Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-207/2022 28.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 və icra sənədi üzrə tələbkar Məmmədova (Qəniyeva) Nərgiz Mehman qızının iştirakı ilə, Şəxs, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ali təhsilli, boşanmış, bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 11 nömrəli evin 54 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəki rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(075)-639/2019 saylı icra sənədinə əsasən isə 11 mart 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay sabit pul məbləğində 140 manat aliment Məmmədova (Qəniyeva) Nərgiz Mehman qızının xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, borcunu qəbul edir. İşsiz olduğu üçün borcunu ödəyə bilmir. Sonuncu dəfə 200 manat məbləğində ödəniş etmişdir. Hal-hazırda heç bir ödəniş edə bilmir. İş üçün bir çox yerə müraciət etsə də, iş tapa bilməmişdir.Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X2 məhkəmədə bildirdi ki, Şəki rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(075)-639/2019 saylı icra sənədinə əsasən isə 11 mart 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay sabit pul məbləğində 140 manat aliment Məmmədova (Qəniyeva) Nərgiz Mehman qızının xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədlərini icra etməmişdir. İcra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş Şəxs yaşadığı ünvana göndərilmiş və sonuncuya icra sənədini dərhal könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını təmin etməmişdir. Eyni zamanda məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Sonradan isə borclu ümumiyyətlə çağırış üzrə gəlməkdən yayınmış, buna görə də onun barəsində axtarış elan edilmişdir. Göründüyü kimi borclu bir İcra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İcra sənədi üzrə tələbkar Məmmədova (Qəniyeva) Nərgiz Mehman qızı məhkəmədə göstərdi ki, borclu artıq 2018 və 2019-cu il tarixlərdə inzibati qaydada həbs olunub. Həbsdən çıxdıqdan sonra 1600, 700 manat və son olaraq da 200 manat məbləğində ödəniş etmişdir. Borclu bilərəkdən borcunu ödəmir. Sonda Məmmədova (Qəniyeva) Nərgiz Mehman qızı Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Şəki rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(075)-639/2019 saylı icra vərəqəsindən görünür ki, 11 mart 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay sabit pul məbləğində 140 manat aliment Məmmədova (Qəniyeva) Nərgiz Mehman qızının xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 19 aprel 2019-cu il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Şəki rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(075)-639/2019 saylı icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra və probasiya Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan Suraxanı rayon İcra Şöbəsinin 16 dekabr 2021-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, xx xxxxxx 1982-ci ildə anadan olmuş Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcu Şəki rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(075)- 639/2019 saylı icra sənədi üzrə 4703 manat təşkil edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 28 yanvar 2022-ci il tarixdən, saat 17:10dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-207/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-207/2022
28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver