Məhkəmə qərarları › İş №3(010)-2128/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2128/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2128/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X9 qızının katibliyi, Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Vəkil2, Borclu Şəxs nümayəndəsi və vəkili Vəkil1 və vəkili Vəkil3, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X6 iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Xaçmaz rayonu, Sabiroba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs sədri X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda və protokola əlavədə göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3/2017 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs ünvan 2 ünvanda Şəxs MTK (209 saylı MTK) tərəfindən inşa edilmiş yaşayış binasının 3 otaqlı mənzili ilə təmin edilməlidir. Sözügedən icra sənədi üzrə xx.xx.2017-ci il tarixdə icraata başlanılaraq qərar və bildiriş borclu tərəfə göndərilmiş və könüllü icra üçün 10 gün müddətinə vaxt verilmişdir. Borclu Şəxs MTK (rəhbəri X3) xx.xx.2017-ci ıl tarixdə icra sənədi və qərar-bildirişlə şəxsən tanış olmuş və qəbul etmişdir. İcra sənədinin icrası ilə bağlı borcluya xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-cı il tarixdə, xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə inzibati məsuliyyətə cəlb olunacağı barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Sonuncu dəfə borclu Şəxs MTK (rəhbəri X3) xx.xx.2024-cü il tarixdə şöbəyə dəvət olunmuşdur. Borclu Şəxs MTK (rəhbəri X3) icra sənədində qeyd olunan ünvanda 3 otaqlı boş mənzilin olmadığını bildirmişdir. Lakin MTKya məxsus binada cəmi 22 ədəd 3 otaqlı mənzil olmuş və həmin mənzillər 22 nəfər MTK üzvlərinə verilmişdir. AR ƏMDK DƏDRX-dən alınmış çıxarışlardan da göründüyü kimi sözügedən 3 otaqlı mənzillər 2019-2021-ci illər ərzində digər vətəndaşlara çıxarışlar verilmişdr. Eyni zamanda 2016-cı ilin maliyyə arayışı əsasənda daha iki 3 otaqlı mənzil xx.xx.2019-cu il tarixli çıxarışla daha iki vətəndaşa mənzillər verilmişdir. Göründüyü kimi həmin mənzillərdən heç biri tələbkar Zərərçəkmiş şəxs təklif edilməmişdir. Nəticədə borclu sözügedən binada 22 ədəd üç otaqlı mənzil olduğu halda qərəzli olaraq tələbkarı mənzillə təmin etməmişdir. Borclu bugünə qədər də məhkəmə qərarının icrasını təmin etməmiş, nəticədə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, icra sənədi 2017-ci il tarixdə icraata daxil olmuş, qərar və bildiriş tərəflərə göndərilmiş, Şərafəddin Rzayev xx.xx.2017-ci ildə şəxsən qərar və bildirişlə tanış olmuş, qəbul etmişdir. Daha sonra MTK-nın rəhbərinə xəbərdarlıqlar, məlumatlar göndərilmişdir. 2024-cü ilin aprelində şöbəyə dəvət olunmuş, lakin gəlməmişdir. Bununla bağlı onun nümayəndələri ilə söhbətlər aparılmışdır. Həmin binada 22 ədəd üç otaqlı mənzil olmasına baxmayaraq, bu günə qədər tələbkar mənzillə təmin olunmamışdır. Təmin olunmamasının səbəbi kimi həmin binada boş üç otaqlı mənzilin olmaması, mənzillərin hər birinin öz sahibi olması bildirilmişdir. Əmlak məsələləri dövlət komitəsindən alınmış çıxarışlardan da görünür ki, 22 ədəd üç otaqlı mənzil olmuş, hər birinin öz sahibi var. Göstərilənlərə əsasən borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədinin izah olunması və möhlətlə bağlı dəfələrlə müraciət olunub. Sonuncu dəfə icra məmuru Rövşən Əliyevin hərəkətlərindən Suraxanı Rayon Məhkəməsinə müraciət olunmuşdur. Baxmayaraq ki, Bakı Apellyasiya Məhkəməsi icra sənədinin geri qaytarılması ilə bağlı icra məmurunun qərarını ləğv edir və icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı məktub göndərir. Lakin İcra şöbəsi həmin məktubu almış, lakin icra hərəkətlərinə davam etmir. Bundan sonra icra məmuru R.Əliyev qətnaməyə izah verilməsi ilə bağlı müraciət edir. Bakı Apellyasiya Məhkəməsi qərarında vurğulamışdır ki, bununla bağlı bir neçə dəfə müraciət olunmuş, məhkəmənin mövqeyi artıq aydındır, qətnməyə izah olunmalı hər hansı hal yoxdur. Bununla da aydın olur ki, 6-7 ilin icra sənədi icra məmuru tərəfindən icra olunmur. Borclu tərəf 2017-ci ilin əvvəlinə aid maliyyə arayışın göstərir, sonra aydın olur ki, 2019-cu il tarixli protokoldan çıxarış var. Bu gün MTK-nın möhürü, hər bir şeyi öz əlindədir. Maliyyə arayışı, prokoldan çıxarış və icra məmurunun sorğusu əsasında alınmış daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın tarixləri başqa vaxtlardır. Bakı Apellyasiya Məhkəməsinin sonuncu xx.xx.2024-cü il tarixli qərarı ilə Qətnaməyə izah verilməsi barədə icra şöbəsinin ərizəsi təmin edilməmiş, eyni zamanda icra məmuru tərəfindən ən qısa vaxtda hazırki icra sənədinin icrası və görülmüş icra tədbirlərinin nəticələri barədə məhkəməyə məlumat verilməsi göstərilmişdir. Borclu Şəxs vəkili Vəkil3 məhkəmə iclasında bildirmişdir ki, hesab edir ki, məhkəməyə təqdim olunmuş protokol qanunsuzdur və hüquqlarını müdafiə etdiyi şəxsin əməlində hər hansı inzibati xəta tərkibi yoxdur. İcra məmuru inzibati xəta haqqında işə baxılması barədə xx.xx.2024-cü il tarixli məktubu qanunla müəyyən edilmiş qaydada borcluya təqdim etməmişdir. Bununla bağlı İXM-nin 57.3-cü maddəsinin tələbləri pozulmuşdur. Digər pozuntu protokolun tarixi ilə bağlı şübhənin olmasıdır. Protokolun tarixi protokolun özündə xx.xx.2024-cü il göstərilmiş, lakin əlavə olunmuş xx.xx.2024-cü il tarixli aktda, yəni bir gün əvvəlki aktda inzibati xəta haqqında protokolun artıq tərtib olunduğu göstərilir. Bu da protokolun xx.xx.2024-cü il tarixdə tərtib olunması ilə bağlı ciddi şübhə yaradır və şübhə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll olunmalı məsələdir. Üçüncü pozuntu inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatının alınmamasıdır. İcra məmuru protokolda guya şəxsin izahatının alınması barədə məzmun ifadə edir, lakin özünün suallara cavabından da aydın oldu ki, həmin izahat 2018-ci ilə, 6 il əvvələ aiddir. 2022-ci il tarixdə verilmiş icra sənədi üzrə alınmış izahat deyil. Dördüncü pozuntu inzibati xətanın törədildiyi yer və vaxtın göstərilməməsidir. Beşinci pozuntu hüquqi şəxsin nümayəndəsinə protokol təqdim edilməməsidir. Protokolu tərtib etmiş icra məmurur həmin protokolun tərtib olunmasında səlahiyyətli şəxs deyildir. İcra işi qanunla müəyyən olunmuş qaydada qəbul olunmamışdır, icra məmuru tərəfindən icraata qəbul olunması barədə qərar mövcud deyildir. İcra məmuru səlahiyyəti olmadığı halda icra hərəkətlərini davam etdirmiş, əsassız protokol tərtib etmişdir. Digər məsələ icra hərəkətlərinin həyata keçirilməli olduğu yerdir. İcra haqqında qanunun 10-cu maddəsinin tələbinə görə borclu hüquqi şəxsdirsə icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Borclunun həm özünün, həm əmlakının olduğu yer Yasamal rayonudur. İcra edilməli olan hərəkətlər Yasamal rayonu ərazisidir. Lakin icra hərəkətləri aidiyyatı olmayan Suraxanı rayonu ərazisində həyata keçirilir ki, bu da qanunun tələblərinin pozulmasıdır. Bütün bu pozuntular olmamış olsa belə hüquqların müdafiə etdiyi şəxsin əməlində İXM-in 528.1-ci maddəsində göstərilən tərkib mövcud deyildir. İcra sənədini üzrsüz səbəbdən icra etməmə halı mövcud deyildir. MTK-nın səlahiyyətli nümayəndəsi izahatların da qeyd etmişdir ki, istər 2017-ci ildən, istər 2022-ci ildən sonra olmuş olsun, MTK-nın üç otaqlı mənzili mövcud olmamışdır. İcra sənədinin icrasından yayınmaq kimi borclunun niyyəti yoxdur. Bu səbəbdən borclunun əməlində icra sənədinin üzrsüz səbəbdən icra etməmə halı mövcud deyildir. Bununla bağlı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı vardır ki, icra sənədini üzrsüz səbədən icra etməmə halı təsdiqini tapmadığından, borclunun əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilmişdir. xx.xx.2018ci il tarixdən bu vaxta qədər MTK-nın əməlində icra sənədinin üzrsüz səbəbdən icra etməməyə dair məhkəməyə sübut təqdim olunmamışdır. Borclu Şəxs nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında bildirmişdir ki, inzibati xəta haqqında protokol tərtib olunarkən İXM-nin tələbləri kobud şəkildə pozulub. İnzibatı xəta üzrə tərtib edilmiş protokolda inzibati xətanın nə vaxt törədilməsi və icra məmurunun hansı tələblərinin yerinə yetirilməməsi, həmin tələblərin yerinə yetirilməsinin mümküm olub-olmaması göstərilməmişdir. İXM-nin 75-ci naddəsinə əsasən inzibati xətaya dair iş üzrə inzibati xəta hadisəsinin mövcud olub-olmaması, xətanın nə vaxt baş verməsi, həmçinin həmin xəta üzrə şəxsin təqsirinin olub-olmaması, habelə icraatı rədd edən halların olub-olmaması sübut edilməlidir. Bundan başqa vacib olan məsələ əməlin özünün İXM-in 528.1-ci maddəsinin təsiri altına düşüb-düşməməsidir. Düşürsə niyə düşür, düşmürsə niyə düşmür. Borclu şəxsin nümayəndələri olaraq hesab edirik ki, MTK-nın rəhbərinin əməli həmin maddənin təsiri altına düşmür. Həmin icra işi xx.xx.2017-ci il tarxdən etibarən Suraxanı rayonu icra şöbəsinin icraatındadır. İcra işi üzrə çoxsaylı icra təbdirləri görülmüşdür və müəyyən edilmişdir ki,məhkəmə qətnaməsi çıxarılan vaxtadək və həmin tarixdən sonra "xxxx" MTK-ya məxsus yaşayış binasında boş üç otaqlı mənzil olmamışdır və hal-hazırda da yoxdur. Bütün üç otaqlıl mənzillər MTK üzvləri tərəfindən 2012-2014-cü illərdə mənzillərin dəyəri onlar tərəfindən güzəştli şərtlərlə ödənilərək əldə edilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs da güzəştli şərtlərlə ödəniş edilməs təklif edilmişdir, lakin o, ödənişdən imtina etmişdir. Beləliklə,məhkəmə qətnaməsi çıxarılan vaxta qədər mənzil mövcud olmadığına görə Zərərçəkmiş şəxs 3 otaqlı mənzilin verilməsi mümkün olmamışdır. Yaşayış binası 2019-cu ildə İstismara qəbul edildiyinə görə payçılar həmin mənzillərə reyestrdən çıxarışlar da almışlar. Bununla bağlı icra şöbəsi tərəfindən DƏDRX sorğular verilmiş və cavab alınmışdır. Bundan əlavə, qeyd edilən yaşayış binasına 2024-cü ilin aprel aynda Yasamal rayonu icra şöbəsi tərəfindən baxış keçirilmiş,müvafiq akt tərtib edilmiş və binada boş üç otaqlı mənzillərin mövcud olmaması bir daha təsdiq edilmişdir. Belə bir vəziyyətdə inzibati xəta hadisəsi olmamış və Ş.Rzayevin əməlində inzibati xətanın əlamətləri yoxdur. Eyni fakt üzrə Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli inzibatı xəta haqqında qərarı mövcuddur. Həmin vaxt işə baxılaraq "xxxx" MTK-nın əməlində inzibati xəta tərkibi olmadığına görə işin icraatına xitam verilmişdir. Bu isə İXM-nin 53-cü maddəsi ilə nəzərdə tutulmuş inzibatı xəta haqqında icraatı rədd edən hallardan biridir. Həmin səbəbdən də "xxxx" MTK-nın sədri Ş.Rzayev barəsində olan inzibati işə həm də bu səbəbdən xitam verilməlidir. 261523/2017 nömrəli icra işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3/2017 saylı icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs ünvan 2 ünvanda Şəxs MTK (209 saylı MTK) tərəfindən inşa edilmiş yaşayış binasının 3 otaqlı mənzili ilə təmin edilməlidir; icraata başlama haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-3/2017 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borcluya göndərilmişdir; Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İcra məmurları A.Yusibov və E.Mirzəyev və hal şahidləri H.Namazov və P.Əliyev tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3/2017 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Şəxs MTK-nın rəhbəri Ş.Rzayevin xx.xx.2024-cü il tarixdə barəsində inzibati protokol tərtib olunacağı barədə xəbərdsar edilməsinə baxmayaraq, protokolun tərtib olunmasında iştirak etməmiş və hər hansı məlumat verməmişdir. Borclunun **********, **********, **********, ********** saylı telefonları ilə əlaqə saxlanılmışdır. İcra məmurları A.Yusibov və E.Mirzəyev və hal şahidləri H.Namazov və P.Əliyev tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin icra sənədinin icrası ilə bağlı borclu Şəxs MTK-nın rəhbəri X2 yaşadığı yeri müəyyən etmək məqsədi ilə ünvan 3 ünvanında olmuşlar. Ünvana baxış keçirərkən müəyyən olundu ki, borclu həmin ünvanda yaşamır. Suraxanı Rayon Məhkəməsinin 8(010)-124/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru R.Əliyev tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş icra sənədinin qaytarılması haqqında qərar ləğv edilmişdir. icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3/2017 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borcluya göndərilmişdir; Şəxs MTK-nın sədri Ş.N.Rzayevin icra şöbəsinə ünvanladığı 17 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs ünvan 5 ünvanda yerləşən yaşayış binasında 3 otaqlı mənzillə təmin edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra işi ilə əlaqədar bildirir ki, qeyd edilən binada mövcud olan bütün 3 otaqlı mənzillər məhkəmə qətnaməsi çıxarılanadək, yəni 2014-cü il tarixədək ayrı-ayrı şəxslərə onlar tərəfindən edilmiş ödənişlərə əsasən satılmışdır. MTK-ya məxsus binada cəmi 22 ədəd 3 otaqlı mənzil olmuş və 2014-cü ilədək həmin mənzillər 22 nəfər MTK üzvlərinə onların etdiyi ödənişlər üzrə verilmişdir. Qeyd edilən mənzillərin praktik olaraq hamısı üzrə onların sahibləri tərəfindən mülkiyyət sənədi olan Dövlət reyestrindən Çıxarışlar alınmışdır. Həmin 3 otaqlı mənzillərin sahibləri barədə olan siyahını və onlar tərəfindən könülü olaraq təqdim edilmiş bir sıra mülkiyyət sənədlərini sizə təqdim edir. Bəzi mənzil sahibləri isə reyestrdən çıxarışlarını təqdim etməkdən imtina etmişlər. Həmin səbəbddən onları təqdim edə bilmir. Yaşayış binasında bütün 3 otaqlı və digər mənzillərin məhkəmə qətnaməsi çıxarılanan xx.xx.2017-ci il tarixədək, yəni 2014-cü il ərzində satıldığı üçün Zərərçəkmiş şəxs barədə məhkəmə qətnaməsinin tərəfindən icra edilməsi mümkün sayılmır. Həmin qətnaməni praktik olaraq icra etmək mümkün deyildir. Bundan başqa, məhkəmənin qətnaməsi ilə Zərərçəkmiş şəxs həmin mənzilə görə hərhansı ödəniş etməməsi təsdiq edilmiş və onun hansı mərtəbədə, hansı nömrəli və hansı kv.m sahəli mənzillə təmin edilməli olması da qeyd edilməmişdir. Odur ki, göstərilənlərə əsasən "xxxx" MTK-ya məxsus olan yaşayış binasında Ş.Talıbovanın tələbinin yönəldilə biləcəyi əmlak, yəni boş 3 otaqlı mənzil mövcud olmadığına görə icra tədbirlərinin görülməsinin mümkün olmamasını nəzərə alınmasını xahiş etmişdir. Suraxanı Rayon İcra Şöbəsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavabdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 28P saylı binada dövlət reyestrində qeydiyyatdan keçmiş 20 ədəd mənzil barədə məlumat təqdim edilmişdir. "xxxx" MTK üzvlüyünə qəbul və mənzilin payçıya verilməsi barədə xx.xx.2019-cu il tarixli protokolundan xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, X1 üzvü qəbul olunmaqla, MTK-nın ünvan 7 ünvanında yerləşən kooperativ binasının 6 mərtəbə, sahəsi 99,5 kv.m. olan 3 otaqlı, 45 saylı mənzilin sahibi olması təsdiq edilmişdir. "xxxx" MTK üzvlüyünə qəbul və mənzilin payçıya verilməsi barədə xx.xx.2019-cu il tarixli protokolundan xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Heydərov çingiz Məmmədxan oğlu kooperativin üzvü qəbul olunmaqla, MTK-nın ünvan 7 ünvanında yerləşən kooperativ binasının 3 mərtəbə, sahəsi 99,5 kv.m. olan 3 otaqlı, 60 saylı mənzilin sahibi olması təsdiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3/2017 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru R.Əliyev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. İcraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3/2017 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borcluya göndərilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-03/2017 nömrəli xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 03/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsinə izah verilməsinə dair cavabdeh "xxxx" MTK (209 saylı MTK) tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3/2017 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-03/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsinə izah verilməsinə dair Suraxanı Rayon İcra Şöbəsi tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Eyni zamanda icra məmuru tərəfindən ən qısa vaxtda hazırki icra sənədinin icrası və görülmüş icra tədbirlərinin nəticələri barədə icra sənədini vermiş məhkəməyə məlumatın verilməsinin təmin edilməsi göstərilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-03/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli icra sənədi icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3/2017 saylı iş üzrə xx.xx.2022-ci il tarixli icra sənədi Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə göndərilmişdir. Yasamal Rayon İcra Şöbəsinin icra məmuru S.Allahverdiyev, iş üzrə borclu "xxxx" MTKnın etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, binanın komendantı N.Abdullayev tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3/2017 saylı iş üzrə xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 8 ünvanında olmuşlar, icra sənədində binanın ünvanı Ə.Əhmədov küçəsi 17 göstərilsə də, hazırda 28P saylı olduğu məlum olmuşdur. Binanın foto və video çəkilişi aparılmış, bunanın 4 girişli, 11 mərtəbəli, ümumi 110 mənzilli olduğu, mənzillərdən 22 ədədinin üç otaqlı olduğu məlum olmuşdur. Binada ümumiyyətlə boş mənzilin, yəni satılmamış olmadığı məlum olmuşdur. Bütün mənzillərin satıldığı bildirişmişdir. Binanın tikintisinin 2011-2013-cü illəri əhatə etdiyi bildirilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu xx.xx.1957-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X3 barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 234-cü maddəsinə əsasən Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın, borclunun nümayəndələrinin izahatları və 261523/2017 nömrəli icra işində olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-3/2017 nömrəli icra sənədinin icrasını təmin etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşılmasına dəlalət edir. Bununla da, borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclunun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Borclunun nümayəndələrinin məhkəmə iclasında əməldə inzibati xəta tərkibinin olmaması və digər göstərdikləri dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi qətnaməyə izah verilməsi barədə qərarlarında qeyd etmişdir ki, ...qanunvericliyin mənasına görə qətnaməyə izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və onun icrasıda yaranmış çətinliklə əlaqədar olur, hazırki işdə isə belə hallar yoxdur. Cavabdehin göstərdiyi qaydada izah vermə mümkün olunarsa, qətnamənin məzmunun dəyişməsinə şərait yaratmış olar. (xx.xx.2018ci il tarixli qəradad) ... iş üzrə icra sənədi xx.xx.2017-ci il tarixdə icraya yönədilmiş və icra məmurunu xx.xx.2017-ci il taririxli qərarı ilə icraata qəbul edilmişdir. Bununla da müəyyən olunur ki, həmin icra sənədinin icraya yönəldilməsindən 6 (altı) ildən artıq müddət keçməsinə baxmayaraq, hələ də icra olunmamışdır. Bu isə o deməkdir ki, icra məmuru tərəfindən "icra haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinin tələbləri dəfələrlə və kobud şəkildə pozulmuşdur. Bu baxımdan, Məhkəmə kollegiyası məhkəmə iclasında izahat verən tələbkarın vəkilinin icra sənədi üzrə borclunun aşkar şəkildə qərəzli olaraq icradan yayınması və icra məmurunun da bu məsələdə öz vəzifə borcuna etinasız yanaşması barədəki fikirlərini əsaslı hesab edir. Əks halda, necə ola bilərdi ki, qüvvədə olan məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədi 6 ildən artıq bir müddətdə icrasız qalmış, icra məmuru tərəfindən bu müddət ərzində qərəzli olaraq icradan yayınan borclu barəsində qanunla müəyyən olunmuş hər hansı zəruri tədbirlər görülməmişdir. ... Borclunun hazırkı icra sənədi üzrə icradan qərəzli olaraq yayınması faktı borclu “R.Ş.N" MTK-nın icra sənədi icraya yönəldiyi ilkin mərhələdə ərizə ilə məhkəməyə müraciət edərək tələbkarın mübahisəli ünvanda olan mənzillə ödənişli və ya ödənişsiz qaydada təmin edilməsi, qətnamənin icra şöbəsi və ya MTK tərəfindən mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilməsi və ödənilməməsi şərti ilə iddiaçıya verilməli olmasına dair qətnaməyə izah verilməsini xahiş etməsi və Bakı Apellyasiya Məhkəməsinin eyni nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə müəyyən olunur. Məhkəmə kollegiyası həmin qəradadı ilə borclunun ərizəsini rədd etməklə yanaşı, eyni zamanda da qeyd etmişdir ki, qətnaməyə izah verilməsi məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi, icrasında yaranmış çətinliklə əlaqədar olur, lakin hazırkı işdə belə hallar mövcud deyil, həmçinin izahla bağlı ərizədə göstərilənlər bilavasitə qətnamənin mübahisələndirilməsinə yönəlmişdir ki, bu əsasla da MTK-nın verdiyi kassasiya şikayətinə artıq Ali Məhkəmə tərəfindən münasibət bildirilmişdir. ... Göründüyü kimi, borclu ilk gündən icra sənədini icra etmək niyyətində olmamışdır. Təəssüf ki, icra sənədinin icrasını təmin etməli olan icra məmuru, borclunun bu aşkar olan davranışına qanunla onun üzərinə qoyulmuş vəzifələri icra etməklə, zəruri münasibət bildirməmiş, nəticədə də icra sənədinin icrası, həddən artıq uzun müddət təmin edilmədən qalmışdır... Kollegiya onu da xüsusi olaraq qeyd edir ki, hazırkı icra sənədinin icrası üzrə qanunla müəyyən olunmuş, eləcə də ağlabatan hesab oluna biləcək bütün müddətlər pozulduğundan, icra məmuru tərəfindən onun icrası ən qısa vaxtda təmin olunmalıdır. (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3/2017 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı) Belə olan halda, məhkəmə hesab edir ki, borclu İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarın əmlak mənafeyini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, o cümlədən pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs sədri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs sədri X3 Bakı şəhər Suraxanı rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar