etdiyi avtomaşına əyləşmişdir. Bunu gördükdə qadın tez ona yaxınlaşmış, avtomaşının acıq pəncərəsindən əlini içəriyə salaraq pencəyindən tutmuş dartmış və əli ilə dodağına zərbə vurmuşdur. Bildirmişdir ki, bunların hamısı qurmadır, əvvəldən planlaşdırılmışdır. Şöbədə olan zaman polis əməkdaşlarına qarşı heç bir hörmətsizlik etməmiş, onları söyməmiş və təhqir etməmişdir. Polis əməkdaşları onu söymüşlər və ona qarşı təzyiqlər etmişlər. X11 ilə aralarında əvvəllər də problemlər olmuşdur. O, bunun sifarişli olmasını, onun obyekti ilə bağlı Suraxanı İcra Hakimiyyəti ilə aralarında olan məsələlərnən əlaqədar baş verdiyini bildirmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Orucov Xəyal Hicran oğlu izahatında göstərdi ki, vətən müharibəsində aldığı xəsarət nəticəsində İİ qrup əlil olmuş, müharibədə göstərdiyi şücaətə görə cənab Prezident tərəfindən “Vətən müharibəsi iştirakçısı" və Şuşanın azad edilməsinə görə medalları ilə təltif edilmişdir. xx.xx.2025-ci il tarixdə şəhid X5 bibisi X11 vvhatsap qrupunda Suraxanı rayonu, Bül-bülə qəsəbəsi. S.Əliyev küçəsində qəssab dükanının qarşısında camaatın gözü önündə iri buynuzlu heyvan kəsməklə antisanitar vəziyyət yaratmaqla, eləcə də yolla keçən məktəbli uşaqların narahatçılığına səbəb olan Güləli adlı şəxsə bununla bağlı irad tutduqda ona məhəl qoymadığını bildirmiş, həmçinin şəhidlərin şəkillərini obyektin pəncərələrinə yapışdırsa da özünün həmin şəhidlərlə heç bir bağlılığının olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 14:00-da Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən mağazaya oranın sahibi Güləli adlı şəxslə bu barədə danışmaq üçün şəhid atası X16 ilə birlikdə getmişdir. Oraya çatdıqda Güləlinin şəhidlərin şəkillərini obyektinin şüşələrinə yapışdırdığını, özünə aydiyyəti olmadan şəhidlərin şəkillərini obyektə yapışdırmaqla hegamonluq etdiyini gördükdə Mehman Məmmədov əsəbləşmişdir. Mehman ona şəhid atası oğlunu, şəhidlərin adından istifadə etməsinin düzgün olmadığını, şəkilləri oradan çıxarmasını bildirmişdir. Güləliyə məktəb yolunun üstündə açıq şəkildə heyvan kəsiminin düzgün olmadığını, azyaşlı uşaqların bundan qorxduğunu, eləcə də anti sanitar vəziyyət yaratdığını oturub söhbət etmək istədiklərini Mehman ona dedikdə Güləli onları ət dükanın yanında yerləşən mağazaya dəvət etmişdir, Mağazada o, və eləcə də Mehman Güləliyə bir daha küçədə ət kəsilməsinin, şəhidlərin şəkillərinin yapışdırılmasının düzgün olmadığını dedikdə Güləli əsəbləşmiş və Mehmanın üstünə hücum çəkərək özüm bilərəm nə eləyirəm sən heç kimsən deyib əli ilə Mehmanın sifətinə zərbə vuraraq ona xəsarət yetirmişdir. O, çəliklə olduğu üçün dava-dalaş daha da qızışsa onları ayıra bilməyəcəyini başa düşdüyü üçün sakitləşmələri üçün küçəyə çıxmalarını bildirmişdir. Onlar küçəyə çıxdıqda şəhid bibisi X11 onlara yaxınlaşmışdır. O, da Güləliyə iradını bildirdikdə Güləli iti yerişlə oradan qaçıb idarə etdiyi "Nissan” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşmişdir. Güləlinin qaçıb getmək istədiyini gördükdə Aybəniz İbrahimova ona yaxınlaşaraq avtomaşının açıq şüşəsindən Güləli ilə danışaraq ona iradını bildirməyə başlamışdır. Güləli bu zaman avtomaşını idarə edərək oradan çıxdıb getmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 izahatında göstərdi ki, qardaşı oğlu X9 vətən müharibəsində şəhid olmuşdur. Təxminən 15 gün öncə nəvəsini Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 316 saylı məktəbə aparan zaman yolun kənarında olan qəssab dükanın qarşısında hamının gözü önündə iri buynuzlu heyvanın kəsildiyini, ətrafa qanın axdığını görmüş, nəvəsi həmin mənzərədən qorxmuşdur. Geri qayıtdıqda mağazanın sahibi Güləli adlı şəxsə bu barədə iradını bildirdikdə Güləli ona məhəl qoymadığını gördükdə bu barədə 31-ci PŞ-də ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə mağazanın qarşısından keçdikdə eyni mənzərənin orada olduğunu görmüş və yaşadığı evə gəldikdə şəhid ailələrinin vvhatsap qurupunda bu barədə yazmışdır. Qrup iştirakçılarından biri şəhid atası Mehman Məmmədov növbəti gün oraya gedib Güləli ilə danışacağını bildirdikdə onunla birlikdə gedəcəyini demişdir. xx.xx.2025-ci il tarixdə saat 14:00-da Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən mağazaya Mehmanla birlikdə getmişdir. Mehman avtomaşından düşüb Güləli ilə söhbət etmək üçün ona yaxınlaşdıqda Mehmanı avtomaşında gözləmişdir. Güləlinin Mehmanla mübahisə etdiyini, onların bir-birini tutub dartışdırdığını gördükdə o, avtomaşından düşüb onlara yaxınlaşmışdır. Güləliyə iradını bildirdikdə Güləli onu təhqir edərək ona aidiyyəti yoxdur deyib qolundan tutub dartmışdır. Daha sonra Güləli idarə etdiyi avtomaşına əyləşib ilk olaraq onun üzərinə sürmüş sonra oradan çıxıb getmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixilə saat 13:20 radələrində Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati icraat materialı üzrə Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsində araşdırmanın aparılması ilə əlaqədar olaraq Şəxs inzibati otaqda tərtib olunan protokolu imza etməkdən yayınaraq polisin ünvanına nalayiq ifadələr işlətmiş, üzərində gizlətdiyi Samsung markalı mobil telefon ilə gizli çəkiliş etməyə başlamışdır. Şəxs mobil telefon ilə xidməti fəaliyyəti pozmaması xahiş olunsa da, sonuncu bundan qərəzli şəkildə imtina edərək polisin fəaliyyətinə mane olmağa davam etmişdir. Tərəflərindən dəfələrlə Şəxs xəbərdarlıq olunsa da o, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. X16 xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-nə ərizə yazaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14:00-da Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən mağazada olan zaman mağazanın sahibi Güləli adlı şəxs onu söyüb təhqir etmiş, əli ilə sifətinə zərbə vuraraq onu döymüşdür. Hadisəni törətmiş Güləli adlı şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. X11 xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-nə ərizə yazaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14:00-da Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən mağazada olan zaman mağazanın sahibi Güləli adlı şəxs onu söymüş, təhqir etmiş, əli ilə qolundan tutaraq dartmışdır. Hadisəni törətmiş Güləli adlı şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-nə ərizə yazaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14:00-da ona məxsus Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən mağazanın qarşısında özünü şəhid ailəsi kimi təqdim edən qadın guya onu təhqir etdiyini deyib üzərinə hücum çəkərək əli ilə dodağına zərbə vurmuşdur. Hadisəni törətmiş Güləli adlı şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. X13 xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-də izahatında bildirmişdir ki, dayısı oğlu X9 vətən müharibəsində şəhid olmuşdur. X4 təxminən 15 gün öncə bacısı uşağını 316 saylı orta məktəbə aparan zaman Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, S.Əliyev küçəsi ilə keçən vaxtı orada yerləşən qəssab dükanın qarşısında hamının gözü önündə iri buynuzlu heyvanın kəsildiyini, ətrafa qanın axdığını görmüş, həmin vaxt bacısının övladı qorxmuşdur. Anası yaşadığı evdə olan zaman onu həmin mağazaya aparmasını xahiş etmişdir. O, anasını idarə etdiyi Hyundai markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla həmin qəssab mağazasının qarşısına aparmışdır. Orada anası mağazanın sahibi Güləli adlı şəxsə iradını bildirsə də Güləli ona məhəl qoymamışdır. Anası həmin gün bu barədə 31-ci PŞ-də ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə mağazanın qarşısından keçdikdə eyni mənzərənin orada olduğunu görmüş və evə gəldikdə şəhid ailələrinin vvhatsap qurupunda bu barədə yazmışdır. Qrup iştirakçılarından biri şəhid atası Mehman Məmmədov növbəti gün oraya gedəcəyini, Güləli ilə danışacağını bildirdikdə anası onunla birlikdə gedəcəyini demişdir. xx.xx.2025-ci il tarixdə saat 14:00-da idarə etdiyi avtomaşınla anası Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən mağazanın qarşısına aparmışdır. Mehmanla Güləli adlı şəxs söhbət edərək mağazaya daxil olmuşlar. Daha sonra onlar oradan çıxmış və anası bu zaman avtomaşından düşüb Güləliyə yaxınlaşmaq istədikdə Güləli anasını görüb oradan uzaqlaşaraq idarə etdiyi Nissan markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşərək getmək istədikdə anası ona yaxınlaşaraq bir daha iradını bildirmişdir. Güləli bundan sonra idarə etdiyi avtomaşınla oradan çıxıb getmişdir. İş materiallarında olan 25 aprel 2025-ci il tarixli, 284 nömrəli ekspert rəyindən görünür ki, vət. M.R.Məmmədovun bədənində aşkar edilmiş xəsarətlər- sol almacıq və döş qəfəsinin ön səthi nahiyələrində qançırlar, döş qəfəsinin ön səthi və sağ bazu nahiyələrində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. İş materiallarında olan 25 aprel 2025-ci il tarixli, 285 nömrəli ekspert rəyindən görünür ki, vət. A.K.İbrahimovanın bədənində xx.xx.2025-ci il tarixə uyğun xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 25 aprel 2025-ci il tarixli, 287 nömrəli ekspert rəyindən görünür ki, vət. Şəxs bədənində xx.xx.2025-ci il tarixə uyğun xəsarət aşkar olunmamışdır. İş materiallarında olan video görüntüyə baxış keçirilməsi haqqında 30 aprel 2025-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş diskdə 05 ədəd video görüntü vardır. Belə ki, təqdim edilmiş video görüntülərdən göründüyü kimi xx.xx.2025-ci il tarixdə saat 11 radələrində X11 oğlu Tural Hüseynovla birlikdə sonuncunun idarə etdiyi Hyundai markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla həmin ünvanda yerləşən qəssab mağazasının qarşısına gəlir. X3 mağazanın sahibi Şəxs ilə söhbətlər edir. Video görüntü uzaq məsafədən qeydə alındığı üçün eləcə də müşahidə kameraları danışıqları qeydə almadığından onların hansı mövzuda danışdıqları öz əksini tapmamışdır. Təqdim edilmiş 05 ədəd videodan 03 ədədi xx.xx.2025-ci il tarixdə qeydə alınmış videolardır və həmin video görüntülərdə hər hansı dava-dalaşın baş verməsi halı müşahidə edilməmişdir. Digər 02 ədəd video görüntülər xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. Həmin görüntülərdə X16, Orucov Xəyal Hicran oğlu və Şəxs qəssab mağazasının qarşısında söhbət etdikləri, onların söhbət edərək qəssab mağazasından sonrakı mağazaya tərəf gəldikləri və daha sonra orada yerləşən mağazaya daxil olduqları, 2 dəqiqəyə yaxın müddətdən sonra mağazadan çxdıqları bu vaxtı X7 oğlu Tural Hüseynovla birlikdə sonuncunun idarə etdiyi Hyundai markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla həmin mağazanın qarşısında dayandıqları, A.İbrahimovamn avtomaşından düşdüyü və bu vaxtı Şəxs iti yerişlə arxaya doğru gedərək idarə etdiyi Nissan markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşdiyi, M.Məmmədovun, X.Orucovun və A.İbrahimovanın ona yaxınlaşdıqları, A.İbrahimovanın açıq şüşədən Şəxslə söhbət etdiyi və söhbət zamanı A.İbrahimovanın əlini açıq şüşədən avtomaşının solununa saldığı, onlar arasında bir necə saniyə söhbətin bu şəkildə davam etdiyi və ardınca Şəxs avtomobili idarə edərək oradan uzaqlaşdığı görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-nin 53.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hazırkı iş üzrə tərəflər arasında barışıq olmamışdır. İnzibati xəta haqqında işin materiallarını ətraflı tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi, şahidləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlaməti olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanmaması və ya başlanmış icraata xitam verilməsi üçün əsaslar sırasında 53.2-ci maddəsində həmçinin təqsirliliyi sübuta yetirilmədikdə müddəası da mövcuddur. Belə ki, şəxsin barəsində İXM-nin 535.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmasına baxmayaraq şəxsin həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş şəməli törətməsini təsdiq edəcək mötəbər sübut mövcud deyildir. Bununla bağlı yalnız inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı olsa da, barəsində protokol tərtib edilmiş şəxsin əməlini etiraf etmir və iş üzrə digər mötəbər sübut (video görüntü, şahid izahatı, hər hansı akt) mövcud deyildir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsində təqsiri kifayət qədər sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş üzrə məhkəmə tərəfindən Şəxs İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir, belə ki, o, zərərçəkmiş şəxsi vuraraq xəsarət yetirmiş, tərəflər arasında barışıq olmadığına görə iş üzrə icraata xitam verilməsi mümkün deyil, və zərərçəkmiş şəxs şikayətçi olduğundan qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 08 may 2025-ci il tarixdən, saat 13:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun barəsində inzibati həbs tənbeh növünün tətbiq edilməsi daha ədalətli olar və inzibati xətalar qanunvericiliyinin prinsip və normalarına uyğun olar. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 08 may 2025ci il tarixdən, saat 13:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 34, 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 08 may 2025ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. X1 inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 02 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 22 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+CODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar