Məhkəmə qərarları › İş №3(010)-2107/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2107/2022

12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2107/2022 12.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" LTD MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, "xxxx" LTD MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin X5 Şöbəsi tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 aprel 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarına əsasən "Fayton LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "Fayton LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Abdul Bağırov şikayət verərək, şikayətin təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 3(010)-2107/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilərək, inzibati xəta haqqında işə xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2062/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "Fayton LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Abdul Bağırov tərəfindən verilmiş şikayət qismən təmin edilərək, "Fayton LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi, hüquqi şəxs "Fayton LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində olan inzibati xəta haqqında iş materiallarının yenidən baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "Fayton LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, "xxxx" MMM barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə Suraxanı rayon Polis İdarəsi tərəfindən 25 aprel 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola əsasən "xxxx" MMM-nin mülkiyyətində olan "Toyota Camry minik" markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş şəxs 16 mart 2022-ci ildə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı sorğu daxil olduğu gündən 05 gün ərzində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin X5 şöbəsinə təqdim etməmişdir. Buna görə də 25 aprel 2022-ci il tarixdə "xxxx" X1 barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsi haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMM-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 347ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcuddur və buna görə də 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 3(010)-2107/2022 saylı qərarı ilə razılaşmayaraq, bu qərarı mübahisələndirmişlər və Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Suraxanı rayon məhkəməsinin qeyd olunan qərarı ləğv edilmişdir. Qeyd etmək istəyir ki, "xxxx" MMM-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkib əlamətləri yaranmamışdır. İlk növbədə "xxxx"MMM-nin təqsirli bilindiyi İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsininə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Yəni əməlin inzibati xəta tərkib əlaməti meydana gətirməsi üçün ilk növbədə inzibati xətanı törədilməsi haqqında səlahiyyətli orqanın sorğusu daxil olmalıdır. İş baxılarkən, Azərbaycan Respublikası 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xatanın törədilməsini müəyyən edərkən sorğunun "xxxx" MMM tərəfindən qəbul edilibedilməməsini aydınlaşdırılmalı idi. Nə hüquqi, nə də ki, faktiki baxımından Şəxs MMC-nin ünvanı ünvan 1u isə həmin ünvana göndərilmişdir. "xxxx" MMM-nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanı törətmiş fiziki şəxs haqqında məlumat alınması üçün müraciət düzgün ünvana göndərilməmişdir. Nəticə olaraq, məlumatın alınması üçün göndərilən müraciət onlara çatdırılmamışdır. Məhz Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən müraciət səhv ünvana göndərildiyi üçün əsassız olaraq barələrində protokol tərtib olunmuşdur. Digər tərəfdən iş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayon X6 Şöbəsinin sorğusu 04 aprel 2022-ci il tarixdə qəbul edilmişdir, lakin sözügedən xəbərnamə tam doldurulmamış, şəxsin soyadı, adı, atasının adı, tutduğu vəzifə (hüquqi şəxsə münasibəti) qeyd olunamışdır. Xəbərnamədə qeyd edilən şəxsin isə "xxxx" MMM-ə çalışmasını müəyyən etmək mümkün deyil. Çünki "xxxx" MMM-ə həmin məktub çatdırılmamış və elə bir işçi tərəfindən də, qəbul edilməmişdir. Qeyd olunanlara əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş materialı, tərəfin çıxışını dinləyərək hesab edir ki, "xxxx" LTD MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin X5 Şöbəsindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuş 25 aprel 2022-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, "Fayton LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan "Toyota Camry” minik markalı 10PB410 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş şəxs 16 mart 2022-ci ildə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə sürücü barədə məlumatların təqdim edilməsi üçün "Fayton LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə sorcu göndərilmiş, lakin "Fayton LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin vaxt avtomobili idarə etmiş şəxs barəsində zəruri olan məlumatları müvafiq sorğunu aldığı vaxtdan 5 gün müddətində təqdim etmədiyinə görə, barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən 25 aprel 2022-ci ildə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə İXP seriyalı, ******* sayl inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş poçt qəbzinə əsasən, "Fayton LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan "Toyota Camry” minik markalı 10PB410 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş şəxs 16 mart 2022-ci ildə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə sürücü barədə məlumatların təqdim edilməsi üçün "Fayton LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş sorğu 04 aprel 2022-ci il tarixdə qəbul edilmiş, lakin həmin qəbzdə kim tərəfindən həmin sorğunun qəbul edilməsi göstərilməmiş və sorğunun alınması ilə bağı poçt qəbzinə imza edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görəvəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2. Hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.123.3.Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1 -ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1, 99.1.1-ci maddələrnə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biri də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin X5 Şöbəsi tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 aprel 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolunda göstərilən inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" LTD MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar