Məhkəmə qərarları › İş №3(010)-2125/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2125/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2125/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X5 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1559/2023 saylı icra sənədi ilə üzərinə düşən öhdəlikləri icra etməyərək İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1559/2023 saylı icra sənədi 2024-cü ildə onun icraatına daxil olduqdan sonra tərəflərə məlumat verilmiş, borclu xx.xx.2024-cü il tarixdə icra şöbəsinə dəvət olunmuş, ona icra sənədinin mahiyyəti izah olunmuş, qərar və bildiriş borcluya təqdim olunmuş, təyin olunmuş məbləğin könüllü icrası ilə bağlı bildiriş verilmişdir. Borclunun Sumqayıtda yerləşən mənzilinə və borclunun adına olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş, aidiyyəti orqanlara məktublar göndərilmiş və məktublar cavablandırılmışdır. Borclu halhazırda icra sənədində göstərilən mübahisələndirilən hissədə tələbi könüllü icra müddəti ərzində icra etmədiyindən onun əmlakına baxış keçirilmiş, onun adına amlak və əşya müəyyən edilməmişdir. Borclunun dediyinə görə o, aliment də ödədiyindən borcunu birdəfəlik ödəyə bilmir amma bu icra sənədinin icra olunmaması üçün əsas deyil. Borclu 12740 manat ödəməli olduğu halda cəmi 200 manat ödəmişdir. Tələbkar isə icra sənədində borcun hissə-hissə ödənilməsi göstərilmədiyindən borcun tam ödənilməsini tələb edir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1559/2023 saylı icra sənədi icra olunmamışdır. Belə ki, borclu ona bayram ərəfəsində 200 manat göndərmiş, o da bu məbləğin alimentdən əlavə uşaqlara bayram üçün göndərildiyini zənn etmişdir. Sonradan icra məmuru ona icra sənədində göstərilən borcun ödənişi olduğunu bildirdikdə bu barədə məlumatı olmuşdur. Borclunun yaxşı gəliri var, başqa şəxslərin adına əmlakları var amma bu halı sübut edə bilmir. Yəni, borclunun imkanı yaxşıdır amma özünü elə göstərir ki, guya borcu ödəyə bilmir. O (tələbkar) kirayə evdə yaşayır və iki uşaq onun himayəsindədir. Uşaqlardan biri 1-ci sinifə getməyə başlayacaq. Buna görə də borcun tam ödənilməsini tələb edir ki, özünə ev alsın ki, uşaqlarına şərait qura bilsin. Əgər borclunun borcu hissə-hissə ödəməsinə razı olsa, növbəti dəfə üçün borclu borcu ödəməyəcək. O, borclunun borcu hissə-hissə ödəməsinə razı deyil, borcun tam ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1559/2023 saylı icra sənədi üzrə borcu olmasını etiraf edir. O, əvvəl maşın alqı-satqısı ilə məşğul olmuşdur. 2018-ci ildə avtomobil alıb satmışdır, avtomobillərin üzərində həbs olduğundan alan şəxslər adlarına keçirə bilmirlər deyə onun adında görünür. Avtomobilləri satıb Sumqayıtda ev almışdır. İki uşağına görə 440 manat, bir uşağına görə 200 manat məbləğində aliment ödəyir, aliment ödənişində gecikmə olmayıb. Heç bir yerdə işləmir, yaşlı atasına baxır. Borcundan 200 manat ödəniş etmiş, qalan məbləği hər ay 100-150 manat civarında ödəyə bilər. Hal-hazırda 200 manat ödəyə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1559/2023 saylı icra sənədindən görünür ki, iddia qismən təmin edilmiş; Şəxs mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 14 mənzil 43, (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, X10 küçəsi, 14, M9, m1) ünvanında yerləşən mənzilə ½ hissədə Şəxs və ½ hissədə X1 mülkiyyət hüquqları tanınmalı; Şəxs mülkiyyətində olan “Opel Astra” markalı, 99TC160 dövlət qeydiyyat nişanlı və “Renault Megane” markalı, 99SC840 dövlət qeydiyyat nişanlı avtomobillərə ½ hissədə Şəxs və ½ hissədə X1 mülkiyyət hüquqları tanınmalı; Şəxs tərəfindən satılmış BMW 528İ markalı, 90NV040 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 25000 manat pul vəsaitinin 1/2 hissəsi, cəmi 12500(on iki min beş yüz) manat məbləğində pul vəsaiti və 240(iki yüz qırx) manat dövlət rüsumu Şəxs alınaraq X2 verilməlidir; iddia qalan hissədə təmin olunmamışdır. icraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1559/2023 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs tərəfindən qəbul olunmuşdur. Suraxanı rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1559/2023 saylı icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs qeydiyyatda olduğu Qaraçuxur qəsəbəsi, Neftçilər küçəsində olan ünvana baxış keçirilmiş lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Suraxanı rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2024cü il tarixli cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1559/2023 saylı icra sənədinin icrası ilə əlaqədar olaraq bildirilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” qanununun 10-cu maddəsinin tələblərinə əsasən hüquq əldə edən və ya onun tərəfindən vəkil edilmiş şəxs ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdiyi təqdirdə icra sənədinin icrası məsələsinə qanuna müvafiq qaydada baxılacaqdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən Suraxanı rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1559/2023 saylı icra vərəqəsi əsasında "OPEL ASTRA" markalı **-TC-*** və "RENAULT MEGANE" markalı **-SC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərində 1/2 hissədə X1, 1/2 hissədə isə Şəxs payının müəyyən edilməsi barədə DİN Baş X11 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Şəxs tərəfindən Suraxanı rayon İcra şöbəsində verilən izahatın surətindən görünür ki, “həmin avtomobil satılıb, o pulla ev alınıb. Hal-hazırda işləmirəm. Həmin məbləği hər ay 100-150 manat olaraq ödəyə bilərəm və artıq bir neçə aydır ki, ödəyirəm. Himayəmdə olan 3 azyaşlı uşağa aliment ödəyirəm. Yaşlı valideynim var. Hər ay bacardığım qədər ödəyirəm. Ödənişdən boyun qaçırmıram. Heç bir yerdə işləmədiyimdən, əlavə gəlir yeri yeri olmadığından təyin olunmuş borcu bir dəfəyə ödəyə bilmirəm.” Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 234-cü maddəsinə əsasən Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1559/2023 saylı icra sənədinin icrasını tam təmin etməmişdir. Habelə, inzibati xəta haqqında protokol tərtib edilənədək borclu tərəfindən icra sənədinin icrasının tam təmin edilməsi üçün tədbir görülməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarın əmlak mənafeyini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, o cümlədən pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar