Məhkəmə qərarları › İş №3(010)-2129/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2129/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2129/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X12 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Vüsal Əliyevin, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Bakı şəhəri, Hövsan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1167/2020 saylı icra sənədi ilə üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Vüsal Əliyev tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1167/2020 saylı icra sənədi üzrə borclu son ödənişi 2023-cü ilin dekabr ayında etmişdir. 2022-ci ildə borclunun barəsində axtarış verilmişdir. Sonra borclu şöbəyə gəlmiş, borclu və tələbkar arasında olan razılaşma əsasında borcun bir hissəsi silinmişdir. Razılaşmaya əsasən 1100 manat borc qalmış və cari aylarda ödəniş edilməli idi. Borclunun anası aliment ödənilməsini öhdəsinə götürmüşdür. Bundan sonra borclu bir neçə ay ödənişləri etmiş, ayda 100 manat ödəmişdir. Hal-hazırda 4 aydır heç bir ödəniş etməmişdir. Borclu icra şöbəsində verdiyi izahatında qeyd etmişdir ki, dekabrda ödənilən alimenti anasının pensiyasından ödəmişdir, iş qabiliyyəti yoxdur, xəstədir. Hal-hazırda borclunun 1780 manat aliment borcu vardır. Nəticədə tələbkar narazı qalmışdır, belə ki, tələbkar bildirir ki, o, borcluya güzəşt edir amma borclu uşağına baxmaq istəmir. Borclu bir neçə dəfə şöbəyə dəvət olunsa da, o, müxtəlif əsaslar gətirərək şöbəyə gəlməkdən yayınmışdır. Elektron portolda müəyyən edilən borclunun bütün iş yerlərinə alimentin əmək haqqından tutulmasına dair müraciət edilsə də, borclu işdən çıxdığından alimentin əmək haqqından tutulması həyata keçirilməmişdir. xx.xx.2024-cü il tarixdə onun barəsində axtarış qərarı polis idarəsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə axtarış işi açılmışdır. Ərazi üzrə polis bölməsi borcluya zəng edərək bölməyə yaxınlaşmasını təklif etmiş, o da icra şöbəsinə gəlmişdir, yəni faktiki olaraq axtarışda olmuşdur. İcra şöbəsinə gəldikdən sonra ona tələb və təklif olunmuşdur ki, heç olmasa 3-4 ayın borcunu ödəsin ki, barəsində protokol tərtib olunmasın. O isə bildirmişdir ki, nə bugün, nə də bir neçə gün ərzində borcu ödəyə bilməyəcək, özü xəstədir, böyrəyi çürüyür, pulu olsa dərman alar və özünü müalicə edər. Borclunun iki nikahı olmuşdur. Birinci nikahına dair iş də icra şöbəsinin icraatındadır, həmin nikahdan olan bir uşağa da alimenti 4 aydır ki ödəmir. Həmin iş üzrə borclu barəsində protokol tərtib olunmuş və inzibati qaydada həbs olunmuşdur. Bu iş üzrə isə borclu barəsində ilk dəfədir protokol tərtib olunur. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X6 izahatında göstərdi ki, özü işləmir, o və uşağı anasının yanında yaşayırlar. Anası yaşlı qadındır və onun pensiyası ilə uşağa baxır. O, bir dəfə borcluya şans vermiş, onun borcunun müəyyən hissəsinin silinməsinə razılaşmışdır. Hal-hazırda isə borclu aliment borcunu və hər ay ödəməli alimenti ödəmir, buna görə də borcludan şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, əvvəl turizm şirkətində avtobus sürücüsü işləyib, sonradan həmin şirkət bağlanmışdır. 4 aydır ki, böyrəyində xəstəlik olduğundan işləyə bilmir, bu səbəbdən 4 aydır ki, alimenti ödəyə bilmir. Hal-hazırda aliment borcunu ödəyə bilmir, 1-2 aya ödəyə bilər. Göstərilənlərə əsasən barəsində qanuni qərar çıxarılmasını xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, tələbkarın, icra məmurunun izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1167/2020 saylı icra sənədinin surətindən görünür ki, cavabdeh Şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməli; cavabdeh Şəxs 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməli; qətnamə alimentə aid hissədə dərhal icra edilməlidir; icraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1167/2020 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Suraxanı rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2020-ci il tarixli, "xxxx" MMC-yə ünvanlanan xx.xx.2021-ci il tarixli, "xxxx" MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubların surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1167/2020 saylı icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs yaranmış aliment borcu ödənilənədək borclunun əmək haqqından vergilər çıxıldıqdan sonra 70% miqdarında, borc ödənildikdən sonra isə icra sənədində göstərilən qaydada 170 manat aliment tutularaq tələbkar X2 bank hesabına köçürülməsini xahiş etmişdir. Borclunun axtarılması haqqında xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixli qərarların surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1167/2020 saylı icra sənədi üzrə borclu Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli Şəxs izahatından görünür ki, onun böyrəyində xəstəliyi olduğuna görə və işləmədiyindən alimenti ödəyə bilmir, sonuncu dəfə 2023-cü ilin dekabr ayında anası tərəfindən 100 manat ödənilmişdir. Alimenti onun yerinə anası pensiyasından hər ay 100 manat ödəmişdir amma hal-hazırda anası xərçəng xəstəliyinə görə ödəyə bilmir. Həmçinin o, birinci nikahdan olan uşağa görə də aliment ödəyir. Göstərdiyi səbəblərdən hal-hazırda ödəniş edə bilməyəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 234-cü maddəsinə əsasən Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-nin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın, borclunun izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş aliment öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 1167/2020 saylı saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs aliment borcunu məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 528.1-ci maddəsinin sanksiyasına görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarın əmlak mənafeyini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, o cümlədən pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Həmçinin, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 01 may 2024-cü il tarixdən saat 15:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar