Məhkəmə qərarları › İş №3(010)-2041/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2041/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2041/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayaon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru Mahir Musayevin iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, boşanmış (3 uşağı olan, aliment ödəyən və mülki işlə bağlı axtarışda olan), orta təhsilli, FİN xxxxxxx, işləməyən, əlilliyi olmayan, məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı RPİ-nin 30-cu polis şöbəsindən toplanmış material 08 may 2025-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli 1495 saylı “Akt”ına əsasən Şəxs sidik nümunəsində AMP (+), və MTE (+) aşkar edilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X1 08 may 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə barəsində cinayət işinin başlanması Cinayət Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti 30-cu Polis Şöbəsinin müvafiq əməkdaşına həvalə edilmişdir. Buna görə də 08 may 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru Mahir Musayev tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru Mahir Musayev izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə 102 məlumatı əsasında Hövsan qəsəbəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli bilinən ünvan 4 ünvanında yaşayan Şəxs saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin aktına əsasən sidik nümunəsində AMP (+), və MTE (+) aşkar edilmişdir. Araşdırma zamanı Şəxs əməlində cinayət tərkibinin olmadığı müəyyən edildiyindən, 08 may 2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsinə əsasən inzibati tədbir görülməsi üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə ona həvalə edilmiş və Şəxs barəsində 08 may 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü tam təqsirli bilərək izahatında bildirdi ki, evdə qeyrirəsmi arvadı ilə aralarında narkotikə görə mübahisə olmuşdur. Qonşular səs-küyə görə 102 məlumatı vermiş və polis əməkdaşları ünvana gələrək onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparmışlar. Şöbədə narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. O, təxminən 15 gün olarki narkotikin patı növündən istifadə etmişdir. Narkotiki iş yoldaşından aldığını bildirmişdir. Narkotik vasitələri Suraxanı rayonu ərazisində istifadə etmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu, bir daha narkotik vasitə istifadə etməyəcəyini bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd:

1. Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir.

2. Bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 206cı maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İş materiallarında olan narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 07 may 2025-ci il tarixli, 1495 nömrəli aktdan görünür ki, müayinə zamanı Şəxs sidiyində AMP (+), və MET (+) aşkar olunmuşdur. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 may 2025-ci il tarixli, 2674 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs psixostimulyatorlardan istifadə etmə halları olub, lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, narkotik maddələrin istifadəsində şübhəli bilinən Şəxs həmin tarixdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Zığ bağları yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Hövsan qəsəbəsi ərazisində narkotik vasitələrin və psixatrop maddələrin istifadəsində şübhəli bilinən xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, Bakı şəhərində qeydiyyatda olan, ünvan 7 ünvanında yaşayan Şəxs saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətilmişdir. Daxil olmuş raport xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-də cinayətlər haqqında ərizə və məlumatların uçotu kitabında HK-1-də sayla qeydiyyata alınaraq şöbənin icraatına daxil olmuşdur. Araşdırma zamanı Şəxs əməlində cinayət tərkibinin olmadığı müəyyən edildiyindən, cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinin əlamətləri olduğundan, onun barəsində həmin maddəyə müvafiq inzibati təsir tədbirləri görülməlidir. Odur ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinə müvafiq inzibati təsir tədbirləri görülməsindən ötrü bölmənin aidiyyəti əməkdaşına verilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə narkotik vasitələrin və psixatrop maddələrin istifadəsində şübhəli bilinən xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, Bakı şəhərində qeydiyyatda olan, ünvan 7 ünvanında yaşayan Şəxs Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Zığ bağlarında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu Pş-nə gətirilmiş və müayinə edilməsindən ötrü Respublika narkoloji mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji mərkəzinin xx.xx.2025-ci il tarixli 1495 saylı “Akt”ına əsasən Şəxs sidiyində AMP(+), MTE (+), aşkar edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, 2000 manata yaxın aliment borcuna görə mülki iş üzrə axtarışda olmasını və əmlak vəziyyətini nəzərə alır. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 07 may 2025-ci il tarixdə, saat 01:00-da inzibati qaydada tutulmuşdur. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Onun 3 uşağı olsa da boşandığından və həmin uşaqlar keçmiş arvadının himayəsinə verildiyindən Şəxs himayəsində olmaması nəzərə alınmalıdır. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiq deyildir. Şəxs tərəfindən yığılmış 2000 manata yaxın aliment borcunun olması, mülki iş üzrə axtarışda olması kimi hallar onu mənfi xarakterizə edən hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu 07 may 2025-ci il tarixdən, saat 01:00-dan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Hazırki iş üzrə şəxsin narkomaniyadan müalicəyə ehtiyacının olmaması, onun ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinə əsasən Şəxs ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-31, 37, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu 07 may 2025-ci il tarixdən, saat 01:00-dan hesablansın. Şəxs ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınsın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar Suraxanı RPİnin əməkdaşları tərəfindən dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar