Məhkəmə qərarları › İş №3(010)-2098/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2098/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2098/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikasının X10 Bakı şəhəri Reklam İdarəsinin böyük hüquqşünası X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 nümayəndəsi X6 iştirakı ilə, X2 Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının X10 Bakı şəhəri Reklam İdarəsi tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 27 aprel 2023-cü il tarixli MN saylı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi X5 tərəfindən 27 aprel 2023-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən “Spar” market adı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının X10 Bakı şəhəri Reklam İdarəsinin böyük hüquqşünası X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 nümayəndəsi X9 öz izahatında bildirmişdir ki, o, dəfələrlə Azərbaycan Respublikasının X10 Bakı şəhəri Reklam İdarəsinə yazılı qaydada müraciət edərək müqavilə bağlamağı təklif etmişdir. X10 Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları ərizəsini qəbul edərək bildirmişlər ki, müfəttiş gəlib yerində reklamın ölçülərini götürəcəkdir və onlarla müqavilə bağlayacaq. O, vicdanlı vergi ödəyicisidir, sahibkar olduğu mağaza əvvəllər “Araz Express” adı ilə fəaliyyət göstərib və vaxtlı-vaxtında reklam rüsumlarını da ödəyib. Hal-hazırda mağaza “Spar” market olaraq fəaliyyət göstərir o, qanunlara hörmətlə yanaşaraq sahibkar olaraq reklam rüsumlarını ödəmək istəyir. Lakin Azərbaycan Respublikasının X10 Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları müxtəlif bəhanələrlə müqavilə bağlamaq prosesini uzadırlar, hətta həmin danışıqlarla bağlı da səs yazıları olan kompakt diskdə təqdim edir. Sonuncu dəfə, yəni 17 may 2023-cü ildə ona Azərbaycan Respublikasının X10 Bakı şəhəri Reklam İdarəsi tərəfindən yazılı qaydada cavab verilərək bildirilmişdir ki, S.Məmmədova barəsində artıq 27 aprel 2023-cü i tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-nin 43.1 və 103.1-ci maddələrinə əsasən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını, inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə; 428.7.2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə; 428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydalarına əsasən : 2.1. Açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra – icazə) alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır; 2.16. Reklama dair texniki şərtlər pasportunun etibarlılıq müddəti və icazə müqaviləsinin qüvvədə olma müddəti icazənin müddətindən artıq olmamalıdır. İcazənin və reklama dair texniki şərtlər pasportunun forması, həmçinin icazə müqaviləsinin forması və bağlanılma qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir; 2.17. İcazə müqaviləsi bağlanılmadıqda, verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. 2017-ci il avqustun 1-dək icazə almış və icazəsi qüvvədə olan reklam yayıcıları müvafiq qurumla 2018-ci il yanvarın 1-dək icazə müqaviləsi bağlamalıdırlar. Müvafiq qurum 2017-ci il avqustun 1-dək icazə almış və icazəsi qüvvədə olan reklam yayıcılarına icazə müqaviləsinin bağlanılması zərurəti barədə bildiriş göndərir; 3.1. Müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.6. Açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir; 3.7. Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İXM-nə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödənilmədən reklam yayımı hallarını müəyyən etdikdə, reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və həmin Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməli (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görməlidir. Qaydanın 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verməlidir. Məhkəmə, Azərbaycan Respublikasının X10 Bakı Şəhəri Reklam İdarəsindən daxil olmuş X5 barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, X5 tərəfindən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirilməsi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarından görünür ki, protokol tərtib edilməzdən əvvəl barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə məlumat verilməmiş; protokol tərtib edilməzdən əvvəl dəvət edilməmiş, bu barədə ona hər hansı bir bildiriş göndərilməmiş, çünki iş materialları ilə belə bir məlumat müəyyən edilmir; hüquqları və vəzifələri izah edilməmiş; dəvət olunaraq izahat vermək, sübutlar təqdim etmək, protokolun məzmunu barədə; o cümlədən inzibati xətanın törədilməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmişdir, bu hüquqları təmin edilməmişdir. Protokolda əsassız olaraq göstərilmişdir ki, vəzifəli şəxs icraatda iştirak etməkdən, izahat verməkdən imtina etmişdir. Bundan başqa inzibati xəta haqqında protokol tərtib edilmədən öncə “açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair 28 fevral 2023-cü il tarixli akt tərtib olunur, həmin aktda yayımlanmış 16 ədəd 20 kv.m ölçüdə reklam aşkar edildiyi qeyd edilir, həmçinin “Araz Express” yazısı haqqında tərtib olunsa da, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında 27 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol əsassız olaraq “Spar” market yazısı barədə tərtib olunmuşdur. Məhkəmə onu da qeyd edir ki, “Spar” market yazısının ölçüsü müəyyən edilməmiş, həmin yazı üçün vətəndaşa hansı məbləğdə rüsum ödənilməsi barədə məlumat verilməmişdir. Eyni zamanda “açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə” dair 28 fevral 2023-cü il tarixli aktda yayımlanmış 16 ədəd 20 kv.m ölçüdə reklam aşkar edildiyi qeyd edilsə də, iş materiallarına əlavə edilmiş fotoşəkilləri nəzərə alsaq obyektin üzərinə, yəni pəncərələrə çəkilmiş həmin ölçüdə günəş işığını almaq məqsədi ilə yaşıl rəngdə sadə vinil salındığı görünür. Belə ki, “Reklam haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən, reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatı özündə ehtiva edir. Qeyd olunan obyektin üzərinə günəş işığını almaq məqsədi salınan yaşıl rəngdə vinillərin reklam sayılıb-sayılmaması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən cavablandırılmış 16 may 2023-cü il tarixli məktubunda öz əksini tapmışdır (həmin məktub iş materiallarına əlavə edilmişdir). Bundan başqa iş materiallarından görünür ki, Azərbaycan Respublikasının X10 Bakı şəhəri Reklam İdarəsi tərəfindən “müvafiq qanun pozuntuların aradan qaldırılması barədə icrası məcburi olan” X3 30 may 2023-cü il tarixdə göstəriş ünvanlanlanmışdır. Həmin göstərişdə “Araz Express” adlı obyektin üzərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun təblərinin pozulduğu qeyd edilsə də, inzibati xəta haqqında protokolda Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən “Spar” market adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi göstərilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının X10 Bakı şəhəri Reklam İdarəsi tərəfindən “müvafiq qanun pozuntuların aradan qaldırılması barədə icrası məcburi olan” X3 30 may 2023-cü il tarixdə göstərişin ünvanlanmasına baxmayaraq, həmin göstərişin çatdırılması ilə bağlı iş materiallarına “Reqion Express”in qəbzdən müəyyən olunur ki, Şahverdiyeva Fərəh adlı şəxsə 31 mart 2023-cü ildə çatdırılmışdır. Göründüyü kimi göstərişin faktiki olaraq X3 çatdırıldığı iş materialları ilə müəyyən olunmur və belə qənaətə gəlmək olar ki, X2 tərtib edilmiş 28 fevral 2023-cü il tarixli aktdan məlumatı belə olmamışdır. Belə olan halda “Reklam haqqında” Qanunun pozuntusunun aradan qaldırılması mümkün olmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, X10 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən “Spar” market adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi qeyd edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 müqavilənin bağlanması barədə ərizə ilə İdarəyə dəfələrlə müraciət etməsinə baxmayaraq, onun müraciətləri cavabsız qalmış və sonuncu müraciətinə baxılaraq artıq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsi bildirilmişdir (17 may 2023-cü il tarixli məktub iş materiallarına əlavə edilmişdir). Qeyd olunur ki, sübut kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən “whatsapp səs yazıları” ilə bağlı bir ədəd kompakt disk təqdim olunub, həmin diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, X2 həyat yoldaşı X9 Azərbaycan Respublikasının X10 Bakı şəhəri Reklam İdarəsinin əməkdaşı ilə söhbət apararaq qeyd etmişdir: “gəlin müqavilə bağlayaq, “Spar” market adlı obyekt əvvəllər “Araz Express” adlı obyekt olmuş, gəlin obyektin ölçüsünü götürün, ödənişini edim, mənim vitrinimin arxası düşür şüşə tərəfə, vinil vurmuşam, vinilin reklama heç bir aidiyyəti yoxdur, yaşıl vinillə bağlı isə verin məhkəməyə, məhkəmədə sübut olunsa ki, vinil reklama aiddir, onun cəriməsini ödəyərəm, amma gəlin obyektlə bağlı müqavilə bağlayaq və ödənişini dövlət büdcəsinə edim”. Azərbaycan Respublikasının X10 Bakı şəhəri Reklam İdarəsinin əməkdaşı isə cavabında qeyd etmişdir: “belə alınmayacaq, razısınızsa gəlib həm obyektin reklamını, həmdə yaşıl vinillərin ölçülərini götürək, hesab fakturanı təqdim edək, əks halda özünüz yazılı şəkildə idarəyə müraciət edin, belə özümüz gələ bilmərik”. Beləliklə, məhkəmə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində X5 tərəfindən açıq məkanda reklam yerləşdirilməsinin sübut olunmamasını, bununla da, X2 hərəkətlərində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq hesab edir ki, X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata X2 əməlində (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar