Məhkəmə qərarları › İş №3(010)-2089/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2089/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2089/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1961-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, evli, ali təhsilli, məhkumluğu və əlilliyi olmayan, Fakt və Problemlər qəzetinin baş redaktoru və Azərbaycan Beynəlxalq aləmində jurnalın Bakı bürosunun direktoru vəzifəsində işləyən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 20/4 A ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə barəsində toplanmış inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 06 may 2025-ci il tarixli məktubu ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş 26 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün 14 may 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. 26 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs, 26 aprel 2025-ci il tarixdə, saat 22:52-də “MERCEDES BENZ S350 MİNİK” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi istiqamətində hərəkətdə olarkən Bakı şəhər X4 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən saxlanılmış, həmin vaxt spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən sərxoşluq vəziyyəti alkotesterlə yoxlanıldıqda alkoqolun konsentrasiyasının 0,574 promil olduğu, bununla da Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Buna görə də Bakı şəhər X5 İdarəsi yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 26 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, idarə etdiyi Mercedes markalı ** HY *** d.n.n avtomobil özünə məxsusdur, bununla bağlı sürücülük vəsiqəsi vardır. Avtomobili ilə 26 aprel 2025-ci il tarixində, gecə saat 24-00 radələrində heç bir yol hərəkəti qaydalarını pozmadığı halda Suraxanı rayonu, Zığ şossesində, Zeytun ağaclarının arasında gizlənərək, dayanmış və əksər avtomobilləri heç bir əsas olmadan saxlayıb, sürücüləri əllərindəki naməlum cihazla yoxlayan 357 və 329 d.n.n DYP məxsus BMVV markalı patrul xidməti avtomobilində olan yol polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hansı qayda pozuntusu törətdiyi ona izah edilmədən, heç bir əsas olmadan onu sərxoş hesab edib, özlərində olan naməlum cihazla (alkotesterlə) müayinədən keçirdikdən sonra, yol polis əməkdaşı ona avtomobili sərxoş vəziyyətdə idarə etməyini irad bildirən Müşfiq adlı yol polis əməkdaşı, Xəyyamdan təcili video çəkilişlə bərabər əraziyə post patrul xidmətinin dəvət edilməsini tələb etmiş, hətta polisə yaraşmayan hərəkətlərə yol verərək, yolda kimsəsiz qalan avtomobilinin belə qapı və pəncələrinin bağlanmasına imkan verməmişdir. Qeyd olunan Bakı şəhər DYPİ-nin yol polis əməkdaşları nəqliyyat vasitəsini idarə edən sürücünün sərxoş olmasının müəyyən edilməsi barədə qaydalara əməl etmədən, gələcəkdə ondan asan yolla pul, rüşvət almaq məqsədilə onun istər avtomobilindən kənarlaşdırılması və istərsə də sərxoş olmağının müəyyən edilməsi məqsədilə barəsində protokol və ya sənəd tərtib etməmiş, onu idarə etdiyi avtomobildən heç bir əsas olmadan kənarlaşdıraraq, X3 Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozaraq, ən azı iki nəfər hal şahidinin iştirakı olmadan, barəsində hətta, vermiş hadisədən iki gün sonra yəni 28 aprel 2025-ci il tarixində saat 01.00 radələrində Bakı şəhər DYPİ-nin 30-cu otağında Arzumanov Arzuman və Zaur adlı polis əməkdaşları ona qanunsuz protokol tərtib edib, təqdim etmişlər ki, həmin protokola da yazılı etirazını bildirmişdir. Bakı şəhər DYPİ-nin adı çəkilən yol polis əməkdaşlarının qeyd etdiyi hərəkətləri və ya hərəkətsizliyi tamamilə qanunsuzluq və ya vəzifə səlahiyyətini aşmaqla, özbaşınalıqdır. Ona görə ki, nəqliyyat vasitəsini idarə edən sürücünün sərxoş olmasını yol polisi öz şəxsi qənaətilə müəyyən edə bilməz. Hətta, yol polisinin sürücü barədə kifayət qədər şübhəli əsasları olsa belə, qanunun tələblərinə əsasən, sürücü yol polisi tərəfindən hökmən tibbi müayinədən keçirilməli və lazımı Akt və ya Protokol tərtib edilərək, bir nüsxəsi sürücüyə təqdim edilməlidir. Polis haqqında qanunda və İXM-nin müvafiq maddələrində qeyd edilir ki, sərxoşluğun müayinə edilməsindən boyun qaçıran nəqliyyat vasitəsinin sürücüsü müayinəyə məcburi şəkildə aparılır. Yəni yol polisi heç də sürücü qarşısında aciz deyil ki, onun istək və ya arzusuna əməl etsin. Belə halda yol polislərinin əksər sürücülərə qarşı qanunun tələblərindən deyil, rəhbərliyin onlara verdiyi qanunsuz göstərişlərlə hərəkət edərək, dövlətin, qanunun maraqlarına deyil, qulluq mövqeyindən sui-istifadəyə yol verib, öz şəxsi maraqlarına xidmət etmələrinin arxasında hansı məqsədlər durur? Təbii ki, pul, rüşvət, tamah. Həmin vaxt onu guya Yasamal rayonu ərazisində yerləşən sərxoşluğun təyin olunması bölməsinə aparan 329 d.n.n. avtomobildə olan Xəyal adlı yol polis əməkdaşı onunla bir az söhbət edəndən sonra ona bildirmişdir ki, yaxşı adama oxşayırsan istəyirsən yerində həll edək. Bunun ücün-əlin cibində olsun 800 manat ver buraxaq, buna görə həkimə getməyin mənası yoxdur, sonra həkim də bir pay olur, qeydiyyata düşürsən, bunun ikinci dəfəsi də var-kimi təkliflər edərək, onun xeyri üçün telefonu ilə guya komandirlə və Zaur adlı inzibatçı ilə danışmışdır. Lakin, o, tələb olunan pulun ona verməyəcəyindən sonra yol polis əməkdaşı ona təkidlə təklif etmişdir ki, öz xoşu ilə sərxoş olduğu barədə izahat yazsın. Yasamal rayonu Nizami metrostansiyasını keçib, sərxoşluğun təyin edilməsi bölməsinə təxminən 300-400 metr qalmış, yol polisi avtomobili iki dəfə Qubanov küçəsində saxlayıb, son dəfə ona izahat yazmağını bildirmiş və əks halda xüsusi çəkiliş və post patrul xidməti çağıraraq, guya onun polisə müqavimət göstərdiyini ictimaiyyətə göstərib, onu rüsvay edəcəyi ilə onu hədələmişdir. O, peşə fəaliyyəti ilə əlaqədar və jurnalist araşdırması baxımından, yol polisinin onu məqsədli şəkildə həkimə aparmaqdan yayınmasının və digər qanunsuz hərəkətlərinin hansı nəticə verəcəyinə maraq edib, heç bir hüquqi əhəmiyyət kəsb etməyən AKT-da sadəcə sərxoş yox, gün ərzində həqiqətən də 50 qram konyak içdiyini özü yazılı şəkildə qeyd etmişdir. Sərxoş olmaqla bərabər bir faktı qeyd etmişdir ki, İXM-nin müvafiq maddəsində qeyd edilir ki, sərxoş hesab edilən şəxsin qanında ən azı 30 mlq etil spirti olmalıdır. Bundan sonra yol polisi onun izahatını əsas tutaraq, üzərinə düşən vəzifəni tamah məqsədilə yerinə yetirmədən həmin vaxt artıq onun qənaətinə görə sərxoş olmağı barədə guya onda tutarlı sənəd, AKT var, buna görə qanunsuzluq edərək, yenə də gələcəkdə ondan asan yolla pul, rüşvət almaq məqsədilə tibbi müayinəyə getməyərək, artıq 27 aprel 2025-ci il tarixində gecə saat 24:20 radələrində yenidən Zığa qayıtmış, digər yol polis əməkdaşı Müşfiq avtomobilini idarə etmiş, Nizami rayonu NZS adlanan ərazisindəki 11 saylı “Siqnal” adlanan mühafizə olunan duracağa gətirmiş, avtomobilini gecə saat 00:45 radələrində duracağa yerləşdirərək, açarları ondan almış, ona bildirmişdir ki, narahat olma, danışmışıq, sabah Bakı şəhər DYPİ-də 30-cu otaqda Zaura 500 manat verəndən sonra avtomobil dayanacaqdan buraxılacaq. Onu hətta sərxoş hesab edən polis əməkdaşları öz vəzifə borclarını yenə də yerinə yetirmədən sərxoş vətəndaşı sahibsiz küçə itlərinin ulaşdığı qaranlıq ərazidə, gecə saat 01-00 radələrində qoyub getmişlər. Polisə və nəhayət millətə yaraşmayan hərəkətlərə yol verən adı çəkilən polis əməkdaşları onu həmin vaxt sərxoş hesab edirdilərsə heç olmasa ayıltma məntəqəsinə və yaxud da ki, yaxınlıqda olan avtobus və ya taksi dayanacağına aparmalı idilər. Təbii ki, bütün bunlara etirazını bildirib, təxminən 10-15 dəqiqədən sonra taksi xidməti çağırıb, yenidən Yasamal rayonu ərazisində yerləşən Sərxoşluğun təyin olunması bölməsinə gəlib, yol polisinin vəzifə borcu olan, lakin korrupsiyalaşmış bir dəstə olduqları üçün məqsədli şəkildə bunu etmədikləri həkim ekspertin qəbulunda olmuşdur. Müayinədən keçərkən, xx.xx.2025-ci il tarixində, saat 01:45 dəqiqədə, yəni təxminən avtomobilini dayanacağa qoyandan 45 dəqiqə sonra barəsində tibb işçisinin tərtib etdiyi ******* nömrəli protokolda, onda ümumiyyətlə spirt və ya digər narkotik maddənin olmasının müəyyən edlməməsi barədə protokol tərtib edilmişdir. 28 aprel tarixində Bakı şəhər DYPİ-də 30-cu otaqda olan Zaur və sonra Arzumanov Arzuman kimi özünü təqdim edən yol polis əməkdaşının qəbulunda olarkən, növbəti qanunsuzluqla qarşılaşmışdır. Polis əməkdaşı otaqda onu bir kənarda oturdaraq, otaqda sürücülərlə qanunsuz pul tələb edilməsi və rüşvət barəsində danışıqlarının kənardan yaxşı eşidilməməsi məqsədilə yüksək səslə musiqi səsləndirərək, onun haqlı etirazlarına qulaq asmaqdan yayınmış, qanunsuz tələb etdikləri rüşvətin onlara vermədiyini biləndən sonra onu məhkəmə yolu ilə bir ay müddətində inzibati həbs ilə hədələyərək, hətta onlara təqdim etdiyi həkim tərəfindən sərxoş olmadığı barədə təsdiq edilmiş protokolu belə qəbul etməmiş, polisin davranış qaydalarını kobud şəkildə pozmuş, ona İXM-nin tələbinə uyğun hadisə vaxti deyil, qanuna zidd olaraq otaqda hadisədən iki gün sonra rəsmi dövlət sənədinə tamah məqsədilə yalan məlumat daxil edərək, 26 aprel gecə saat 23 radələrinə aid saxta inzibati protokol tərtib edib, təqdim etmişlər. Bakı şəhər DYPİ-də 28 aprel tarixində təqdim edilən və guya 26 aprel 2025 ci il tarixli, saat 22-50 radələrində tərtib olunan protokolun qanunsuz olmasını sübut edən ən mühüm amillərdən biri də odur ki, necə olur ki, o, hələ 27 aprel 2025-ci il tarixində gecə saat 00:10 radələrində qeyd etdiyi yol patrul xidməti avtomobilində Xəyam adlı yol polisi ilə bərabər sərxoşluğun təyin olunması bölməsinə gedərkən, onun barəsində artıq sərxoş olmağı barədə qanunsuz protokol tərtib edilir? Bunu təsdiq edən video görüntü var. Hətta həmin vaxt yol polisi Xəyam ona AKT imzaladıb, videoyaya çəkib. Gecə saat 00:10 radələrində o, əyləşən yol polis avtomobili Yasamal rayonu Xarici İşlər Nazirliyi, 18 nömrəli orta məktəbin qarşısından keçmişdir. Bunu da ərazidə olan TŞK təsdiq edə bilər. Bütün bunlar yol polisləri tərəfindən yol verilən vəzifə cinayəti, ciddi qanun pozuntuları hesab edilməlidir. Bakı şəhər DYPİ-də olarkən bir çox sürücülər onun jurnalist olduğunu bilib, 30-cu otaqda və Arzuman Arzumanovla bərabər əsasən də Zaur adlı yol polis əməkdaşının dövlət rüsumu adı ilə onları məhkəmə və ya inzibati həbslə hədələyərək onlardan qanunsuz pul, rüşvət tələb etmələri barədə ona məlumatlar vermişlər. Bunlardan ** VC *** d.n.n Mazda markalı avtomobilin sürücüsü Bəxtiyar adlı səxs bildirmişdir ki, onu da onun kimi yol polis əməkdaşı heç bir əsas olmadan saxlamış, sərxoş olması barədə qanunun tələblərini pozaraq heç bir tibbi müayinəyə aparmadan, məcbur edib, içki qəbul etməsi barədə izahat alandan sonra yenə də qanunamüvafıq qaydada tədbirlər görmədən 30-cu otağa gətirib, avtomobilini sərbəst buraxmaq ücün 600 manat pul tələb edirmişlər. Bildirmişdir ki, bütün bunlar Bakı şəhər DYPİ-nin 30-cu otağında baş verən son qanunsuzluq deyil. Təxmini hesablamalara görə gün ərzində həmin otağa ən azı 30-40 nəfər sərxoş sürücü adı ilə sürücü gətirilir və heç bir hüquqi əsası olmayan saxta sənədlər tərtib edilərək, bu yolla hərəsindən ən azı 500-600 manat dövlət rüsumu adı ilə pul alınır. Həmin sürücülərin yazdıqları izahatları isə yoxlamaq çox sadədir. İstər idarədə olan və istərsə də, avtomobilləri əlindən alınaraq, heç bir sənədləşmə aparmadan avtomobillərin yerləşdirildiyi mühafizə olunan duracaqlardakı qeydiyyat kitabları və ya təhlükəsizlik kameralarından. Maraqlı fakt ondan ibarətdir ki, sürücülərdən dövlət rüsumu adı ilə pul, rüşvət almaq üçün hədə-qorxu gəlməklə yol polislərinin hətta video registratorlarla tərtib etdikləri qondarma izahat və ya AKT sənədləri harda və necə saxlanılır, yaxud tələb etdikləri rüşvət təmin edildikdən sonra qeyd olunan izahatlar necə məhv edilir? Gün ərzində sürücülərdən yığılan küllü miqdarda rüşvət ay ərzində ən azı 1 milyon manatdan çox pul edir. Bakı şəhər DYPİ-nin bundan başqa yerdə qalan 32 otağında da yığılan rüşvət təxmini hesablamalara görə demək olar ki, 3-4 dəfə çoxdur. Beləliklə, dövlət rüsumu adı altında sürücülərdən ildə milyonlarla manat pul vəsaiti dövlət büdcəsinə deyil, başdan ayağa korrupsiyalaşmış bir qrup vəzifəli şəxslər tərəfindən, heç bir qanundan, qaydadan, prokuror və ya digər hüquqmühafizə orqanlarının nəzarətindən çəkinmədən, açıq-aşkar şəkildə, millətin gözü qarşısında talanır. Bütün bunlar isə təbi ki, əhali arasında haqlı narazılıq yaradır. Bakı şəhər DYPİ-nin adı çəkilən polis əməkdaşı, onun sərxoş olmağı barədə müvafiq sənədləşmə aparmadan, həm Polis haqqında, həm də Azərbaycan Respublikası qanunları ilə təsdiq olunmuş halları bilərəkdən pozmuş, heç bir hüquqi əsası olmayan və tibbi müayinə ilə təsdiq edilməyən, qərəzli və qanunsuz protokol tərtib etdikləri 26 aprel 2025-ci il tarixli İXP ******* nömrəli qeyd olunan protokol ləğv edilməlidir. Məhkəmə üçün buna əsas verən ən mühüm sübut və amil isə onun sərxoş olmağı barədə qanunsuz tərtib edilmiş protokoldan dərhal sonra onun tibbi müayinədən keçdiyi protokolda təsdiq edilmiş, spirtli içki və ya narkotik maddənin təsiri altında olmamağıdır. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, məhkəməyə audio-video yazısı olan 1 ədəd DVD disk təqdim edilmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 333.1-ci maddəsi ilə bağlı işlərə baxılması həmçinin rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.7, 329 – 331, 332.1 – 332.3, 333.1, 333-1.1, 334.1, 334-1.1, 335.1 – 335.4, 336, 337.1 – 337.4, 338.1 – 338.5, 338.8, 338.9, 339.1, 342.1.1 – 342.1.8, 342.1.11, 342.2 – 342.7, 343.1, 343.4, 343.8, 343-1.1, 343-1.5, 343-1.10, 344, 345, 346, 347, 350.1 (Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.7, 355, 356, 428.5, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346-1.1 və 346-1.5-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10, 324.2, 324.4, 324.7, 324.9, 324-3, 342.1.9, 346-1.2 – 346- 1.4, 348, 350.2, 352.0.2, 352.0.4, 352.0.5, 352.0.7 – 352.0.10, 354.0.1 - 354.0.6 və 354.0.8 – 354.0.10-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X4 İdarəsinin rəisi, onun müavinləri, Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X4 İdarəsinin rəisi, ərazi polis orqanlarının X4 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X4 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X4 qruplarının rəhbərləri baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin Qeydinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Hazırki iş üzrə inzibati xəta Bakı şəhəri Suraxanı rayonu, Zığ şossesi ünvanında baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinir. Bununla bağlı 26 aprel 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol, 26 aprel 2025-ci il tarixli alkotester müayinəsi qəbzi, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında 26 aprel 2025-ci il tarixli protokol sübut növü kimi qiymətləndirilir. Şəxs məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin protokolda olan yazıları və imzanı özü icra etmişdir. Alkotester müayinəsindən imtina etmədiyi üçün sərxoşluq halının müəyyən olunması üçün həkim müayinəsinə aparılmamışdır. İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. İXM-nin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. İXM-nin 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. İXM-nin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş audio-video yazısı olan DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şəxs protokola əlyazma ilə yazaraq və imzalayaraq (gün ərzində 50 qram spirtli konyak qəbul etmişəm. Birinci dəfədir xahiş edirəm nəzərə alın, həkimə getməyə ehtiyac yoxdur) kimi qeyd etmişdir. Hazırki iş üzrə qeyd olunmalıdır ki, Şəxs 26 aprel 2025-ci il tarixdə saat 22:51-də alkotester vasitəsilə sərxoşluq müayinəsindən keçmiş, buna etiraz etməmiş, həmin vaxt alkoqolun konsentrasiyasının 0,574 promil olduğu müəyyən edilmiş, bununla bağlı özü izahat yazaraq 50 qram konyak içdiyini bir daha təsdiq etmiş, tərtib olunmuş inzibati xəta haqqında protokol ilə tanış olsa da İXM-nin 96 və 100-cü maddələrinə əsasən qanunvericiliyin ona verdiyi imkanlardan və hüquqlardan istifadə etməyərək inzibati xətanın törədilməsini səmimi olaraq qəbul etmiş, lakin sonradan 27 aprel 2025-ci il tarixdə saat 00:44-də yenidən özü sərxoşluq müayinəsindən keçərək sərxoş olmadığını sübut etməyə çalışmışdır. Qeyd olunmalıdır ki, İXM-nin 96.2-ci maddəsinə əsasən şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Lakin Şəxs tərəfindən belə imtina verilməmişdir. Ona görə də qanuna zidd olaraq əldə edilmədiyinə görə alkotesterin nəticəsi olan qəbz və barəsində protokol tərtib etmiş şəxsin izahatı sübut qismində qiymətləndirilir. Həmçinin Şəxs ərizəsində və izahatında qeyd etdiyi protokol tərtib olunarkən iki hal şahidinin iştirakının təmin olunması ilə bağlı məhkəmə qeyd edir ki, İXM-nin 69-cu maddəsi 19 aprel 2024-cü il tarixli 1134-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 69-cu maddə ləğv edilmişdir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. İXM-nin 327-ci maddəsinin Qeydinin 5-ci bəndinə əsasən bu Məcəllənin 327.8, 333.1, 333-1.1, 343.1 və ya 343-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xəta 5 balla qiymətləndirilir. Hazırki iş üzrə şəxsin sürücülük vəsiqəsindəki bal miqdarı 3 olduğundan ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi ilə 5 bal əlavə hesablanmaqla cəmi 8 bal olacaq və bununla da 20 bal yaranmadığı üçün şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmayacaq. Lakin şəxsin sürücülük vəsiqəsində bal miqdarı 15 və daha çox olmuş olsaydı İXM-nin 327-ci maddəsinin qeydinin 5-ci bəndi əsas götürülməklə ona inzibati cərimə tətbiq olunsaydı belə yenə də bal toplamda 20 və daha çox etdiyi üçün artıq sürücülük hüququ məhdudlaşdırılacaqdı. Hazırki vəziyyətdə isə sürücülük hüququnun məhdudlaşdırılması üçün hər hansı əsas mövcud deyildir. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İş materiallarında olan 26 aprel 2025-ci il tarixli, 06630 nömrəli test göstəricisindən görünür ki, müayinə nəticəsində Şəxs spirtli içki qəbul etdiyi, alkoqolun konsentrasiyasının 0,574 % promil olduğu müəyyən olunmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda Şəxs əlyazma ilə yazaraq və imzalayaraq (gün ərzində 50 qram spirtli konyak qəbul etmişəm. Birinci dəfədir xahiş edirəm nəzərə alın, həkimə getməyə ehtiyac yoxdur) kimi qeyd etmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli, 329 nömrəli aktdan görünür ki, “MERCEDES BENZ S350 MİNİK” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa yerləşdirilmişdir. Bununla da məhkəmə iclasında tədqiq edilmiş, yuxarıda göstərilən sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri kifayət qədər sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Belə olan halda Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, taksi sürücüsü kimi işləyərək ailəsini dolandırmasını, ilk dəfə bu cür xəta törətməsini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə işin hallarını, Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxxxxxx 1961-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, evli, ali təhsilli, məhkumluğu və əlilliyi olmayan, Fakt və Problemlər qəzetinin baş redaktoru və Azərbaycan Beynəlxalq aləmində jurnalın Bakı bürosunun direktoru vəzifəsində işləyən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 20/4 A ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar