Məhkəmə qərarları › İş №3(010)-214/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-214/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-214/2022 14.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra sənədi üzrə tələbkar X4 iştirakı ilə, Şəxs, xx.xx.1979-cu il tarixdə Əmircan qəsəbəsində anadan olmuş, subay, Ali təhsilli, həkim-kardioloq işləyən, Azərbaycan Respublikasının vətəndaşı, xxxxxxx ünvan 1 ünvanında yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 31 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin Böyük İcra məmuru X5 tərəfindən Şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 24 sentyabr 2019cu il tarixli, 2(010)-3005/2019 saylı qətnaməsinə dair icra vərəqəsini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(010)-3005/2019 saylı qətnaməsinə əsasən X4 03.08 2015-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. X1 uşağı məhkəmə qətnaməsində müəyyən edilən vaxtdan daha tez vaxtda götürür və daha gec qaytarır. Bundan başqa X6 uşağı götürməyə gələn zaman onu təhqir edir. Uşaq özü atası ilə görüşmək istəmir. Məhkəmə proseslərinin gedişatı dövründə X4 uşaqla görüşü təmin edilmişdir. Lakin tələbkar uşağı məhkəmə qətnaməsində qeyd edilən kimi saat 19:00-da deyil 20:00-da geri qaytarmışdır.Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X6 göstərdi ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(010)-3005/2019 saylı qətnaməsinə əsasən onun 03.08 2015-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Lakin Şəxs qərəzli şəkildə onun uşaq ilə görüşməyinə maneələr yaradır. O, 1 il müddətinə ümumiyyətlə uşağını görə bilməmişdir. Belə ki, o, övladını görmək üçün gedəndə Şəxs onu təhqir etməyə başlayır. Şəxs niyyəti uşağı ondan uzaqlaşdırmaqdır. Buna görə də o, icra məmuruna müraciət edərək müvafiq tədbir görməsini xahiş etmişdir. Məhkəmə proseslərinin gedişatı dövründə hər iki həftənin şənbə günü borclu tərəfindən onun uşaqla görüş hüququ təmin edimişdir. Uşağı Şəxs aparanda yolda tıxac yarandığı üçün 10 dəqiqə gec aparmışdır. Bu barədə icra məmuruna məlumat vermişdir. X2 borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. 31 yanvar 2022-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X5 göstərmişdir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-3005/2019 saylı 24.09.2019-cu il tarixli icra sənədinə əsasən X4 03.08.2015-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 12:00dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. İcra sənədi 04 noyabr 2019cu il tarixdə şöbəyə daxil olmuş və icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun yaşadığı ünvana göndərilmiş və borcluya icranı könüllü təmin etməsi təklif olunmuşdur. Borclu uşaqla görüşə problemlər yaradır və bu səbəbdən məhkəmə qətnaməsi düzgün şəkildə icra edilə bilmir. Borclu qətnamənin icrasına maneə yaratdığı üçün və çağırışlara gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(010)-3005/2019 saylı qətnaməsinə dair icra vərəqəsindən görünür ki, X4 03.08 2015-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin Böyük İcra məmuru X3 04 noyabr 2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(010)-3005/2019 saylı qətnaməsinə dair icra sənədi üzrə icraata 04 noyabr 2019-cu il tarixdə başlanılmış, borclu Şəxs icranı könüllü təmin etməsi təklif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki hal-hazırda Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(010)-3005/2019 saylı qətnaməsinə dair icra sənədinin icrasının təmin edildiyini qeyd etdikləri halda Şəxs əməlinin sözügedən icra sənədlərinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(010)-3005/2019 saylı qətnaməsi üzrə icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar