Məhkəmə qərarları › İş №3(010)-207/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-207/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-207/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan şikayət verib. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, xx xxxxxx 2021-ci ildə saat 15:15-də yaşayış yerini tərk etmək üçün müraciət etmiş, saat 15:30-da özü, arvadı və qızı üçün SMS icazə almışlar. Bundan sonra hər üçü evdən çıxıblar. Lakin 16:25-də polis əməkdaşları tərəfindən yoxlanılmış və icazəsi olduğuna baxmayaraq ona cərimə yazılmışdır. Qəribədir ki, bu zaman nə arvadına, nə də ki, qızına cərimə yazılmayıb. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. X1 mobil telefonuna xx xxxxxx 2021-ci ildə saat 15:30-da 8103 nömrəsindən gəlmiş məlumata işin məhkəmə baxışı zamanı baxış keçirilmişdir. Həmin məlumat aşağıdakı məzmundadır: «aze01911820 nömrəsi üzrə müraciətiniz təsdiqləndi. Artıq 3 saat müddətinə yaşayış yerinizi tərk edə bilərsiniz». Bu məlumatda göstərilən seriya və nömrə X1 şəxsiyyət vəsiqəsinə aiddir. Göründüyü kimi, X2 xx xxxxxx 2021-ci ildə müvafiq icazənin alınması üçün 8103 nömrəsinə SMS göndərmiş və ona həmin gün saat 15.30-dan etibarən 3 saat müddətində yaşayış yerini tərk etməyə icazə verilmişdir. Beləliklə, barəsində inzibatə xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin xx xxxxxx 2021-ci ildə saat 15.30-dan 16.30-dək yaşayış yerini tərk etməsinə icazəsi olub. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarında isə X1 xx xxxxxx 2021-ci ildə karantin qaydasını pozduğu göstərildiyinə baxmayaraq, müvafiq yoxlamanın konkret olaraq saat neçədə həyata keçirildiyi qeyd olunmamışdır. Bu səbəbdən yoxlamanın 15.30-dan 16.30-dək olan, yəni X1 icazəli olduğu müddətdə və ya başqa vaxtda keçirildiyini müəyyən etmək olmur. X1 müvafiq dəlilinin inzibati xəta haqqında qərar qəbul edilərkən araşdırıldığı da iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə olunması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar